“Hökumət belə ağıllıdırsa, niyə Bərdədə, Tərtərdə, Qəbələdə, Qusarda ağıllı kəndi yarada bilmədi?”
Prezident İlham Əliyevin mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartla
görüş
də “artıq işğaldan azad olunmuş şəhərlərin baş planları hazırlanmışdır və biz çox fəal fazadayıq” demişdi.
Lakin 4 gün sonra “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolatın “Şuşa və Ağdam şəhərlərinin baş planlarının hazırlanması istiqamətində ciddi işlər gedir”
açıqlaması
ictimaiyyətdə işğaldan azad olunan rayonların baş planları ilə bağlı yeni suallar ortaya çıxardı. Xüsusilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Şuşanın baş planının hazırlanması ilə əlaqədar tenderin qalibinin Böyük Britaniyanın “Chapman Taylor” şirkətinə 3,941 milyon manat ödənilməsi barədə məlumatından sonra mövzuya ictimai diqqət
artdı
.
Eyni zamanda, mayın 28-də dövlət başçısının iştirakıyla Ağdam rayonunun baş planının təqdimatı bu yöndə sualları gündəmə gəlib. Konkret olaraq, layihə ilə bağlı tenderin hansı meyarlarla keçirilməsi, hansı şirkətlərin qatılması ictimaiyyət üçün qapalı qalıb.
“Pullar ayrılır, bölüşdürülür, kimə gedir…”
İqtisadçı Qubad İbadoğlu bu barədə Meydan TV-yə açıqlamasında deyib ki, burada ən vacib məsələ şəffaflıq və hesabatlılığın tətbiqi ilə bağlıdır: “Əsas açıq və rəqabətli tenderlər vasitəsilə sifarişlərin verilməsidir. Biz hələ də bu barədə məlumatsızıq. Pullar ayrılır, bölüşdürülür, kimə gedir və hara nə qədər xərclənir haqda təfsilatlı məlumatlar yoxdur. Bəlli olan budur ki, bu il 2.2 milyard manat vəsair xərclənəcək”.
“Əgər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi varsa, niyə layihə üçün xarici şirkətlərə üz tutulur” sualına gəlincə, Qubad İbadoğlu düşünür ki, bütövlükdə işğaldan azad olunan rayonların baş planını hazırlayan təşkilat yerli olmalıdır: “Çünki layihənin hazırlanmasında bir sıra amillər nəzərə alınmalıdır, xüsusilə yaradıcı yanaşma olmalı, müasir tələblər, idarəçilik, infrastruktur, əhalinin demoqrafiyası, yaşayış şərtləri və ənənələri üstün götürülməklə baş plan işlənməlidir. Məncə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi özəl şirkətlər arasında müsabiqə də keçirə bilərdi, ən yaxşı baş planı təqdim edənlərə bu iş tapşırılardı. Bu baxımdan hesab etmirəm ki, Azərbaycanda bunu görmək qabiliyyətinə malik hər hansı təşkilat yoxdur”.
“Layihəyə baxdıqca sezirsən ki, əcnəbinin əl işidir”
İsveçdə yaşayan əslən ağdamlı jurnalist Vahid Qazi bildirib ki layihəni hazırlayanın azərbaycanlı olmadığı sezilir: “Bəlkə, baş planı Azərbaycan vətəndaşları ilə birgə işləyiblər, amma layihəyə baxdıqca, sezirsən ki, əcnəbinin əl işidir. Məsələn, daha çox müzakirə obyekti baş planda tramvay xəttinin olmasıdır. Avropada əksər şəhərlərdə tramvay var, çünki tramvay şəhərlərin atributudur, burada qeyri-adi heç nə yoxdur. Sadəcə, bizim şüurumuzda tramvay yalnız paytaxt Bakı başda olmaqla iri şəhərlərdə olub, artıq onlarda da yoxdur. Amma indi olursa, normaldır, ikinci, şəhərin içindən kanalın keçməsi də normaldır”.
