Qubad İbadoğlu: Subsidiya artırıldı, bəs su təminatı necə artırılacaq?

”Şəkər ixracatından əldə edilən gəlirlər 3,5 dəfəyədək azalıb”

Source:


”Şəkər ixracatından əldə edilən gəlirlər 3,5 dəfəyədək azalıb”

“Birdən- birə şəkər çuğunduru istehsal sahəsini 2 dəfədən çox artırmağa qərar verənlər onun su təminatı barədə düşünüblərmi?”, – deyə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu sual edir.

İqtisadçı prezidentin çuğundur becərənlərlə bağlı sonuncu fərmanını şərh edib. Bildirib ki, şəkər çuğunduru su sevən bitkidir. Onun normal bоy аtmаsı üçün tоrpаğın оptimаl nəmliyi 60-70 faiz оlmаlıdır. Bitki çохlu üzvü mаddələrlə zəngin kütlə əmələ gətirdiyindən tоrpаqdа rütubətin оlmаsınа tələbkаrdır. Kökü mеyvəsinin çəkisi 400-500 qram оlаn bitki vеgеtаsiyа müddətində trаnspirаtsiyа üçün 30-35 litr su sərf еdir:

“Bеləliklə də hеktаrdа məhsuldаrlığı 40-50 tоn оlаn şəkər çuğunduru bitkiləri vеgеtаsiyа müddəti dövründə – tоrpаqdаn 3-4 min ton su buхаrlаndırır. Narahatlıq doğuran da elə budur. Onu su ilə təmin edə biləcəklərmi?”

“Çuğundur istehsalının stimullaşdırılması İmişlidəki zavodun xammalla təminatının artırılmasına hesablanıb”

Qubad İbadoğlu deyir ki, şəkər çuğunduru istehsalının stimullaşdırılması “Аzərsun Hоldinq” şirkətlər qrupuna daxil olan İmişli şəkər zavodunun yerli xammalla təminatının artırılmasına hesablanıb. İxrac imkanları getdikcə aşağı düşən bu zavod xammalı əsasən idxal edir. Zаvоdun sutkаdа 5 min tоn şəkər çuğunduru, 100 tоn şəkərin еmаl еdilməsi və ildə 300-350 min tоn şəkər istеhsаlı nəzərdə tutulsa da, hazırda o tam istehsal gücü ilə fəaliyyət göstərmir:

“Belə ki, gömrük statistikasının məlumatlarına görə, 2016-cı ildə 62 milyon dollar şəkər ixrac olunub. Bunun müqabilində də ondan 2,5 dəfə çox valyuta xərclənərək ölkəyə şəkər və onun istehsalı üçün xammal gətirilib. Ötən il yalnız şəkər idxalına 152,7 milyon dollar xərclənib. Ötən il şəkər ixracatından əldə edilən gəlirlər 2015-ci illə müqayiədə 3,5 dəfəyədək azalıb. Bunun başlıca səbəbi istehsalın aşağı düşməsidir. Ancaq bazar qiymətinin ucuzlaşması da gəlirlərin azalmasına səbəb olub”.

“2016-cı ildə 344 min ton məhsul yığılıb”

İqtisadçı bu il şəkər çuğunduru üçün əkin sahələrinin 2 dəfədən çox artırılacağını deyir:

“Sahələrdən 600-700 min ton məhsul yığılması gözlənilir. 2016-cı ildə 344 min ton məhsul yığılıb”.

Prezident: “Şəkərlə 115 faizlik təminat var”

Prezident İlham Əliyev aprelin 5-də “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” fərman imzalayıb.

Sənədə görə, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə becərib, təhvil verdikləri çuğundurun hər tonuna görə 4 manat subsidiya ödənəcək. Nazirlər Kabineti bu qaydanı prezident ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

foto sosial şəbəkə

İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda 2016-cı ilin aqrar sektorun inkişafında dönüş ili olduğunu söyləyib. Bildirib ki, kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat olub, əvvəlki illə müqayisədə 2,6 faiz artıb:

“Bu artım əksər məhsullarda müşahidə edilib. Barama üzrə 300, soya üzrə 2,8, pambıq üzrə 2,5 dəfə, yaşıl çay yarpağı üzrə 75, şəkər çuğunduru üzrə 73, düyü üzrə 72, buğda üzrə 9,8, kartof üzrə 7,5 faiz olub. İxracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları olub”.

“Vəziyyət 100 faizlik asılılıq səviyyəsindədir”

Prezident şəkərlə 115 faizlik təminat olduğunu da deyib. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə bildirir ki, bunun tərkibində 73 faiz xarici faktordur:

“Şəkərə olan tələbatı daxili istehsal hesabına ödəyə biləcəyimiz halda, bunu indiki hökumət reallaşdıra bilmir. Şəkər istehsalında istifadə olunan xammalın 95-97 faizi xaricdən gəlir. Vəziyyət daha da pisləşib. 2015-ci ildə ölkədə 206 min ton şəkər istehlak olunub. Ancaq ölkəyə 365 min ton şəkər idxal olunub. Görün bizim istehlakımızdan nə qədər artıq məhsul idxal olunub. Bunun artıq hissəsi  – 108 min tonu ixrac edilib. Bu, o deməkdir ki, bizim istehlakımız da, ixracımız da idxaldan asılıdır. Vəziyyət heç də prezidentin dediyi kimi 115 faizlik təminat deyil, 100 faizlik asılılıq səviyyəsindədir”.

Ana səhifəAnalitikaQubad İbadoğlu: Subsidiya artırıldı, bəs su təminatı necə artırılacaq?