“Qubalı massivi”ndəki fermerlər: “Hektarlarla otlaq sahəsi əlimizdən alındı…”

Fotolar: Meydan TV

“İcra baçşısı bizi məhkəməyə verdi, məhkəmə də onun sifarişini yerinə yetirdi”

“5 ildir ki, 30-40 min baş qoyun, 2700 hektardan çox qış otlaq sahəsi, iri heyvan tövlələri, infrastruktur, bir sözlə, kəndlilərin əsas məşğuliyyəti olan heyvandarlıq məhv edilib. Aqropark yaratmaq adıyla əlimizdən alınmış otlaq sahələrində pambıq, taxıl əkdilər, məhsul götürə bilmədilər. Torpaqlar indi nə əkinə yarayır, nə otlaq sahəsinə… Əlimizdən alıb hasarlayıblar, qalıb istifadəsiz…”.

Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazisindəki “Qubalı massivi” adlanan qış otlaq sahəsi aqropark salınması adıyla fermerlərin əlindən alınıb. Bu barədə Meydan TV-yə ərazidə heyvandarlıqla məşğul olmuş və heyvandarlıq təsərrüfatı məhv edilmiş fermerlər danışıb. Onların sözlərinə görə, həmin ərazi Sovet vaxtı “Qarasu bataqlığı” kimi tanınıb. Keçmiş prezident Heydər Əliyevin tapşırığı ilə heyvandarlığın inkişaf etdirilməsi üçün hektarlarla ərazi qurudulub, qış otlaq sahəsi kimi kəndlilərin istifadəsinə verilib. Uzun illər imiş ki, 3 hektarlıq otlaq sahəsində təkcə Kürdəmirin yox, Ağsu və digər qonşu rayonlardan olan fermerlərin də təsərrüfatları yerləşirmiş.

Məsələn, fermerlik fəaliyyətiylə məşğul olmuş Həmid Qulamzadə deyir, 1992-ci ildə ailəsi 365 hektar otlaq sahəsi icarəyə götürüb. 1000 baş xırdabuynuzlu heyvanları olub. Üç iri tövlə, çobanlar üçün üç otaq və taxıl anbarları varmış. 5 il əvvəl hamısını itiriblər. Həmid Quluzadə heyvanları köçürməyə başqa yer tapmadığına görə hamısını dəyər-dəyməzinə satmalı olub:

“Heyvanlarımızı çoxaldırdıq, hər il ən azı 500 quzu satırdıq, bu da bugünkü qiymətlə hər il üçün 75 min manat qazanc deməkdir ki, bu qazanc əlimizdən çıxıb”.

Keçmiş fermerin sözlərinə görə, heyvandarlıq təsərrüfatları əllərindən çıxmış fermerlərə kompensasiya da ödənilməyib.

Həmid Qulamzadə deyir, qış otlaq sahəsində ayrı-ayrı fermerlərə məxsus olan ümumilikdə təqribən 30-40 min baş qoyun, mal-qara saxlanılırmış. Kürdəmir Rayon İcra Hakimiyyətindən Meydan TV-yə yalnız o bildirilib ki, həmin ərazilər vaxtilə fermerlərdən məhkəmə qaydasında geri alınıb və əkin işləri üçün uzunmüddətli olaraq “Azər Aqro” MMC-yə verilib.

Həmid Qulamzadə isə deyir, qış otlaq sahəsi fermerlərin əlindən məhkəmələrə təzyiq etməklə alınıb:

“Bəli, elədir, keçmiş icra başçısı, hazırda həbsdə olan Ceyhun Cəfərov bir gündə hamısını alt-üst elədi. Sahədə aqropark salınacağını deyib, heyvandarlıq təsərrüfatlarımızı dağıtdı. Bizi məhkəməyə verdi, məhkəmə də onun sifarişini yerinə yetirdi. Yuxarı məhkəmələr də birinci məhkəmənin qəraını qüvvədə saxladı. Beləcə, otlaq sahələri əlimizdən alındı. Heyvanlarımız ortalıqda qaldı. Məcbur olub hamısını dəyərindən ucuz satdıq. Bir sözlə, keçmiş başçı bir qərarıyla Kürdəmirdə və qonşu rayonlarda heyvandarlığın belini qırdı”.

Qış otlaq sahələri fermerlərin əlindən alınandan sonra statusu əkin sahələri statusuna çevrilib və icarə müqaviləsiylə “Azər Aqro” MMC-yə verilib. Ancaq şirkət qurudulmuş bataqlıqda nə pambıq əkə bilir, nə də taxıl…

“Subsidiyalar ayrıldı, gübrələnmə işləri aparıldı, ancaq heç nə bitmədi. Çünki qurudulmuş bataqlıq ərazisində taxıl, pambıq əkini üçün münbit torpaq ola bilməz”.

Hüquqşünas Namizəd Səfərov deyir, torpaqların hazırda faktiki istifadəsiz qalmasıyla bağlı fermerlər hökumətə müraciət etməli, komissiya yaradılmasını tələb etməlidilər. Komissiya torpaqlara baxış keçirib, faktiki istifadəsiz qalması barədə akt tərtib etməli, torpaqların təyinatının dəyişdirilməsi üçün məhkəməyə təqdim etməlidir:

“Ancaq bir məsələ var ki, bu torpaqlarda yaxın illərdə ot qatı yaranması mümkündürmü, bu, sual altındadır. Bunu artıq torpaq mütəxəssisləri deyə bilər. Mənim bildiyim qədər, Azərbaycanda belə korlanmış torpaqlar min hektarlarladır və belə torpaqların yenidən canlanması, ot qatıyla örtülməsi, otlaq sahəsinə çevrilməsi üçün azı 20-25 il gözləmək lazımdır”.

5 il əvvəl Kürdəmirdəki Şilyan massivində 6150 hektar sahədə “SM Aqro” MMC tərəfindən aqropark yaradılıb. Elə həmin il “Vüqar Fermer Təsərrüfatı” MMC tərəfindən Muradxan massivində 2500 hektar, “Azər Aqro” MMC tərəfindənsə Ərəbqubalı massivində 2800 hektar sahədə aqroparklar yaradılıb. Ancaq əkin işləri özünü tam doğrultmayıb.

Ana səhifəBölgə“Qubalı massivi”ndəki fermerlər: “Hektarlarla otlaq sahəsi əlimizdən alındı…”