Ağdamın baş planının təqdimatında iştirak edən Milli Məclisin deputatı Aqil Abbas baş planda tramvay xəttinin olmasına sosial şəbəkələrdə birmənalı yanaşılmamasını anlaşılmaz hesab edir:
“Müharibədən əvvəlki baş planı görmüşdüm, həmin sənədə əsasən 1987-ci ildə rayonda Politexnik İnstitutu və troleybus xətti açılmalıydı. O dövrdə Azərbaycanın 3 şəhərində troleybus xətti olub-Bakıda, Gəncədə və Sumqayıtda. Demək istəyirəm ki, o vaxtkı I katib Sadıq Murtuzayev trolleybus xəttini baş plana saldırmışdı. İndi onu dairəvi tramvay əvəz edəcək. Əgər biz yaşıl şəhər quracağıqsa, niyə yalnız qara tüstülü avtobuslardan istifadə etməliyik?”.
“Nə qədər ki Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmayıb, həmin şəhərlərin yenidən inşası rahatlıqla olmayacaq”
Qubad İbadoğlunun qənaətincə, baş planı hazırlayarkən nəzərə alınan məsələlər sırasında ilk növbədə əhalinin rahat və təhlükəsiz məskunlaşma məsələsi olmalıdır: “Təhlükəsizliyə gələndə, hələ Qarabağda Rusiya sülhməramlıları var, erməni silahlıları varsa, gərginlik davam edəcək. Ona görə də rayonlar insanların özlərinin ənənələrinə uyğun bərpa edilməsi daha məqsədəuyğun olardı, nəinki müasir dizaynlar əsasında konstruksiyalar qurmaq, oranı bir növ turistlər üçün gəzinti yerlərinə çevirmək, muzeylər və parklarla zənginləşdirmək düzgün deyil. Həm də çox xərc tələb edir və ayrılan vəsaitlərin heç biri də özünü doğrultmayacaq. Çünki dövlətin infrastrukturu bərpa etmək və əhalini məskunlaşdırmaq öhdəliyi var, əlavə olaraq da dövlətin xərcləri hesabına bunların yaranması perspektivdə iqtisadiyyatı zəiflədən amillərdəndir. Nəzərə alın ki, qeyri-məhsuldar, qeyri-kommersiya sektoruna kifayət qədər kifayət qədər vəsait gedəcək. Sonrakı dövrdə də onların saxlanılması xərclərini üstünə gəlsək, görün, hansı mənzərə yaranır. Baxın, son 10 ildə “Kristal Holl”, Olimpiya stadionu və digər muzeylər var ki, onların hər birinin saxlanılması büdcəyə əlavə yük gətirir. Təkcə Olimpiya stadionunda 70 işçiyə hər ay əməkhaqqı verilir, amma illərlə qapısı açılmır”.
Vahid Qazini də daha çox narahat edən məqam Xankəndində rus sülhməramlılarının qalmasıdır: “Hökumət Ağdamla bərabər digər azad olunan şəhərləri bərpa edir, amma Xankəndində erməni silahlı qüvvələri və sülhməramlıları qalırsa, təhlükə sovuşmayıb. Soyuq başla düşünəndə sual yaranır: Ağdam bərpa olunanda 5-10 kilometrliyində bu təhlükə qalırsa, necə olacaq? Bunu təsəvvür etmək çətindir, bəlkə, yeni nəsil üçün adi olacaq. Biz gərək mənfi tərəfin də düşünək, nə qədər ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmayıb, həmin şəhərlərin yenidən inşası rahatlıqla olmayacaq”.
“Hakimiyyətin yanaşması əhalinin kompakt olaraq maksimum məskunlaşdırmaqdır”
Qubad İbadoğlu hər bir rayona spesifik yanaşmaya ehtiyac olduğunu düşünür: “Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının əhalisinin yaşayış tərzinə, mədəniyyətinə, tarixinə uyğun olaraq bərpa olunsa, turizm üçün də fon yaradacaq. Amma indiki halda hamısına eyni qaydada yanaşma olsa, müasir dizaynlarla rayonları ağıllı kənd, şəhər adıyla bir-birinə oxşatsaq, təbii ki, ciddi şəkildə əhalinin də, turistlərin də marağı aşağı sala bilər”.
