İqtisadçı yeni təkliflər hazırlayıb
“Azərbaycanda təhsilin bütün mərhələlərində verilən dövlət təqaüdləri 14-25 faiz arası artırılır. Bu artımdan 110 min tələbə yararlanacaq”.
Təhsil naziri
Ceyhun Bayramov
təqaüdlərin artırılması ilə bağlı danışarkən bildirib.Təqaüdlərin artımı isə martın 1-dən həyata keçiriləcək.
Bu dəyişikliklə təqaüd alan tələblərin sayı 16 min nəfər artırılıb. Amma gələcəkdə həm dövlət sifarişləri, həm də təqaüd alan tələblərin sayının daha da artırılması planlaşdırılır.
Ali məktəb tələbələri üçün
Prezident
təqaüdünün məbləği də artırılıb. Prezident İlham Əliyev fevralın 14-də “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana görə, təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə li məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 manat müəyyən edilib.
İqtisadçı Qubad İbadoğlu dəyişiklikləri təqdir edir. Deyir, özü bəzi hesablamalar da edib. Hökumət dəyişikliyi tətbiq edərkən bunları da nəzərə alsa, yaxşı olar:
“Hesablamalara görə, bu məqsədlə dövlət büdcəsindən 25 milyon manat (xarici borclara görə büdcədən bu il ərzindən nəzərdə tutulan vəsaitin 12 faizi və yaxud sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsinə ayrılan vəsaitin 9 faizi qədər) vəsait ayrılacaq. Əslində bu müqayisələri aparmaqla demək istərdim ki, əgər büdcə vəsaitləri düzgün bölüşdürülərsə, Azərbaycan mənasız beynəlxalq tədbirlərə ev sahibliyi etməzsə, eyni zamanda, dövlət qurumlarının səmərəsiz istifadə etdiyi dövlət təminatlı xarici kreditlərə ödəniş öhdəliyi büdcənin üzərinə qoyulmazsa, tələbələrin təqaüdlərini 20 faiz deyil, 50 faiz də artırmaq olardı”.
Q. İbadoğlu deyir ki, 20 faiz artım yetərli deyil. Belə ki, artımdan sonra ən yuxarı akademik göstəricilərə malik olan tələbələr 130 manat təqaüd alacaq. Bu, o deməkdir ki, orta təqaüd yenə 90 manatdan aşağı olacaq:
“Bu il üçün ölkədə yaşayış minimumun 180 manat təsdiq ediliyini nəzərə alsaq, bu vəsait hətta minimum ehtiyacların yarısını belə ödəməyəcək”.
İqtisadçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə bəzi təkliflər edir:
1)
Minimum yaşayış səbəti yalnız ölkə üzrə deyil, rayonlar üzrə də hesablansın və tələbələrin təqaüdü minimum yaşayış səbətinə çatdırılsın. Regionlar üzrə fərqləndirilsin. Nəzərə almaq lazımdır ki, Zaqatalada mənzil kirayəsi ilə Bakıdakı mənzil kirayəsi haqları və ərzaq qiymətləri eyni deyil.
2)
Tələbələrin təqaüdlə təminat səviyyəsi hazırkı 45 faizdən yaxın 3 il ərzində 75 faizə çatdırılsın. Hər dörd tələbədən üçünə təqaüd almaq şansı verilsin.
3)
Tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Təhsil Nazirliyindən və universitetlərin ödənişli təhsildən aldığı vəsaitlər hesabına yaradılan Fonddan adlı (rektor, prorektor, dekan) təqaüdləri verilsin.
4)
Ayrı-ayrı dövlət orqanlarının xüsusi vəsaitləri hesabına onların dövlət siyasətini həyata keçirdiyi sahələr üzrə təqaüdlər ayrılsın. Məsələn, Mərkəzi Bank (bank ixtisasi üzrə təhsil alan tələbələrə), Maliyyə Nazirliyi (maliyyə ixtisasi üzrə təhsil alan tələbələrə), Kənd Təsərrüfatı Nazirliyi (aqrar ixtisas üzrə təhsil alan tələbələrə), Ədliyyə Nazirliyi (hüquq ixtisası üzrə təhsil alan tələbələrə), Mədəniyyət Nazirliyi (mədəniyyət və incəsənət ixtisasi üzrə təhsil alan tələbələrə) və s. təqaüdlər təsis etsin. Bu prosesə özəl şirkətlər də qoşulsun.
5)
Tələbələrin yaşayış xərclərini azaltmaq üçün onların yataqxana təminatı üçün dövlət büdcəsinin investisiya xərclərindən vəsait ayrılsın və tələbələr üçün Dərnəgül qəsəbəsində, Yasamalda ümumi yaşayış kompleksi tikilsin. Həmin ərazidə məskunlaşan məcburi köçkünlər isə yeni yaşayış massivlərinə köçürülsün.
6)
Doktorluq proqramda təhsil alan tələbələrə yerli akademik rəhbərlə yanaşı, xarici akademik rəhbər götürmək hüququ verilsin. Xarici akademik rəhbərin doktorantlarla işləməsi və doktorantların xarici akademik rəhbərin təmsil etdiyi Universitetdə yay təcrübə (internship) proqramlarında iştirak üçün büdcədən Təhsil Nazirliyinə əlavə vəsait ayrılsın.
7)
2019-2020-ci təhsil ilində dünyanın ilk 100-də yer alan universitetlərin bakalavr, magistr və doktorluq proqramlarına qəbul olunan bütün tələbələrin təhsil haqlarının ödənilməsi dövlət büdcəsindən həyata keçirilsin.
Qubad İbadoğlu deyir ki, artımdan 600-ə yaxın doktorant və 110 mindən artıq tələbə bəhrələnəcək. Təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti hazırkı 31 faizdən 45 faizə çatdırılacaq.