”Son günlər fəallaşan mövsümi amillər istehlak qiymətləri indeksinə artırıcı təsir göstərərək, bu il üçün xarakterik olan ikirəqəmli inflyasiyasını geri dönməz edir”
“Qiymətlərin bahalaşmasının yeni mərhələsi başlayır”. Bunu iqtisadçı Qubad İbadoğlu deyir.
Öz “Facebook” səhifəsində bu barədə şərh verən iqtisadçının sözlərinə görə, qeyri-sabit və yağıntılı hava şəraiti kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışının həyata keçirilməsində çətinliklər yaradır. Nəticədə meyvə və tərəvəzin topdan və pərakəndə satış qiymətləri əhəmiyyətli dərəcədə bahalaşmaqdadır:
“Bahalaşan mallar arasında yüksək qiymət artımları xüsusilə də bostan və tərəvəs məhsullarında, konkret olaraq pomidor, xiyar, badımcan, göy lobya, kartof, kök, çuğundur, sarımsaq,eləcə də göyərti, meyvələrdən isə üzüm, armud, mandarin, şaftalı da müşahidə olunur.
Beləliklə də, son günlər fəallaşan mövsümi amillər istehlak qiymətləri indeksinə artırıcı təsir göstərərək, bu il üçün xarakterik olan ikirəqəmli inflyasiyasını geri dönməz edir”.
2016-cı ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,2 faiz bahalaşıb.