Qubad İbadoğlu: Kimsə günəmuzd işləyirsə, pensiya ala bilməyəcək

“Hesablamalar göstərir ki, işsizlik və aşağı əməkhaqqı səbəbindən Azərbaycanda potensial olaraq 2,5 milyon nəfər – əmək qabliyyətli əhalinin yarısı – hazırkı şərtlərlə və göstəricilərlərlə hətta 65 yaşına çatsa da, belə onlara pensiya deyil, qocalıq müavinəti veriləcək”.

Source: Specify Source


"Median əməkhaqqının aşağı olması pensiya təminatında problem yaradır"

Dövlət Statistika Komitəsi 2021-ci il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayını 1 milyon 691 min 800 nəfər, orta aylıq nominal əməkhaqqını 707,3 manat göstərib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatında bildirilir ki, minimum maaş 250 manat, median əməkhaqqı isə 343 manatdır.

İqtisadçı Qubad İbadoğlu rəsmi hesabatları “Facebook” sosial şəbəkəsindəki səhifəsində şərh edərkən yazıb ki, Azərbaycanda median əməkhaqqının 343 manat və daha aşağı olması, təkcə hazırkı yaşam şərtlərini ağırlaşdırmır, eyni zamanda gələcəkdə pensiya təminatında da problem yaradır.

O bildirib ki, mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır.

Bunlardan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir: “Kimsə günəmuzd işləyirsə, rəsmi olaraq maaş almırsa, o da pensiya ala bilməyəcək. Kimsə əmək müqaviləsiz çalışırsa, pensiya ala bilməyəcək. Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməyi lazımdır. Kimsə işləyirsə, ayda, 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il çalışması gərəkdir. Ayda 300 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il çalışması gərəkdir. 350 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il işləməyi lazımdır. Bu hesablamalar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa, onda minimum pensiya kapitalı 36 000 manata, əgər minimum pensiya məbləği 300 manata qədər artırlarsa, onda minimum pensiya kapitalı 43200 manata qalxacaq".

Qubad Ibadoglu (3).jpg
Qubad İbadoğlu

"Hesablamalar göstərir ki, işsizlik və aşağı əməkhaqqı səbəbindən Azərbaycanda potensial olaraq 2,5 milyon nəfər – əmək qabliyyətli əhalinin yarısı – hazırkı şərtlərlə və göstəricilərlərlə hətta 65 yaşına çatsa da, belə onlara pensiya deyil, qocalıq müavinəti veriləcək. Hazırda əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə 130 manat sosial müavinət (qocalıq müavinəti) almaq hüququ var”, – iqtisadçı bildirib.

Ana səhifəSosialQubad İbadoğlu: Kimsə günəmuzd işləyirsə, pensiya ala bilməyəcək