Qubad İbadoğlunun istintaqı çərçivəsində saxlanılan alimə 9 il həbs cəzası verildi

Fazil Qasımov. Foto: Meydan TV

Onunla birlikdə ittiham olunan Anar Əliyev isə 5 il həbs cəzası alıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) keçmiş sədri, iqtisadçı Qubad İbadoğlunun həbsindən sonra Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən və onunla eyni cinayət işi üzrə ittiham olunan İstanbul Universitetinin doktorantı Fazil Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla birlikdə ittiham olunan Anar Əliyev isə 5 il həbs cəzası alıb.

Hökm martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə oxunub.

Dövlət ittihamçısı Fazil Qasımovun 10 il müddətinə, Anar Əliyevin isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Fazil Qasımov iqtisadçı alim və siyasətçi Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham olunur.

1990-cı il təvəllüdlü Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir.

Anar Əliyevə qarşı isə həm saxta pul əldə etmə, həm də qanunsuz odlu silah saxlamaq ittihamı irəli sürülüb. O, özünü qismən təqsirli bilir.

Qubad İbadoğlu tutulduğu gün onun ofisindən 40 min dollar pul tapılıb, bunun da bir hissəsi saxta olub.

İttihama görə, saxta pulları da o, Türkiyədən gətirib.

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

İstintaq zamanı Anar Əliyev Qubad İbadoğlunun əleyhinə ifadə versə də, iqtisadçı bu şəxslə heç vaxt əlaqəsi olmadığını, onun yalan danışdığını bəyan edib.

Qubad İbadoğlu 2024-cü il aprelin 22-də həbsdən buraxılıb.

Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Ana səhifəSiyasətQubad İbadoğlunun istintaqı çərçivəsində saxlanılan alimə 9 il həbs cəzası verildi