İlham Əliyev

Mənbə: Azərtac

Başlıq: İlham Əliyev

Qubad İbadoğlu: Prezident rəqəmləri şişirdib və ya kiçiltməklə nə məqsəd güdür?

Məqalə yeniləndi:  25 Sentyabr 2020

"Bəlkə, gözləyir ki, BMT bizə orden-medal verəcəklər"

Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları keçirilib.

Prezident İlham Əliyev həmin debatda videoformatda çıxış edib.

Prezident çıxışında Azərbaycanın səhiyyəsindən də danışıb.

O deyib ki, Azərbaycanda səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib və yenidən qurulub: “Son 17 ildə 700-ə yaxın xəstəxana yenidən tikilib və ya əsaslı təmir edilib. Görülmüş tədbirlər nəticəsində ölkədə COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır”.

Prezident bildirib ki, pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşların həyatı və sağlamlığı onun üçün prioritet təşkil edir: “İqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilib. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni ölkə əhalisinin yarısını əhatə edir”.

Ancaq Dövlət Statistika Komitəsinin "Azərbaycan faktlar və rəqəmlər" buraxılışının səhiyyə bölməsində göstərilir ki, ölkədə 1 yanvar 2020-ci il tarixə fəaliyyətdə olan xəstəxanaların sayı 570-dir. Yəni 700 deyil.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, Prezidentin dediyi kimi səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmiş olsaydı, az qala hər gün 3 min, hər il orta hesabla 1 milyon xəstə İrana müalicəyə getməzdi: “Nədən indiyə qədər ölkədə tibbi sığorta tətbiq olunmayıb?”.

Prezidentin COVID-19-la bağlı vəziyyətin nəzarət altında olduğunu deməsinə gəlincə, iqtisadçı deyir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah cümə axşamı xəstəliyə yoluxanlarının sayının artdığını bildirib:

“Ötən gün COVİD-19-a 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər sağalıb, bir nəfər isə vəfat edib. Göründüyü kimi, həm xəstələnənlərin sayı sağalananlardan 29 nəfər çoxdur, həm də xəstələnənlərin sayında 2 gün əvvəllə müqayisədə 1,65 dəfə artım qeydə alınıb”.

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: Meydan TV

Qubad İbadoğlu deyir ki, pandemiya dövründə iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketinin təqdim edilməsi məsələləri də prezidentin dediyi kimi deyil:

“Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni ölkə əhalisinin yarısını əhatə edir. Maliyyə Naziri açıqlama verib ki, pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış 1 milyard 409 milyon manat vəsaitdən 6 ay ərzində 752 milyon manatı xərclənib. Göründüyü kimi, ayrılmış vəsait 828,8 milyon dollar, xərclənmiş vəsait isə 442,4 milyon dollardır. Qəribədir, prezident beynəlxalq auditoriyaya rəqəmləri şişirdib və ya kiçildib tədqim etməklə nə məqsəd güdür? Bəlkə, gözləyir ki, BMT bizə orden-medal verəcəklər. Yoxsa, yalan danışmaq adət halını alıb?”

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  25 Sentyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ivva9l

Ən çox baxılan