Mövlud Əliyev: “Mağazanın üstündən yüksək gərginlikli elektrik xətləri səliqəsiz formada keçir, onlardan biri qırılıb mağazanın üstünə düşmüşdü…”
Quba rayonunda yaşayan sahibkar Mövlüd Əliyev süründürməçilikdən gileylənir. Deyir, əvvəl aylarla istintaq orqanının qapılarında qalmışdı, indi də məhkəməyə gedib-gəlməkdən bezib.
Sahibkara 75 min manatdan artıq ziyan dəyib
2020-ci ilin dekabrında Qubada Mövlud Əliyevin icarə əsasında işlətdiyi ərzaq mağazasında yanğın olub. Nəticədə mağazanın özü də, içindəki məhsullar da kül olub. İstintaq zamanı aparılan hesablamalara görə, hadisə nəticəsində obyektə 18 min manatlıq ziyan dəyib. Bundan başqa, mağazanın içində olan malların yanmasına görə sahibkar Mövlud Əliyev və onun şəriki Elçin Orucov 75 min 935 manat ziyana düşüb.
Ekspert rəyinə əsasən, hadisə sözügedən mağazanın üstündən keçən elektrik naqillərindən birinin qırılıb tikilinin üstünə düşməsi nəticəsində baş verib. Rəydə vurğulanıb ki, “Azərişıq” ASC-nin Quba Elektrik Şəbəkəsinin vəzifəli şəxsləri vaxtaşırı texniki baxış və xidmətləri lazımi qaydada icra etmədiyinə görə naqil qırılıb.
Mövlud Əliyev deyir ki, mağazanı 2009-cu ildə icarəyə götürüb, o vaxtdan da Elçin Orucovla şərik işlədirlər. Həmin obyektin yanında 10-a yaxın başqa mağazalar da var.

“Duru yağlara görə yanğın sürətlə yayılıb”
Şikayətçinin sözlərinə görə, istintaq zamanı əvvəlcə günahı onların üzərinə atmağa cəhd göstəriblər. İddia olunub ki, yanğın mağaza daxilində qısaqapanma nəticəsində baş verib:
“Mağazada yanğın başlayan hissədə ümumiyyətlə, elektrik yuvacığı, elektrik xətti olmayıb. Mağazanın üstündən – iki metr məsafədə yüksək gərginlikli elektrik xətləri keçirdi. Çox səliqəsiz formadaydı. Hadisə vaxtı onlardan ikisi yerində idi, biri qırılıb mağazanın üstünə düşmüşdü”.
Sahibkarın sözlərinə görə, elektrik naqillərinə vaxtında baxış keçirilmirdi.
Hadisə günündən danışan Mövlud Əliyev bildirib ki, alver az olduğuna görə saat 16 radələrində satıcı mağazanı bağlayıb, evə gedib. Mağazadan çıxanda isə həmişəki kimi, elektrik avadanlıqları cərəyandan ayrılıb və başqa nəzarət olunmalı məsələlərə diqqət yetirilib. Axşam saat 20 radələrində evdə olanda mağazanın yandığını eşidiblər:
“Biz çatanda yanğınsöndürənlər gəlmişdi. Amma ətrafdakı mağazalar sıx yerləşdiyinə görə mağazaya yaxınlaşa bilməmişdilər. Mağazada yanğın başlayan yerdə duru yağlar olub. Buna görə yanğın sürətlə yayılıb. Həm də mağaza özü taxta və metal konstruksiyadan idi. Biz hadisə yerində olanda gördük ki, işıq idarəsinin işçiləri qırılıb düşən naqili tələsik bərpa eləməyə çalışır”.

Hadisə ilə əlaqədar öncə Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılıb. Araşdırma nəticəsində belə qənaətə gəliblər ki, hadisə Quba Elektrik Şəbəkəsinin vəzifəli şəxslərinin səhlənkarlığı üzündən baş verib. Səhlənkarlıq əməlinə görə istintaqı aparmaq səlahiyyəti prokurorluqdadır. Ona görə də iş materialları FHN-dən prokurorluğa göndərilib. Bundan sonra istintaq Quba Rayon Prokurorluğunda davam etdirilib.
“Bunun bir adı var – süründürməçilik”
Ardınca “Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Mövluq Əliyev məhkəmə prosesinin uzanmasından narazıdır. O iddia edir ki, proses qəsdən uzadılır. Onun sözlərinə görə, Quba Rayon Məhkəməsində bu iş üzrə artıq iki hakim dəyişib:
“Bu prosesin bir adı var – süründürməçilik. Əvvəl prokurorluq nə qədər yubatdı, indi də məhkəmə.
Məhkəmədə bir hakim baxdı, iş nə qədər uzandı. Hakim Samir Məmmədov bütün tərəfləri, şahidləri dindirdi, araşdırma apardı. Sonra hakim dəyişdi, indi işə Rahim Həsənov baxır. Bu hakim də bir daha lap əvvəldən başladı. Halbuki, əvvəlki araşdırmalar, məhkəmədə verilən ifadələrin hamısı protokollarda var. Bu hakim protokollarla tanış olub, qaldığı yerdən davam etdirə bilərdi. Amma yox, o adamları bir də çağırıb dindirir. Adamlar da gəlir, əvvəl danışdıqlarını bir də deyib gedirlər. Nəticədə proses uzanır. Nəzərə almırlar ki, bizə nə qədər ziyan dəyib, hər şey məhv olub”.
“O xətlərin altında tikinti aparmaq qanunsuz idi”
58 yaşlı Kamran Babayev özünü qismən təqsirli bildiyini deyib. 1990-cı ildən Quba Elektrik Şəbəkəsində müxtəlif vəzifələrdə işlədiyini, 2015-ci ildən isə baş mühəndis olduğunu deyən Babayevin sözlərinə görə, o, yanğın baş verən gün qəza xidmətilə birlikdə hadisə yerinə gedib:
“Məlum oldu ki, 30 il əvvəl tikilmiş, sovet dövründə “RAYPO” deyilən “Azərittifaq”ın balansında olan taxta və dəmir konstruksiyalı mağazalardan biri yanıb. Dərhal ərazidəki bir neçə mağazaya gedən elektrik xətləri enerji mənbəyindən ayrıldı. Yanğın söndürüləndən sonra mağazanın üstündən keçən, qırılmış yüksək gərginlikli xətt bərpa edildi. Mən düşündüm ki, həmin xəttin qırılması alovun təsirindən olub”.

Yanğının başvermə səbəblərinə gəlincə, Kamran Babayev belə deyib:
“Ola bilər ki, ekspertiza rəyində göstərildiyi kimidir. Amma mən hesab edirəm ki, mağazanın daxilindəki qısaqapanma nəticəsində olub”.
O, əlavə edib ki, tikililərin üstündən keçən elektrik xətti 1964-cü ildə çəkilib. Onun sözlərinə görə, bunu nəzərə alaraq, həmin xətlərin altında tikinti-quraşdırma işlərinin aparılması qanunsuz idi. Kamran Babayev vurğulayıb ki, elektrik xəttinə mütəmadi baxış keçirilib:
“Həmin ərazidə mağazalar tikildiyinə, piştaxtalar olduğuna görə xətti başqa yerə keçirmək mümkün deyildi”.