Qubad İbadoğlu: “Putin üçün gözlənilməz nəticələr…”

Foto: Meydan TV

“Putin qalsa da, getsə də, mütəffiqlərinin qara günləri başlayacaq”

Avropa İttifaqı ölkələrinin, ABŞ və Böyük Britaniyanın son zamanlar Rusiyaya qoyduğu sanksiyalar bu ölkənin milli valyutasının kəskin dəyər itirməsi ilə nəticələnib.

Ancaq sanksiyalar bununla da bitməyib.

Hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər Rusiya və bu ölkədən olan uçuşların vaxtını, maliyyətini çoxaldıb.

Ekspertlər sanksiyaların ağır nəticələrinin hələ uzun müddət davam edəcəyini bildirir.

Fevralın 28-də Rusiyada əhali bankomatlar, banklar qarşısında uzun növbələrə dayandılar.

Məqsəd bank hesablarında olan vəsaiti nağdlaşdırmaq idi: “Bazarlarda və marketlərdə məhsul qıtlığı yaranıb. Əsasən də idxal mallarına. Üstəlik, qiymətlərdə bahalaşma da var”.

Rusiyada yaşayan və kiçik bizneslə məşğul olan azərbaycanlılar Meydan TV-yə belə deyib.

Bildiriblər ki, ən pisi də heç kimin hesabında pul saxlamaq istəməməsidir.

Gün sonu hamı pulunu nağdlaşdırmağa tələsir, banklara güvən qalmayıb: “Nəticədə növbələr yaranır. Bir sözlə, Rusiyadakı durum heç də Ukraynadan geri qalmır”.

Bəziləri sanksiyaların Rusiyaya böyük zərbə vurduğunu, digərləri isə Rusiyanın Ukraynaya müdaxilədən öncə bunları nəzərə aldığını bildirir. Həmin qrup Rusiya iqtisadiyyatının sanksiyalara hazır olduğunu və nəticədə ciddi təsirlər yaşamayacağını bildirir.

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, düzdür, Rusiya Prezidenti Vladimir Putin sanksiyaların olacağını gözləyirdi, lakin onun da nəzərə almadığı və gözləmədiyi nüanslar var.

Onun sözlərinə görə, bunlardan biri Ukraynanın günlərlə davam gətirməsidir.

Qubad İbadoğlu düşünür ki, Rusiya müharibənin 2-3 gündən çox çəkəcəyini gözləməyib: “Üstəlik, bütün dünyanın Ukraynanı müdafiə edəcəyi də gözlənilən hal deyildi. Hava məkanı, quru və dəniz yolları Rusiyanın üzünə qapandı. Hazırda minlərlə rus gəmiləri limanlarda, yüzlərlə rus təyyarələri aeroportlarda qalıb”.

Qubad İbadoğlu: Foto: Meydan TV

İqtisadçı bildirir ki, Finlandiya bu ərəfədə NATO-ya, Ukrayna Avropa Birliyinə müraciət edib. Rusiya üçün bu da gözlənilməz nəticədir: “Əgər Finlandiya parlamenti müsbət qərar versə, ölkəni NATO-ya qəbul edəcəklər. Beləliklə, Rusiya ətrafında təhlükəsizlik buferi yarılacaq və ikinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Rusiya üçün təhlükəsizlik sahəsində status-quo dəyişəcək”.

İqtisadçı düşünür ki, Rusiyaya ona qarşı sanksiyaların miqyasının bu qədər böyük, dərəcəsinin isə ifrat sərt olacağını nəzərə almayıb.

Onun sözlərinə görə, Vladimir Putin Rusiya banklarının SWIFT-dən çıxarılmasını nəzərə alsa da, Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasını ağlına gətirməyib: “Rus banklarından öncə İran banklarını SWIFT-dən çıxarmışdılar. Belə bir təcrübə olmuşdu, lakin indiyədək heç bir ölkənin Mərkəzi Bankının aktivləri dondurulmamışdı. Bu, Putinin güvəndiyi valyuta ehtiyatlarının 60 faizini sanksiya altına saldı. 1 saatın inçində aktivlər donduruldu, ölkənin malik olduğu 132 milyard dollarıq qızılı da (təxminən 74 milyon troy unsiyası) satmaq imkanı yoxdur. Bu, anoloqu olmayan sanksiyadır”.

Qubad İbadoğlu deyir ki, müharibə başlayandan rus rublu ABŞ dolları qarşısında rəsmi olaraq 40 faizədək dəyər itirib. İndi heç 120 rubla da 1 dollar almaq mümkün deyil: “Putin nəzərə almamışdı ki, 11,6 milyard dollarlıq “Şimal axını -2” layihəsini Almaniya dayandırar, çünki Tramp adminstrasiya dövründə də, təzyiqlər daha sərt olanda da Almaniya bunu etməmişdi. Nəzərə alınmayan nüanslardan biri də biznes elitasının parçalanmasıdır. Rusiyanın ən varlı oliqarxları “Alfa qrup”un sahibi Mixail Fridman və “Rusal” sahibi Oleq Deripaska artıq müharibəyə qarşı mövqe qoyublar və bu barədə yayılan məlumatların doğru olduğunu “Financial Times”ə də təsdiq ediblər”.

İqtisadçı deyir ki, Putinin nəzərə almadığı bir məsələ də mütəffiqlərin ikili oyun oynayacağı olub.

Qubad İbadoğlu düşünür ki, bundan sonra Putin qalsa da, getsə də, mütəffiqlərinin qara günləri başlayacaq: “Müharibənin necə qurtarmasından asılı olmayaraq Rusiya iqtisadiyyatı batacaq. Çünki bank, valyuta-kredit münasibətləri iqtisadiyyatın qan-damar sistemidir, əgər orqanizmdə qan-damar sistemi sıradan çıxırsa insan bir gün infarkt olur”.

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.

Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.

İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər. Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Rusiyanın bir sıra bankları SWIFT sistemindən (Transaksiyaların, köçürmələrin tez və təhlükəsiz həyata keçməsi üçün bu sistem önəmli sayılır) çıxarılıb. Almaniya kansleri Olaf Şolz “Nord Stream 2” boru xəttini (red: boru xəttilə Rusiyadan Baltik Dənizinin altı ilə Almaniyaya təbii qaz gedir) dayandırıb.

Böyük Britaniya Rusiyanın 5 bankına və zəngin şəxslərinə sanksiyalar tətbiq edib.

Avropa İttifaqı ölkələri Rusiyanın üzünə hava məkanını bağlayıb. Eyni zamanda, Rusiyadan olan 600-dəm çox şəxsə, şirkətlərə sanksiyalar tətbiq edib.

Böyük Yeddilik (G7) ölkələrinin sərt maliyyə sanksiyalarından sonra – fevralın 28-də başlayaraq Rusiyanın milli valyutası kəskin dəyər itirəyə başayıb.

Maliyyə sanksiyaları ilə yanaşı, dünyanın bir çox ölkəsində Ukraynaya dəstək mitinqləri keçirilib.

Ana səhifəSiyasətQubad İbadoğlu: “Putin üçün gözlənilməz nəticələr…”