Qubad İbadoğlu: İri şirkətlər xaricdən borc alır, sonra həmin borcu dövlət ödəyir

Şuranın məlumatına görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ona müraciətində bildirilib ki, əhalinin fasiləsiz, keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərcləri artıb

Source:


"Problem ondadır ki, büdcədən ödəyirlər, amma borcu icraçının ayağına yazırlar"

2020-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın iri şirkətləri dövlət zəmanəti ilə xaricdən 7 milyard 44 milyon 700 min dollar borc alıb.

Dövlət zəmanəti ilə xaricdən borc alan iri şirkətlər Azərbaycan Avtomobil Yolları ASC, Azərbaycan Dəmir Yolları QSC, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı, Naxçıvan Meliorasiya və Su Təsərrüfatıdır.

Beləliklə, dövlətin zəmanətindən istifadə edərək Azərbaycan Avtomobil Yolları ASC 3 milyard 578 milyon 300 min dollar, Azərbaycan Dəmir Yolları QSC1 milyard 368 milyon 200 min dollar, “Azərsu” ASC 1 milyard 269 milyon 200 min dollar, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı – 627 milyon 100 min dollar, Naxçıvan Meliorasiya və Su Təsərrüfatı- 201 milyon 900 min dollar xaricdən borc alıb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, iri şirkətlər dövlət zəmanəti ilə xaricdən borc alır, sonra ödəyə bilməyəndə bunu dövlət ödəməli olur.

Belə olan təqdirdə həmin borcları vətəndaş ödəyir: “Problem ondadır ki, büdcədən ödəyirlər, amma borcu icraçının ayağına yazırlar və o da qazandıqca həmin pulu borclara zəmanət və təminat fonduna qaytarır, həmin fonddan da ilk dəfə olaraq bu ilin büdcəsinə 0,8 milyard manat vəsait köçürülüb”.

İqtisadçı deyir ki, bu qədər güzəştdən yararlanan “Azərsu” ASC hələ qiymətləri 2 dəfə qaldırıb həm vətəndaşların cibinə girir, həm də xaricdən 1 milyard 269 milyon dollardan çox kredit götürüb: “5-10 ildən sonra qaytarılan borcları və faiz xərclərini övladlarımızın belinə yükləyəcəklər. Dinamikaya baxın. 2018-ci ildə "Azərsu"nun xeyrinə 403,8 milyon manat olan fərq 2019-cu ildə 459,1 milyon manata qalxıb. Biz sözlə, ildən ilə "Azərsu"nun büdcəyə ödədikləri azalır, büdcədən alqıları çoxalır. Bir neçə aydan sonra 2020-ci ilin göstəriciləri də məlum olacaq. Yəqin, bu dəfə də aldıqları ödədiklərindən artıq gələcək”.

Qubad İbadoğlu deyir ki, subsidiyada və borcda olan dövlət şirkətinin rəhbərinin varidatı az qala milyarda çatır: “Şirkət özünə 204 milyon manatlıq ofis tikdirir, sonra da Qorxmaz Hüseynli deyir ki, zərərlə işləyirik, subsidiya ilə fəaliyyət göstəririk, məsrəfimiz çoxdur. Ona görə də əhali qrupu üçün qiymətləri qaldırmaq lazımdır”.

Fevralın 1-dən Tarif (qiymət) Şurasının qərarı ilə əhali üçün içməli suyun qiyməti ikiqat artırılıb.

cedvel.jpg
“Azərsu”

Şuranın məlumatına görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ona müraciətində bildirilib ki, əhalinin fasiləsiz, keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərcləri artıb: “Həmçinin Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əmək haqlarının yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlər fəaliyyət üzrə xərcləri qarşılamır. Bu xərclərin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya ayrılır”.

Tariflər belə müəyyən edilib: "…Bir kubmetr su təchizatının tarifi ƏDV (əlavə dəyər vergisi) daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq edilib".

Tarif Şurası bildirir ki, tənzimləmədən sonra belə, tariflər bir sıra MDB ölkələrində olduğundan aşağıdır: "Əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətinin birlikdə tarifi Moskvada (Rusiya) 1.70 manat/kubmetr, Kiyevdə (Ukrayna) 1.42 manat/kubmetr, Minskdə (Belarus) 1.17 manat/kubmetr, Ankarada (Türkiyə) isə 0.64-1.28 manat/kubmetr təşkil edir".

Qurum həmçinin vurğulayıb ki, tarif dəyişikliyi məhdud su ehtiyatlarından daha səmərəli və qənaətlə istifadəyə sövq edəcək. Onun proqnozuna görə, tarif dəyişikliyinin aylıq istehlak səbətinə 2.50 manat, bir abonentin aylıq xərcinə isə təxminən 5 manat təsir edəcək.

"Azərsu" ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100 faiz dövlətə məxsusdur.

Ana səhifəİqtisadiyyatQubad İbadoğlu: İri şirkətlər xaricdən borc alır, sonra həmin borcu dövlət ödəyir