Qubad İbadoğlu: Ümumi vergi amnistiyası elan olunmalıdır

”Yoxsa, vergi öhdəliklərini yerinə yetirmədən bağlanaraq ”izi” itirilən şirkətləri də aşkarlamaq mümkün olmayacaq”

Source:
Qubad İbadoğlu


”Yoxsa, vergi öhdəliklərini yerinə yetirmədən bağlanaraq ”izi” itirilən şirkətləri də aşkarlamaq mümkün olmayacaq”

Avqustun 4-də prezident İlham Əliyev “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam imzaladı. Bu sərəncamla Vergilər Nazirliyi, Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə müvafiq göstərişlər də verildi.

Vergilər Nazirliyinin qarşısına üç ay müddətində bu istiqamətləri nəzərə almaqla vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlama, yoxlamalar üzrə inzibatçılığını sadələşdirmək və təkmilləşdirmək, habelə, aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etmək, nümunəvi və intizamsız vergi ödəyiciləri ilə bağlı məlumatları ictimailəşdirmək, vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təması minimuma endirmək, vergi ödəyicilərinə göstərilən xidmətləri daha da təkmilləşdirmək, vergi nəzarətinin keyfiyyətini artırmaq və nəzarət tədbirlərində şəffaflığı təmin etmək, vergi ödəyicilərini risk meyarları üzrə qruplaşdırmaq, vergi bəyannamələrinin formalarını təkmilləşdirmək kimi vəzifələr qoyuldu.

Azərbaycan Respublikasının Nazirlər Kabineti normativ hüquqi aktları üç ay ərzində bu sərəncama uyğunlaşdırmalı, Ədliyyə Nazirliyi vergi borclarının alınması ilə bağlı icra olunmayan məhkəmə qərarlarının icrası məqsədilə çevik mexanizmlər müəyyən etməli idi. Bundan başqa, mərkəzi icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları da bu sərəncama uyğunlaşdırılmalı idi.

Sərəncamı Facebook səhifəsində şərh edən iqtisadçı Qubad İbadoğlu yazıb ki, 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların 21 istiqaməti müəyyən olunub. İqtisadçı qeyd edib ki, onlar arasına rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatının hazırladığı və hökümətə təqdim etdiyi “İqtisadiyyatda böhran əleyhinə əsas və təxirəsalınmaz Tədbirlər Paketi”nin vergi-tarif və fiskal islahatlar bölməsində təklif olunan tövsiyyələr də salınıb: “Bu və digər tərəfədn təqdir olunan yeni istiqamətlər proqressiv görünsə də, onların bir-birilə uzlaşdırılması və əlaqələndirilmiş formada tətbiq olunması üçün bu istiqamətdə müzakirələr davam etdirilməlidir. Xüsusilə də, hesabatlıq və şəffaflıq sahəsində müzakirələrə töhfə vermək üçün vergi ödəyicilərinin ödənişləri haqqında məlumatların əlçatanlığının təmin olunması çox vacibdir. Bunun üçün müvafiq qanunvericilikdə dəyişikliklər olunmalıdır. Bu, vergi uçotu və şəffaflığı sahəsində həlli vacib olan məsələlərdən birincisidir. Yoxsa, nümunəvi və intizamsız vergi ödəyiciləri ilə bağlı məlumatları, qısa müddətdə fəaliyyət göstərən, vergi öhdəliklərini yerinə yetirmədən bağlanaraq “izi” itirilən şirkətləri də aşkarlamaq mümkün olmayacaq. Hər bir vətəndaş üçün istehlakçısı olduğu şirkətin dövlət büdcəsinə töhfəsi barədə məlumata əlçatanlığın təmin olunması hazırkı şəraitdə xüsusilə əhəmiyyət kəsb edir. Odur ki, ilk növbədə bu istiqamətdə dəyişikliklərə start verilməli vergi çempionatının qalibləri barədə məlumatlar dərc olunmalıdır”.

İqtisadçı hesab edir ki, bu islahatların həyata keçirilməsi üçün ümumi vergi amnistiyası elan olunmalıdır: “Çünki indiyə qədər çoxsaylı vergi ödəyiciləri qanunsuz və əsassız cərimələrlə yüklənib, sanksiyalardan əziyyət çəkir. Başa çatmış bir çox yoxlamalarda nəinki vergi ödəyicilərinin iştirakı təmin olunub, hətta bəzi hallarda onlara vergi yoxlamalarının aktları belə təqdim olunmayıb”.

“Vergi qanunvericiliyinə əməl olunması istiqamətində ən vacib institut olan məhkəmələrin müstəqilliyinin təminatı da çox vacibdir. Bunun üçün həm də vergi ödəyicilərinin hüquqlarının artırılması sahəsində də dəyişikliklər edilməlidir”,- deyə Q.İbadoğlu bildirib.

Ana səhifəAnalitikaQubad İbadoğlu: Ümumi vergi amnistiyası elan olunmalıdır