Onun fikrincə, Ağdamın baş planı ilə tanış olandan və bununla bağlı müzakirələrə baxandan sonra belə qənaət yaranır ki, hakimiyyətin yanaşması əhalini kompakt olaraq maksimum məskunlaşdırmaqdır: “Həm də rayonda kəndlərin sayı iki dəfədən çox azaldılacaq, işğaldan əvvəl 71 kənd olub, indi 33 kənd saxlanılıb. Beləliklə, əsas plan 33 kəndin ətrafında qurulacaq və ilkin islahatlar görə həyətyanı 18 sot torpaq veriləcək, bu, narahatlıq yaratmır. Amma məsələ ondadır ki, Ağdamda daha çox torpaq ayırmaq imkanları var, digər rayonlarda isə bu göstəricilər aşağı düşə bilər”.
“Ağdama gedənlər aqroparklarda işləyib ailəsini dolandırmaq məcburiyyətində qalacaqlar”
İqtisadçının sözlərinə görə, başqa narahatlıq odur ki, əvvəlcədən 10-50 hektarlıq 200 müasir, dövlət torpaqlarında isə 50-100 hektarlıq 50 müasir təsərrüfatları yaradılsın: “Görünən odur ki, orta və iri fermer təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Ümumiyyətlə, 1500, 3000, 4000 hektarlıqla bir neçə iri müasir təsərrüfatlar yaradılacaq və çox böyük ehtimalla aqroparklara veriləcək. Aqroparklar da hakim ailəyə və yüksək vəzifədə olanlara məxsusdur. Bu, onu göstərir ki, Ağdama gedənlər aqroparklarda işləyib ailəsini dolandırmaq məcburiyyətində qalacaqlar. Bu bölgüdən görünür ki, onların özlərinin təsərrüfat qurması imkanları məhdud olacaq. Ona görə bu yanaşmanın insanlarda narahatlıq yaratmasını təbii qəbul edirəm, çünki gedən adamın orda nə ilə məşğul olması bilinməlidir. Eyni zamanda, iş yerləri olmasa, orda yaşayış davamlı olmayacaq. Amma indiki yanaşmayla bəlli olur ki, həm kiçik ailə təsərrüfatları bazasında məşul olmaq imkanları məhdudlaşdırılır, bu isə sərbəst təsərrüfatçılığın inkişafına inamın az olduğunu göstərir. Çünki böyük aqroparklarla rəqabət apara bilməyəcəklər”.
“Əgər belə yanaşılsa, xərclər də artacaq, zaman da uzanacaq”
Qubad İbadoğlu qeyri-məhsuldar, qeyri-kommersiya sektorlarına daha çox pul xərclənməsini doğru saymır: “Görünür ki, heykəllər, parklar, mezeylər, süni göllər olacaq. Mən işğal muzeyinin yaradılmasının əleyhinə deyiləm. Hər şey açıq havada təbii şəkildə qalardısa, daha düzgün yanaşma olardı. Həm də muzeylərin saxlanması, xidmət xərcləri var, bunlar büdcə üçün əlavə yükdür və heç biri də qazanc verməyəcək. 18 hektar ərazilik muzey xərclərin böyük olacağını deməyə əsas verir. O baxımdan xərcləri rasionallaşdırmaq lazımdır. Əvvəla, işğaldan azad olunan digər rayonlarda da işlər görmək üçün böyük məsrəflər tələb olunur, ikinci, maliyyə potensialımız o qədər geniş deyil ki, qısa müddətdə həyata keçirək. Əgər belə yanaşılsa, xərclər də artacaq, zaman da uzanacaq. Nəticədə əhalinin məskunlaşması prosesini ləngidəcək, illər çəkəcək, bu cür yanaşmayla 10 il də bəs etməz. Ən əsası təbiilikdən çox sünilik var. İnsanlara da imkan verilməlidir ki, evlərini əvvəlki formada bərpa edə bilsinlər. Görünür, olmayacaq və eyni qayda başqa rayonlara da tətbiq ediləcək”.
