Qubad İbadoğlu

Mənbə: Foto: Meydan tv

Başlıq: Qubad İbadoğlu

Qubad İbadoğlu: Məsələləri “prezident yaxşıdır, ətrafı pisdir” şəklində göstərmək istəyirlər

Məqalə yeniləndi:  19 Oktyabr 2019

“Müşavirədə deyilənlərin böyük əksəriyyəti reallaşmayacaq”

Prezident İlham Əliyevin nazirlərlə görüşlərinin yeni formatı, görüşdə Birinci vitse-prezidentin iştirakı, dövlət başçısının mesajları mətbuatın müzakirə etdiyi aktual mövzulardan biridir. Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Meydan TV-ə müsahibəsində son müşavirədən çıxardığı nəticələr və bununla bağlı gözləntiləri barədə danışıb.

- Qubad bəy, prezident İlham Əliyevin hər rübün sonunda keçirdiyi Nazirlər Kabinetinin geniş tərkibli iclasları formatı yalnız iqtisadi sahə üzrə nazirlərin iştirakı ilə olan müşavirələrlə əvəz edilib. Sizcə, səbəb nədir?

- Əslində, formatın dəyişdirilməsi ilə bağlı qərar iyul ayında oldu. Belə formatda görüş iyulun 31-də keçirildi. Halbuki, bundan bir gün əvvəl, iyulun 30-da keçmiş Baş nazir Novruz Məmmədovun yanında Nazirlər Kabinetinin geniş tərkibdə toplantısı olmuşdu. Bir gün sonra prezidentin kiçik heyətlə, 11 nəfərlə keçirdiyi sosial-iqtisadi məsələlərə həsr edilən müşavirə göstərdi ki, əvvəlki formatda görüşləri davam etdirmək niyyətində deyil. Düşünürəm ki, prezident 16 oktyabr toplantısına yığdığı adamlarla yeni komandasını təqdim etmək missiyasını həyata keçirir. Xatırladım ki, iyulun 31-də keçirilən toplantıda Baş nazir iştirak etməmişdi. İndiki halda prezidentin 16 ildən sonra özünün bir komanda formalaşdırmaq və ya Birinci vitse-prezident üçün komanda yaratmaq istəyi ilə keçirilən belə görüşlər müəyyən suallar doğurur. Mən deməzdim ki, bu, prezidentin atasından qalma komandadan imtina xarakteri daşıyır. Hətta prezidentin belə istəyi və arzusu olsa da, gedən proseslərin təhlili göstərir, bu, onun reallaşdıracağı səlahiyyət deyil. Yəni o istədiyi qədər səlahiyyət sahibi kimi görsənmir.

Bu halda kiçik formatlı görüşlərin təşkili və hər üç aydan bir görüşlərdəki müzakirələrin canlı aparılmaması, söhbətlərin ictimaiyyətdən gizlədilməsi özü də ciddi şəkildə narahatlıq doğurur. Əslində, prezidentin Nazirlər Kabinetinin geniş tərkibli müşavirələrində çıxışlar canlı yayılardı və bu barədə xəbərləri rəsmi mətbuat, ardınca isə hakimiyyətin media orqanları yayardı. Son görüşün fərqli cəhəti ondan ibarətdir ki, canlı yayımlanmır, hətta iclasın dərc olunmuş materiallarından da bəlli olur ki, bəzi məmurların çıxışları dərc olunmur. Çıxışları dərc olunan məmurların da dedikləri tam şəkildə mətbuatda yayımlanmır.

Prezident adətən belə toplantılarda giriş və yekun nitqi ilə çıxış edirdi. Amma son müşavirədən onun yalnız giriş nitqi çap olunub, yekun nitqi isə yoxdur. Yaxud müşavirədə çıxış edənlər siyahısında adları sadalanan Birinci vitse-prezident, Mərkəzi Bankın sədri, Dövlət Neft Fondunun icraçı direktoru, Baş nazirin çıxışları dərc olunmayıb. Bu onu göstərir ki, hakimiyyət daxilində gedən proseslər dəyişiklikləri zərurət edib.

