”6 ildir dekabrda büdcədən orta göstəricidən iki-üç dəfə çox vəsait xərclənir”
“Ötən ilin dekabrında büdcə xərcləmələri aylıq orta göstəricidən 2,6 dəfəyədək çox olub”, – iqtisadçı Qubad İbadoğlunun sözləridir. O, bu barədə “Facebook” səhifəsində yazıb.
İqtisadçı “Strateji Yol Xəritəsi”nə də əməl olunmadığını bildirib:
“Milli iqtisadiyyatın perspektivi üzrə “Strateji Yol Xəritəsi”ndə göstərilir ki, fiskal idarəetmə ilə bağlı digər diqqətçəkən məqam dövlət büdcəsinin icrasında aylar üzrə müəyyən qeyri–mütənasibliyin olmasıdır. Bir çox illərdə dövlət büdcəsinin dekabrda icrası digər aylarla müqayisədə əhəmiyyətli səviyyədə çox olur ki, bu da öz növbəsində iqtisadiyyatda müəyyən natarazlıqlar formalaşdırır”.
İqtisadçı deyir ki, belə qeyri-bərabər proporsionallıq 2010-cu ildən diqqətini çəkməyə başlayıb. Hələ o zaman apardığı hesablamalara görə, 2010-cu ildə 11.8 milyard manatlıq büdcənin demək olar ki, 30 faizi, yəni 3,3 milyard manatı yalnız dekabrda xərclənib:
“Təkrar hesablamalar göstərir ki, 6 ildir dekabrda orta göstəricidən iki-üç dəfə çox vəsait xərclənməsi tendensiyası davam edir. Bu isə haqlı olaraq büdcə vəsaitlərinin ilin sonunda xərclənməsi deyil, “silinməsi” təsəvvürünü yaradır və eyni zamanda, bu büdcə vəsaitlərindən səmərəsiz istifadənin təzahürüdür”.
İqtisadçının büdcənin ötən ilki rəqəmləri əsasında apardığı hesablamalar göstərir ki, “islahat ili” kimi təqdim olunan 2016-cı ildə də neqativ tendensiya davam edib:
“Hökümət büdcənin azalmasına baxmayaraq, israfçılıqdan əl çəkməyib. Bunu Azərbaycan Mərkəzi Bankının və Dövlət Statistika Komitəsinin aylar üzrə büdcə bölgüsünə dair məlumatlarına əsasən demək olar”.