“Ötən il istehsal olunmuş pambıq ipliyinin yarıdan az hissəsi ixrac olunub”
Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən hazırlanan “Xarici ticarətin vəziyyəti haqqında arayış”a görə, Azərbaycan 2016-cı ildə pambıq ipliyi ixracatından 18 milyon 13 min 28 dollar gəlir götürüb. Deməli, ötən il 9 min 362 ton pambıq ipliyi ixrac olunub. 1 ton pambıq ipliyi ixracatından 1924, 1 kiloqramdan da təxminən 2 dollar gəlir əldə olunub:
“2017-ci ilin ilk 2 ayı ərzində 1 027 ton və ya 2 milyon 373 min dollarlıq pambıq ipliyi ixracata göndərilib. Bunu nəzərə alandan məlum olur ki, ötən il istehsal olunmuş pambıqdan alınan ipliyin 10 min 390 tonu ixrac olunub”.
Dövlət Statistika Komitəsinin ötən ilin yekunlarına dair məlumatından məlum olur ki, 2016-cı il ərzində cəmi 19,4, 2017-ci ilin yanvar-fevral ayı 2,5 min ton pambıq ipliyi istehsal olunub. Onu əlavə edəndə ötən illə birlikdə bu ilin martın 1-ə olan cəmi pambıq ipliyi istehsalı 22 min tona çatır.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, ötən il istehsal olunmuş pambıq ipliyinin yarısından da az hissəsi ixrac olunub:
“Belə çıxır ki, 10 min tona qədər pambıq ipliyi ya ambarlarda saxlanılır, ya da daxildə hazır məhsul istehsalına yönəldilir. İnanmaq çətindir”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, investisiya ölkəyə xeyir gətirmək üçün qoyulur. Ancaq ötən ilki xərcləmələr 2016-cı ilin pambıqçılığından ölkənin gəlir əldə edə bilmədiyini deyir:
“Son iki ayın statistikasına baxsanız, pambıq idxalının artdığını görərsiniz. Pambıq lifi ixracı isə azalıb. Bu da ondan xəbər verir ki, bunlar keyfiyyətli məhsul istehsal edə bilmədilər. Uzun müddət yağış oldu, yığım marta qədər davam etdi və s. Bütün bunlar da onların keyfiyyətli məhsul istehsal edə bilməmələrinin səbəbləri sırasındadır. İndi bu il 100 milyon, gələn il də 100 milyon qoysunlar. Məsələ vəsait xərcləməkdə yox, nə qədər gəlir əldə etməkdədir. 100 milyon dollar və ya manat qoyurlarsa, heç olmasa 120 min gəlir götürməlidirlər. Ancaq onlar 100 milyonun 3-də birini də qazanc kimi götürə bilmədilər”.
Prezident İlham Əliyev martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətin pambıqçılığa dəstək göstərdiyini deyib. O, pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləndiyini bildirmişdi:
“Vətəndaşlar bu sahəyə maraq göstərməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarıb. Göstəricilər daha yaxşı olacaq”, – deyə o, vurğulayıb.