Bayden Administrasiyasından iqtisadçı ilə bağlı mümkün diplomatik vasitələri işə salmaq xahiş olunub
Daha 19 nəfər senator və konqresmen həbsdə olan iqtisadçı Qubad İbadoğlu ilə bağlı ABŞ dövlət katibi Entoni Blinkenə (Antony Blinken) müraciət edib.
Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Bayramov məlumat verib.
Bildirib ki, onlar Entoni Blinkenə müraciət edərək, Qubad İbadoğlunun azadlığı üçün addımlar atmağı xahiş ediblər.
“Azərbaycanda həbsdə olan və ədalətsiz ittihamlarla qarşılaşan iqtisadçı Qubad İbadoğlunun hazırki vəziyyətindən narahatıq. Onun azadlığı üçün qəti tədbirlər görməyinizi xahiş edirik”.
Müraciətdə qeyd edilir ki, Qubad İbadoğlu saxlanılarkən Azərbaycan hakimiyyəti tərəfindən işgəncəyə məruz qalıb. Həbsxanada isə səhhəti ilə bağlı ciddi problemlər yaranıb, tibbi xidmətdən demək olar ki, məhrumdur:
“O, təcili tibbi yardımla əhatə olunmalı, müalicə edilməli və təcridxanadakı saxlanma şəraiti yaxşılaşdırılmalıdır. Yalnız bununla səhhətindəki ağırlaşmanın qarşısı alına bilər”.
Müraciətdə Qubad İbadoğlunun ailə üzvlərinə qarşı təzyiq də pislənib. Bildirilib ki, iqtisadçının ailə üzvlərinin susdurulması cəhdləri narahatedicidir:
“Avqustda Qubad İbadoğlunun “Rutgers” Universitetində təhsil alan oğlunun otağına girilərək, qarət edilib. Bu hədə faktı bizdə böyük təlaş yaradır, çünki qeyd olunan qanun pozuntusu ABŞ ərazisində baş verib. Bundan başqa, professorun ailə üzvlərinin onlayn hesablarına da müdaxilə olunub. Azərbaycanın hökumətyönlü mətbuatında iqtisadçının əleyhinə saxta ittihamlara əsaslanan yazılar dərc olunub. Qubad İbadoğlu gülünc ittihamlarla – valyuta saxlamaqda və dini ekstremist fəaliyyətdə iştirakda günahlandırılıb”.
Müraciətdə Co Bayden Administrasiyasından Qubad İbadoğlunun azad olunması və həyati əhəmiyyətli vasitələrə – tibbi xidmətə və ailəsi, yaxınları ilə azad şəkildə görüşünə imkan yaradılması üçün bütün mümkün diplomatik vasitələri işə salmaq xahiş edilir:
“Bundan başqa, biz geniş əhali təbəqələrinə neqativ təsir göstərən siyasi həbslər, vətəndaş cəmiyyətinin müstəqil fəaliyyətinin və media azadlığının məhdudlaşdırılması kimi Azərbaycanda insan hüquqları sahəsində baş verən digər təlaş yaradan hadisələrdən narahatıq və Dövlət Departamenti ilə bu sahədə birlikdə işləməyə ümid edirik”.
İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Bugünədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunun azad edilməsi üçün çağırışlar edib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib. Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.