Əslində, prezidentin bu heyətlə toplanıb başqa məmurların ünvanına verdiyi mesajlar ciddi dəyərləndirilməsi üçün vacib olan məsələdir. Çünki prezident həm də başqalarını islahatlara mane olmaqda və mətbuatda biri-birlərinə qarşı qarayaxma kampaniyasında iştirak etməkdə ittiham etdi. Digər tərəfdən, Baş nazirə də yeni komandanın formalaşdırmaq və bu komandada gənclərin iştirakını genişləndirmək göstərişi verdi. Bütün bunlarla yanaşı ölkə başçısı həm də korrupsiya ilə mübarizənin gücləndirilməsi, hesabatlılığın və şəffaflığın artırılması ilə bağlı danışdı.

Ancaq məsələ bundan ibarətdir ki, korrupsiya ilə mübarizənin gücləndirilməsi, hesabatlılığın və şəffaflığın artırılması daha çox prezidentin fəaliyyətindən asılıdır. Buna hansısa maneçilikdən söhbət gedə bilməz. Bu baxımdan korrupsiya ilə mübarizə ölkədə azad mətbuatın və müstəqil vətəndaş cəmiyyətinin mövcud olmadığı bir şəraitdə mümkün deyil. Ona görə prezidentin dedikləri siyasi bəyanatdır. Eyni zamanda, qənaətim ondan ibarətdir ki, prezidentin müşavirədə bütün çıxışlarının tam şəkildə dərc olunmamasına da səbəb aparılan söhbətlərin geniş ictimaiyyət üçün məqsəduyğun sayılmadığının göstəricisidir. Yəni müşavirədəki söhbətlər siyasi senzuradan keçib.

- Bununla belə prezident korrupsiyadan və islahatlara mane olanlardan danışdı...

- Bilirsiniz, korrupsiya ilə bağlı ciddi siyasi iradə olmasa, islahatdan və onun səmərəsindən danışmağa dəyməz. Korrupsiya ilə bağlı mübarizədə ilk tələb olunan məsələ məmurların gəlirləri və əmlakının bəyannaməsi ilə əlaqədardır. Bununla bağlı qanun 2005-ci ildə qəbul olunub. Amma Nazirlər Kabinetinin formanı qəbul etməməsi səbəbindən qanun icra olunmur. Əgər prezident korrupsiya ilə mübarizə haqda dediklərində səmimidirsə, müşavirədə Baş nazirə bununla bağlı göstəriş verməliydi. Bundan sonra gələn il 2005-ci ildə qəbul edilən qanunun icrasına başlanılardı. Görünür ki, yaxın zamanlarda yenə korrupsiya ilə mübarizə məsələsi görüntü xarakteri daşıyacaq, dövlət sektorunda olan aşağı ranqlı və yaxud özəl sektorda olan vəzifə sahiblərinin həbsilə kifayətlənəcəklər.

Şəffaflığın və hesabatlılığın artırılma keyfiyyətinə gəlincə, mən bunun səmimiyyətinə inanmıram. Çünki Azərbaycan özü Şəffaflıq Təşəbbüsündə iştirakdan geri çəkildiyindən beynəlxalq səviyyədə qeyri-şəffaf və hesabatsız ölkə kimi qəbul olunur. Bu, prezidentin müşavirədə dediyi ölkənin imicini korlayan əsas qərarlardan biridir. Baxmayaraq ki, prezident müşavirədə ölkənin imicini yaxşılaşdırmaq tapşırığı verdi. Hazırda Azərbaycanın üzv olduğu Açıq Hökumət Tərəfdaşlıq Proqramında da ciddi problemləri var. Bu proqram çərçivəsində Milli Fəaliyyət Planının müddəti bu ilin əvvəlindən başa çatsa da yenisi hələ də qəbul olunmayıb. 2019-cu ildə Azərbaycan bu təşəbbüsün üzvü olaraq heç bir öhdəlik götürməyib və gələn il nə baş verəcəyi haqda qeyri-müəyyənliklər davam edir. Aparılan müzakirələr göstərir ki, Milli Fəaliyyət Planının formalaşmasında yenə də müstəqil qeyri-hökumət təşkilatları kənardadırlar, ictuimaiyyətin rəyi nəzərə alınmır, azad mətbuatın iştirakı təmin olunmur.

- İlk dəfə idi ki, bu cür toplantıda Birinci vitse-prezident iştirak edirdi. Bu nədən xəbər verir?

