Qubad İbadoğlu: Pərakəndə satış əsasən bir neçə şirkətin inhisarına keçir

“Qiymətlər daha da bahalaşacaq”

Source:
Qubad İbadoğlu
Qubad İbadoğlu


“Qiymətlər daha da bahalaşacaq”

“Ötən ay mal və qoyun ətinin, yumurtanın, şəkər və şəkər tozunun qiymətlərində bahalaşma olub. Kərə yağlarının qiymətində də davamlı olaraq artım müşahidə olunur”.

İqtisadçı Qubad İbadoğlu belə deyir.

O, bildirir ki, bahalaşmaya baxmayaraq, ötən ilin dekabrın 7-dən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirilib:

“Ondan əvvəl isə idxal rüsumu 15 faiz təşkil edirdi. Bu qərar 2019-cu ilin dekabrın 31-dək qüvvədə olacaq. Göründüyü kimi, rüsumun dərəcəsi 3 dəfə endirilsə də kərə yağının qiymətində ucuzlaşma qeydə alınmadı, əksinə, bahalaşma müşahidə olundu. Bu isə onu deməyə əsas verir ki, kərə yağının qiymətinin bahalığı idxal rüsumunun dərəcəsinin yüksək olması ilə deyil başqa səbəblərlə bağlıdır”.

İqtisadçının sözlərinə görə, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur:

“Bunun 85 faizi Yeni Zelandiyanın payına düşür. Yeni Zellandiyadan gətirilən kərə yağı isə bazarı bölüşdürən bir neçə şirkətin oliqopliyasındadır. Onlar da öz aralarında qiymət razılaşmasına getməklə, kərə yağının nəinki ucuzlaşmağa qoymur, əksinə bahalaşdırırlar”.

O, deyir ki, bu ilin ilk 4 ayında bazarda satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 5,5 milyard manat olub. Onun da 80 faizə qədəri bir neçə şirkətin payına düşür.

“Hesablamalar göstərir ki, “Bravo”, “Araz” və “Bazar Store” şirkətlərinin aylıq mənfəətləri 100 milyonlarla manata çatır”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 10,9 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 5,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.

İqtisadçı deyir ki, DSK-nın məlumatından göründüyü kimi, istehlak bazarında ümumi dövriyyənin yarısından çoxu ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşür ki, onların da pərakəndə satışı əsasən bir neçə şirkətin inhisarına keçir:

“Hazırda bazarda hökmran mövqeyini genişləndirən “Bravo”, “Araz” və “Bazar Store” şirkətləridir. Onlar arasından oliqopol əməkdaşlıq bazarın bu seqmetində əvvəllər fəaliyyət göstərmiş supermarketlərin bəzilərinin birləşməsinə, digərlərinin də sıradan çıxmasına gətirib çıxarıb”.

İqtisadçının sözlərinə görə, müşahidələr ərzaq, işki, tütün və qeyri-ərzaq məhsullarının satışında inhisarlaşma meyli topdansatış şirkətlərinin fəaliyyətinə də təsir göstərdiyini deməyə əsas verir.

“Belə ki, hazırda topdansatış şirkətləri adı yuxarıda çəkilən pərakəndə satış şirkətlərindən asılı vəziyyətə düşüb. Pərakəndə satış şirkətləri arasında razılaşma yalnız satış qiymətini deyil, həmçinin alış qiymətini əhatı edir. Odur ki, oliqopol pərakəndə satış şirkətlərindən asılı vəziyyətə düşən topdansatış şirkətləri gətirdikləri ərzaq məhsulları, içkilər və tütün məmulatlarını daha ucuz qiymətə onlara satmaq məcburiyyətində qalırlar. Beləliklə də xərclərini azaldan oliqopol pərakəndə şirkətlər alış və satış qiymətləri arasındakı fərqi böyütməklə daha çox mənfəət qazanırlar. Hesablamalar göstərir ki, hətta 10 faizlik marja ilə onların aylıq mənfəəti 100 milyonlarla manatı üstyələyir”.

Qubad İbadoğlu deyir ki, getdikcə satış dövriyyəsini daha da genişləndirərək ərzaq məhsulları, içkilər və tütün məmulatlarını bazarını ekspansiya edən “Bravo”, “Araz” və “Bazar Store” pərakəndə satış müəssisələrinin bu gedişlə rəqiblərini tez bir zamanda sıradan çıxarıb, satış qiymətlərini istədikləri kimi diqtə edəcəyi şübhə doğurmur:

“Elə bu səbəbdən də onsuz da baha olan qiymətlər daha da bahalaşacaq və qazancımızın da çox hissəsi bir neçə şirkət arasında bölünəcək”.

Ana səhifəXəbərlərQubad İbadoğlu: Pərakəndə satış əsasən bir neçə şirkətin inhisarına keçir