”Əmək qabliyyətli vətəndaşa ya iş verilməli, ya da işsiz kimi təminatlı müavinət ödənilməlidir. Bu hər bir hökümətin əsas iqtisadi funskiyalarından biridir”
Bu fikirləri Facebook səhifəsində Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu qeyd edib.
O, hesab edir ki, yaranmış yeni iqtisadi situasiyanın əsas tələblərindən biri sosial müdafiə və təminat siyasətində düzəlişlər aparılmasıdır: “Yeniləşən siyasət böhran dövrünün çağırışlarına cavab verməli və onun xərclərinin vətəndaşların üzərinə düşməsinin qarşısını almalıdır. Bu isə ilk növbədə təminatlı sosial müdafiə sisteminin məşğulluq kimi vacib elementinin təşkilini zəruri edir”.
Onun fikrincə, böhran dövründə hökümətin qarşısında duran başlıca vəzifə iş yerlərinin bağlanmasının maksimum dərəcədə məhdudlaşdırılması və işini itirənlərin etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasıdır: “Bunun üçün də ilk növbədə işsizlər üçün təminatlı müavinət sistemi formalaşdırılmalıdır. Bu da düzgün əmək statistikası bazasında mümkündür. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə inansaq, 2016-cı il yanvarın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4915,3 min nəfər olub, onlardan 4671,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Həmin tarixə ölkədə işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfər olub. İşsizliyə görə müavinətin minimum məbləği 55 manat, orta məbləği 262,3 manat olub. Müavinətin əldə edilməsi üçün ilk şərt işsiz statusunun əldə olunmasıdır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən işi və qazancı olmayan, işə başlamağa hazır olub, rayon (şəhər) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmış və işaxtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətinə münasib iş təklif edilməsi mümkün olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlara müvafiq sənədləri təqdim etdiyi andan işsiz statusu verilir və işsizlik müavinəti təyin edilir. Qanuna görə, işsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından şəhər (rayon) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir. Orta aylıq qazanca əsasən təyin olunmuş müavinətin məbləği müavinət təyin olunan dövr üçün respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının məbləğindən çox, təsdiq olunmuş müavinətin minimum məbləğindən az ola bilməz”.
İqtisadçı bildirib ki, hazırda ölkə üzrə orta aylıq əmək haqqı 462 manat, təsdiq olunmuş müavinətin minimum məbləği isə 55 manatdır: “Müqayisə üçün qeyd edim ki, hazırda fəaliyyət göstərdiyim ABŞ-da işsizlik səviyyəsi 4,9 faiz təşkil edir. Bu göstərici ümumi gənclər arasında 10 faiz, 20-24 yaşlı gənclər arasında isə 18 faiz təşkil edir. ABŞ-da işizliyə görə ödənilən müavinət işsizlərin sosial tələbatını təmin edən etibarlı müdafiə sistemidir. Bu müavinət izşizlərə əsasən 14 həftəlik verilir, lakin onun müddəti ştatlar üzrə 12 həftədən 26 həftəyədək fərqlənir. Elə müavinətin məbləği də burda ştatlar üzrə fəqrlidir. Məsələn, tələbələrin ən çox məskunlaşdığı Massachusetts ştatında işzilər üçün müavinətin həftəlik məbləği 700 dollara çatır, ayda isə təxminən 2.500 dollar təşkil edir. Bəzi ştatalarda hətta işzsizin öhdəliyində olan uşaqlara görə də əlavə ödənişlər vardır. Amma bu sosial müavinətin məbləği ştatlar üzrə fərqlidir. Belə ki, həftəlik ödənişlər 300 dollardan 700 dollaradək dəyişik. Azərbaycanda yaxın gələcəkdə işsizlərin müavinətinin minumum məbləği 40 faizədək artırla bilər. Bu halda ölkədə aylıq minimum 77 manata qədər, həftəlik minimum isə 18 manata qədər artacaq. Təbii ki, Azərbaycanda həm işsizlərin statistik sayı və həm də onlara ödənilən müavinət məbləği qaneedici deyil. Odur ki, ilk növbədə işsizlərin sayı statistikası gerçək vəsiyyəti əks etdirməlidir. Hətta rəsmi məlumatlarda yalnız ötən il ərzində 40 min iş yerinin bağlandığı qeyd olunub. Amma rəsmi işsiz statusu olanların sayı ötən il ərzində cəmi 200 nəfər artıb. Deməli, iş yerlərini itirənlərin böyük əksəriyyəti rayon (şəhər) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata ya durmur və ya da alınmır. Hesab edirəm ki, isşizlərə ilk növbədə status almaq lazımdır ki, sonra da müavinət əldə etməyə və ya iş yerləri tapmağa şansları olsun”.