- 16 oktyabr müşavirəsi həm də ona görə diqqətə layiq idi ki, biz Birinci vitse-prezidentin çıxışıyla tanış olub, bu istiqamətdə fikirlərini öyrənə bilərdik. Amma təəssüflər olsun ki, Birinci vitse-prezidentin çıxışı qeyd olunsa da, dərc olunmayıb. Bu formatda onun müzakirələrə cəlbi edilməsi daha çox siyasi proseslərdə iştirakına və təminatına yönəlmiş bir qərardır. Bu, bir növ Birinci vitse-prezidentin iqtisadi-sosial məsələlərlə bağlı səlahiyyətli və prezidentdən sonra ikinci vəzifəli şəxs kimi iştirakını təsbit etdi. Baş nazirin də çıxışı çox maraqlı ola bilərdi. Əgər dərc olunsaydı, biz həm də onun proqramı ilə tanış ola bilərdik. Əslində, Baş nazir öz proqramını təqdim etməliydi. Bir tərəfdən nəzərə almalıyıq ki, 15 oktyabr həm də “Büdcə sistemi haqqında” qanunun 13-cü maddəsinə görə növbəti ilin dövlət büdcəsinin parlamentə təqdimatı üçün son müddət idi. Amma müşavirədəki söhbətlərdən göründü ki, növbəti ilin sənədi hələ hazır deyil. Prezidentin büdcəylə bağlı dediyi məsələlər və suallar bu qənaətə gəlməyə əsas verirdi.

Yeri gəlmişkən, müşavirədə şişirdilmiş rəqəmlər barəsində danışıldı. Bəlli oldu ki, nazirlər, komitə sədrləri büdcədən daha çox vəsait almaq və mənimsəmək məqsədi ilə onlara təqdim olunan sifarişlərin məbləğini şişirdirlər. Bu da bizim indiyə qədər dediklərimizin təsdiqi oldu. Dəfələrlə Azərbaycanda yüksək miqdarda büdcə korrupsiyasının olduğunu göstərirdik və bu vəzifəli şəxslər tərəfindən həyata keçirilir. Nəticədə neft pulları səmərəsiz istifadə olunur. Xatırladım ki, bu ilin 1 yanvarına qədər Dövlət Neft Fondundan dövlət büdcəsinə 93 milyard manat transfer olunub.

- Prezident müşavirədən sonra, ilk dəfə olaraq komitə sədrlərini təkbətək qəbul edib. Bu Rusiya prezidenti Putinin nazirləri qəbulunu xatırlatdı. Əliyevin bu cür görüşlər təşkil etməsi yeni bir yanaşma metodu sayıla bilərmi?

- Nazirlərin, komitə sədrlərinin təkbətək qəbulu yeni formatdır. Bu, prezidentin baş verənlərdən narahat olduğunu göstərir. 16 oktyabr müşavirəsində konkret olaraq, ölkədə infrastrukturun formalaşması işinin gedişindən narahatlığını ifadə etmişdi, müəyyın tapşırıqlar da vermişdi. Bilirsiniz ki, son zamanlar məcburi köçkünlər narazılıqlarını açıq ifadə edirlər, onlar aksiyalara qatılırlar. Bu mənada prezidentin Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri ilə görüşü ictimaiyyətə mesaj kimi dəyərləndirilə bilər. Düşünmürəm ki, görüşdə xüsusi olaraq yeni tələb və tapşırıqlardan söhbət gedib. Onsuz da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi öz işlərini dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına davam etdirir. Bu sahələr korrupsiya səviyyəsi yüksək sayılan hesab olunurlar. İndiyə qədər məcburi köçkünlərin sosial şəraitlərinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan 2,3 milyard manat vəsait ayrılıb. Bu il isə 200 milyon manat vəsaitin istifadəsini nəzərdə tutulub. Göründüyü kimi 2,5 milyard manat ayrılsa da, hələ də məcburi köçkünlər yataqxanalarda, zirzəmilərdə, sosial, infrastruktur obyektlərdə yaşayırlar. Mən demirəm ki, hər iki məmur birbaşa korrupsiya prosesində iştirak ediblər. Ən azı Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri yeni təyin olunub.