“Ağdamın koloriti, memarlığı və simvolları saxlanılıb, ərazi də böyüdülüb”
Aqil Abbas layihədən razı qaldığını deyir: “Mən möhtərəm prezidentə dedim ki, əgər Ağdam işğal altında olmasaydı, bu layihə əsasında bir şəhər tikmək olardı. Ağdam vaxtilə Azərbaycanın ən gözəl şəhəri olub, rayon camaatı da tikib-quran idi. Təəssüf ki, işğal istəklərimizi reallaşdırmağa imkan vermədi. Layihədə göstərilənlər isə həmin ağdamlıların arzusudur. Nəzərə alın ki, Ağdamın koloriti, memarlığı və simvolları saxlanılıb, ərazi də böyüdülüb və 100 minlik bir şəhər tikiləcək”.
Onun sözlərinə görə, işğaldan əvvəl rayonun əhalisi kəndlərlə birgə 60 min adam idi: “Yeni baş planda həmin kəndlər də Ağdama birləşdirilir, beləliklə, 60 minlik əvvəlki rayon 100 minlik şəhərə çevrilir. Layihədə universitetlərin açılması, stadionun tikilməsi, şəhərin içindən çayın keçilməsi yer alıb. Əvvəl belə şey yox idi, çünki su qıtlığı olduğundan şəhərin içindən çay keçməyib. Rayonun kənarında bir kanal vardı, uşaqlar ora üzməyi öyrənmək üçün gedirdi. Bundan əlavə şəhərin 4 tərəfində 125 hektarlıq yerdə bağ salınacaq, elə orda da yerli əhali və turistlər üçün çayxana, yeməkxana, hotel, əyləncə mərkəzlər olacaq”.
“Heç olmasa, 40 il əvvəlki şəhərin 10-15 tikilisi bərpa olunsun”
Vahid Qazi onun yaşda olan adamların yeni baş plana ikili hisslərlə yanaşdığı qənaətindədir: “Məsələyə emosiyalar soyuyandan sonra münasibət bildirmək lazımdır. Mən hazırda həmin vəziyyətdəyəm. Bəli, ilk dəfə baş plana baxanda, təqdimatı izləyəndə deyingənliyim tutmuşdu, suallar da çox idi. Amma övladlarım üstümə gəldi ki, dünənə qədər şəhərin azad olunandan sonra necə tikiləcəyi haqda danışırdın, indi artıq azaddır, qoy, tiksinlər, hər halda xarabalıqdan yaxşıdırmı?! Öz övladlarım olsa da, yeni nəsil məndən fərqli olaraq rasional düşünür, mən emosional yanaşıram. Məsələ ondadır ki, yeni Ağdamda yeni nəsil yaşayacaq, amma biz də rahat yaşamaq istəyirik, ona görə istəyimiz odur ki, heç olmasa, 40 il əvvəlki şəhərin 10-15 tikilisi bərpa olunsun. Məsələn, II Dünya müharibəsindən sonra Varşavanın mərkəzi hissəsi olduğu kimi tikildi, hətta binaların rənginə qədər bərpa edildi. Mən də insanların xatirəsi üçün “Çay evi”nin, “Çörək muzeyi”nin, kinotear, poçt idarəsinin bərpa olunmasını istərdim. Əlbəttə ki, şəhərin müharibədən əvvəlki şəkildə bərpa ediləcəyi real görünmür, heç lazım da deyil. Çünki söhbət müasir şəhərsalma qaydalarından gedirsə, yeni tələblər var və layihə də yeni nəsil yaşacağı Ağdam olacaq”.
Aqil Abbas sovet dövründəki məşhur “Çay evi”nin bərpasının hələ sual altında olduğunu bildirib: “Belə bir fikir var ki, həmin çay evini müharibə muzeyi kimi saxlasınlar, amma yenisi tikiləcək”.
“Avtomobil bazarı açıla bilər, çünki Ağdamda bunun bazası olub”
Vahid Qazi Ağdamda çoxmərtəbəli binaların az olduğunu, bir neçə beşmərtəbəli bina tikildiyini xatırlayıb: “Əksəriyyətin həyətyanı sahəsi vardı, məsələn, bizim həyətimiz 8 sot idi. Məni daha çox insanların əmlak və əmək hüquqlarının necə bərpa olunması narahat edir. Ölkənin başqa şəhərlərin bu hüquqların necə qorunduğu hamıya bəllidir. Yeni şəhərdə yenə köhnə qaydalarla idarəetmə olacaq, bax, bu sual açıq qalır. Əlbəttə, həyətyanı sahələrin 18 sot olması yaxşıdır, ədalətli mühit yaranarsa, mən Ağdama qayıdaram. “Dostluq” kinoteatrının arxasındakı bağı mənə versinlər, orda bağban da işləməyə razıyam”.
