Qubadlının Polşada saxlanılan keçmiş icra başçısı azadlığa buraxılıb

Elxan Nuriyev. Foto: “Facebook”

Elxan Nuriyevi qəsdən adam öldürməkdə ittiham olunurdu

Qubadlının keçmiş icra başçısı, Azərbaycan tərəfindən “İnterpol” xətti ilə axtarışa verilən Elxan Nuriyevin azad olunduğu bildirilir.

Bu barədə Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Meydan TV-yə danışıb.

O deyib ki, Elxan Nuriyev dekabrın 20-də Polşanın Przemysl Məhkəməsinin qərarı ilə azad olunub.

Elxan Nuriyev oktyabrın 2-də Polşada saxlanılıb.

Azərbaycan Baş Prokurorluğun yaydığı məlumatda Elxan Nuriyevi qəsdən adam öldürməkdə ittiham olunurdu.

“Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10 (təkrar adam öldürmə), 29,120.2.11 (quldurluq, terrorçuluq niyyətilə adam öldürməyə cəhd), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə cinayət işi başlanıb. Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib”, – deyə Baş Prokurorluq bildirmişdi.

Elxan Nuriyev 1992-93-cü illərdə Qubadlı rayonunun icra başçısı vəzifəsində çalışıb.

1993-cü ilin avqustunda vəzifədən azad ediləndən sonra Ukraynaya gedib və orada yaşayıb.

O, Petro Poroşenkonun prezidentliyi dövründə Ukrayna təhsil nazirinin müşaviri, Ukrayna Rektorların Attestasiya Komissiyasının sədri kimi vəzifələrdə çalışıb.

Prokurorluq Elxan Nuriyevin Azərbaycana ekstradisiya edilməsi üçün xarici ölkələrin aidiyyəti qurumlarına sorğu göndərib.

Ana səhifəSiyasətQubadlının Polşada saxlanılan keçmiş icra başçısı azadlığa buraxılıb