Amma 2,3 milyardlıq tikinti əvvəlki sədrin dövründə baş verib. Hesab edirəm ki, nazirlərlə, komitə sədrləri ilə təkbətək görüşlər davam edəcək. Bu sıradan çox güman ki, prezidentin həm də Dövlət Əmlak Komitəsinin sədri ilə görüşməsi gözləniləndir. Çünki ən böyük narahatlıqlardan biri də qanunsuz tikilmiş mənzillərin rəsmiləşdirilməsi, yaxud çoxmərtəbəli yaşayış binalarına mülkiyyət haqlarının verilməsidir.

- Siz müşavirənin və görüşlərin canlı yayılmamasına toxundunuz. Halbuki, bir sıra postsovet ölkələrində hökumət tədbirləri internet üzərindən “online” yayımlanır, sonra stenoqramı dərc edirlər...

- Belə görüşlərin ictimaiyyət üçün açıq olmaması və canlı yayımlanmaması göstərir ki, prezident səviyyəsində informasiyalara çıxış imkanları məhdudlaşdırılır və əlçatanlığı təmin olunmur. Düşünürəm ki, bu görüşlər və müşavirələr canlı olmalıdır, əks təqdirdə, çıxışlar rəsmi mətbuatda dərc edilməlidir. Amma çıxışların dərc olunmaması şəffaflığın və hesabatlılığın olmadığının göstəricisidir.

- Qubad bəy, 16 oktyabr müşavirəsində səslənən rəqəmləri əvvəlki tədbirlərdə də eşitmisiniz, qeyri-neft sektoru, büdcə və sairə barədə. Bu dəfə nələr diqqətinizdə qaldı?

- Əvvəla, bir sıra mesajlar verildi. Mesajlardan biri sahibkarlara verildi. Onlar bundan sonra daha çox töycü vermək məcburiyyətində qalacaqlar. Müşavirədə də qeyd olunduğu kimi qeyri-neft sektorundan dövlət büdcəsinə lazımi qədər vəsait cəlb olunmur. Bu, bütövlükdə büdcənin potensialını aşağı salıb və büdcənin mədaxil hissəsində problemlər yaranıb. Digər mesaj məmurlara verildi. Bundan sonra onlardan gələn sifarişlərin daha ciddi yoxlanılması və dövlət sifarişləri ilə əlaqədar verdikləri büdcənin qiymətləndirilməsi istiqamətində nəzarət gücləndirilə bilər. Bundan sonra məmurların işinə nəzarətin güclənməsi gözlənilir. Baş nazirə də öz komandasını formalaşdırmaq tapşırığı verildi. Ancaq inanmıram ki, bunlar reallaşsın, çünki Azərbaycanda biznes hakimiyyəti ilə siyasi hakimiyyəti sıx şəkildə çuğlaşıbdır. Baş nazirin də özünə yeni komanda formalaşdırmasına şübhəm var. Sadəcə, mesaj verildi ki, hökumətdə problemlərdən də danışılır. Prezident qeyri-neft sektorunun inkişafı məsələsində şişirdilmiş layihələr, məmurların öz aralarında kompromat davası ilə bağlı məlumatlı olduğunu göstərirdi. Hesab edirəm ki, bu məsələ də bir növ ictimaiyyətə yönəlib. Yəni “prezident yaxşıdır, ətrafı pisdir” şəklində göstərmək istəyirlər. İndiki halda ictimaiyyətə, sahibkarlara və məmurlara mesajla yanaşı beynəlxalq təşkilatlara da bir mesaj vardı. Hakimiyyət islahatlar kursuna sadiq olduğunu nümayiş etdirir. Demək istəyirlər ki, prezident islahatlara sadiqdir, sadəcə, islahatların effektiv olmaması buna qarşı olan məmur ordusu ilə bağlıdır. Bir növ beynəlxalq təşkilatlara islahatlarla bağlı vədlər verilirdi. Bu baxımdan bunlar diqqətdən saxlanılmalıdır, amma orda deyilənlərin böyük əksəriyyəti reallaşmayacaq. Bəzi məsələlər prezidentin onları həyata keçirmək imkanlarından kənardadır. Çünki bir çox məsələlər, xüsusən də kadr məsələləri dövlət başçısı səviyyəsində həll olunmadığından, yaxın zamanlarda, yeni kadr dəyişikliklərini proqnozlaşdırmıram.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  19 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6n2kom

Ən çox baxılan