Vahid Qazi bir çox kəndlərin yenidən əvvəllər olduğu kimi bərpasını mümkünsüz sayır: “Ona görə yeni qəsəbələrin salınması, yaxud kəndlərin birləşdirilməsi məqsədəuyğundur, amma köhnə adlar qalmaqla”.
O, Ağdamın dağətəyi rayon olduğunu vurğulayaraq deyib ki, bu rayon Qarabağın digər bölgələrinə turizm üçün qapıdır: “Əlbəttə, Xankəndidə Azərbaycanın suverenliyi bərpa olunsaydı, ağdamlıları ora köçürüb, Ağdamın yerində sənaye, biznes mərkəzi yaratmaq olardı, Dubay, Nyu-York kimi. Ağdamda turizm kimi Şahbulaq və bir neçə yer ola bilər. Amma Ağdam coğrafi baxımdan əlverişli məkanda olduğundan orda sənaye obyektləri üçün münbit şərait var. Baxın, Ağdam-Füzuli, Ağdam-Şuşa və Ağdam-Kəlbəcər yolları var, bu, rayonun coğrafi nöqteyi-nəzərdən hər yerə çıxış imkanlarının olduğunun göstərcisidir. Ona görə əgər ciddi yanaşılsa, sənaye obyektləri yaradıla bilər. Misal üçün, avtomobil bazarı açıla bilər, çünki Ağdamda bunun bazası olub. Əgər qatar yolları açılarsa, kommunikasiya xətləri deyilən kimi bərpa olunarsa, mümkündür. Rəhmətlik sabiq I katib Sadıq Murtuzayev deyirdi ki, Ağdamda elə yerlər var ki, artıq suvarmaya ehtiyac olmadan taxıl əkmək olar, dəmyə torpaqları deyirlər. Məncə, pambıqdan çox taxılçılığa üstünlük verilsə, yaxşı olar. İkinci, taxılçılıq, Ağdam çaxırı sovet dövründə tanınırdı”.
Aqil Abbas narahatlıq yaradan əsas məqamlardan biri kimi salınacaq rayonda iş yerlərini ehtiva edən sənaye və ticarət obyektlərinin olması barədə suala belə cavab verib: “Əvvəla, dövlət başçısı 200 hektarlıq Sənaye parkının özülünü qoydu, bu, minlərlə ağdamlı üçün iş yeridir. Sovet dövründə də Ağdamda şərab, şampan, şirə zavodları olub ki, bunlar da gələcək üçün nəzərdə tutulub. Mənim xarakterimə bələdsiz, nəsə razı salmasa, fikrimi bildirərdim. Təqdimatdan əvvəl də layihəyə bir neçə dəfə baxmışam, bəlkə, 1 saat tək oturub baxdım ki, rayonun simvolları qalıbmı?! Sonra möhtərəm prezidentlə birgə Ruslan Sadıqov təqdim etdi”.
“Korrupsiyaya bulaşmış kadrlarla ağıllı kənd yaratmaq qeyri-mümkündür”
Vahid Qazi isə hesab edir ki, “ağıllı şəhər” və yaxud “ağıllı kənd”in perspektivini görmək üçün Azərbaycanın başqa bölgələrinə baxmaq kifayətdir: “30 ildə işğal altında olmayan rayon və şəhərlərdə fərqli nəsə oldumu? Əgər indiki hökumət belə ağıllıdırsa, niyə Bərdədə, Tərtərdə, Qəbələdə, Qusarda ağıllı kəndi yarada bilmədi? Regionların inkişafı ilə bağlı proqramlar milyonlarla vəsait ayrıldı, onların hesabına ağıllı kəndlər, qəsəbələr salmaq olmazdımı?! Hökumət bu barədə çox danışır, amma əməl yoxdur, korrupsiyaya bulaşmış kadrlarla ağıllı kənd yaratmaq qeyri-mümkündür. 10 il əvvəl Bakıda dayanacaqlarda elektron lövhələr var idi, onların sonu hamıya məlumdur”.