“Hesab edirəm ki, bu proqramın maliyyələşdirilməsinə ayrılan vəsait neft gəlirlərinin xərcləndiyi səmərəli istiqamət olaraq öz töhfəsini bundan sonra da verə bilər”
“Xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramının müddəti 2020-ci ilədək uzadılsın. Çünki bu proqram çərçivəsində 2007-2015-ci illərdə 5000 azərbaycanlı gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulsa da, builki müsabiqə də nəzərə alınmaqla onların sayı 3500 nəfəri ötməyəcək”. Bunu öz Facebook səhifəsində iqtisadçı Qubad İbadoğlu yazıb.
İqtisadçının fikrincə, Dövlət Proqramı hələ hədəfinə çatmayıb: “Dövlət Neft Fondunun açıqladığı məlumata görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi çərşivəsində 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişlərinə əsasən ayrılmış ümumilikdə 33,5 milyon manat vəsaitin 16,5 milyon manatı yaşayış, 15,2 milyon manatı təhsil, təqribən 1 milyon manatı yol, 0,5 milyon manatı tibbi sığorta, 0,3 milyon manatı viza və qeydiyyat və digər xərclərin ödənilməsinə yönəldilib. 2008-2014-cü illər ərzində Dövlət Neft Fondu tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 121,3 milyon manat məbləğində vəsait ayrılıb. 31 dekabr 2014-cü il tarixinə Neft Fondunun vəsaiti hesabına xaricdə təhsili
maliyyələşdirilmiş tələbələrin ümumi sayı 2867 nəfər təşkil edib. Bu, o deməkdir ki, 1 tələbənin xaricdə təhsil alması üçün 42309 manat vəsait xərclənib.
Dövlət Proqramı çərçivəsində təhsili maliyyələşdirilən tələbələrin ölkələr üzrə siyahısına 803 tələbə ilə Böyük Britaniya başçılıq edir. Sonrakı yerləri 681 nəfərlə Türkiyə, 395 nəfərlə Almaniya, 214 nəfərlə Kanada, 137 nəfərlə Niderland Krallığı, 115 nəfərlə Rusiya, 97 nəfərlə İsveçrə, 95 nəfərlə Fransa, 85 nəfərlə ABŞ tutur.İlk onluğu 63 nəfərlə Avstraliya tamamlayır. Bu il bu proqram üzrə sonuncu müsabiqə elan olunub. Bu proqram çərçivəsində 2007-2015-ci illərdə 5000 Azərbaycanlı gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulsa da, builki müsabiqə də nəzərə alınmaqla onların sayı 3500 nəfəri ötməyəcək. Odur ki, həm proqramın qarşısına qoyduğu hədəfinə çatmadığını, eləcə də onun müddətinin bu il başa çatdığını əsas götürərərək, onun son müddətinin 2020-ci ilədək uzadılmasını təklif edirəm. Hesab edirəm ki, bu proqramın maliyyələşdirilməsinə ayrılan vəsait neft gəlirlərinin xərcləndiyi səmərəli istiqamət olaraq öz töhfəsini bundan sonra da verə bilər. Təbii ki, müsabiqələrin şəffaflığı təmin edilərsə, eləcə də proqramın hesabatlılığı artarsa, bu töhfə daha da çoxala bilər. Yeri gəlmişkən, bu proqramın monitorinqini aparan təşkilatın nümayəndəsi olaraq, onu da qeyd edim ki, son illər xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramının reallaşmasında müsbət dəyişikliklər müşahidə olunsa da, bu proqramın təkmilləşməsi potensialı hələ də yüksəkdir”.