Qubad İbadoğlu: Gələn il durum indikindən pis olacaq

Qubad İbadoğlu: Bu il hətta 5 il əvvəlki ilin imkanlarını belə ortaya qoya bilmədik

Source:


Qubad İbadoğlu: Bu il  hətta  5 il əvvəlki ilin imkanlarını belə  ortaya qoya bilmədik


Siyasi gündəm Avropa Parlamentinə Azərbaycan Milli Məclisinin cavab bəyanatıdırsa, iqtisadi gündəm Maliyyə Nazirliyinin dünən növbəti ilin büdcəsini açıqlamsıdır. Maraqlı məqam bu illə müqayisədə 2016-cı ilin büdcəsində 5 milyard manat azalma və neftin qiymətinin 50 dollar götürülməsidir. İqtisadçı Qubad İbadoğlu ilə söhbətimizdə Azərbaycan iqtisadiyyatında növbəti ildən baş verən dəyişiklikləri və gözləntiləri müzakirə etdik.



–  Qubad bəy, sentyabrın 14-də Maliyyə Nazirliyi gələn ilin büdcəsini açıqlandı. Məlum oldu ki, bu illə müqayisədə 5 milyard azalma var və neftin qiyməti 50 dollardan götürülüb. Sadaladığım dəyişiklik iqtisadiyyatımızda  hansı nəticələr doğuracaq?

– Büdcə parametrlərinin açıqlanması bizim gözləntilərimizi doğrultdu. Hələ bir neçə ay  bundan əvvəl açıqlamışdım ki,  gələn ilin büdcəsi 15 milyard ətrafında olacaq.  Belə də oldu və hökümət  2016-cı ilin büdcəsini  2011-ci ilin büdcəsinin gəlirlərindən  və xərclərindən də az proqnozlaşdırdı. Deməli,  bu il  hətta  5 il əvvəlki ilin imkanlarını belə  ortaya qoya bilmədik. Əgər büdcə kiçilirsə, bu, iqtisadiyyatın digər göstəricilərinin pisləşməsinə gətirib çıxaracaq. 2016-ci ilin büdcəsini əhalisi Azərbaycandan 3 dəfə az olan Litvanın büdcəsi ilə belə müqayisə etmək olmur. 3 milyon əhalisi olan Litvanın büdcəsi Azərbaycanın büdcəsindən çoxdur, onların büdcəsi 18 milyard dollardır. Heç bir  təbii resursu olmayan Litvada  ildə adambaşına 6 min dollar, Azərbaycanda isə  adambaşına  gələn il  1500 dollar düşəcək və ya Litvadan 4 dəfə az büdcə gəlirləri formalaşdırılacaq .  Azərbaycan  dövlət büdcəsini hətta  Amerikanın  bəzi universitetlərinin büdcəsi ilə müqayisə edəndə belə kiçik görünür.




Konkret faktlar deyə bilərsinizmi?

–  Bəli, məsələn, Prinseton Universitetinin büdcəsi 18,2 milyard dollar, Stanford Universitetinin büdcəsi  18,7 milyard dollar, Texas  Universitetinin büdcəsi  20,4 milyard dollar, Yale Universitetinin büdcəsi  20,8 milyard dollar, Kaliforniya Universitetinin büdcəsi 22,4 milyard dollar,  məşhur  Harvard  Universitinin büdcəsi isə Azərbaycan dövlətinin bücəsindən 2.5 dəfə çox  – 32,3 milyard dollardır. Demək istəyirəm ki, 2016-cı ilin büdcəsi ölkənin maliyyə potensialı ilə müqayisədə çox kiçik büdcədir.  Büdcəmizin belə kiçik  olması, heç də maliyyə potensialımızın zəif olmasının deyil,  ölkədə “gizli iqtisadiyyat”ın səviyyəsinin yüksək olmasının təzahürüdür. Bu istiqamətdə apardığımız araşdırmalarla  təsdiqləmişik ki, büdcəyə cəlb olunmalı vəsaitlər ayrı-ayrı şəxslərin və  ailənin  kapitalının  formalaşmasına xidmət edir. Artıq yeni büdcə ortaya qoyulub və yeni situasiyada büdcənin yükünü mənfəət vergisi, fiziki şəxslərdən gəlir vergisi və əlavə dəyər vergisi çəkəcək. Amma buna baxmayaraq, gələn il bu illə müqayisədə hər 3 başlıca mənbədən azalma proqnozlaşdırılıb. Xüsusilə də növbəti ildə şirkətlərin mənfəət vergisinin bu illə müqayisədə 17,6 faiz az proqnozlaşdırılması biznesin yeni tələblərə hazır olmadığının göstəricisi sayıla bilər. Bu azalma həm də ölkədə biznes mühitinin daha da pisləşəcəyinin rəsmi səviyyədə etirafı deməkdir. Bu səbəbdən də gəlirlə işləyən müəssisələrin bəzilərinin mənfəətlərinin azalacağı, digərlərinin mənfəətli fəaliyyəti zərərlə əvəz olunacağı gözlənəndir. Belə olan halda işçilərin ixtisarı və əmək haqlarının aşağı salınması fiziki şəxslərin gəlir vergisindən daxilolmaları da azaldacaq. İnvestisiya büdcəsinin kəskin ixtisarı bu sahədəki mənfi tendensiyaları daha da gücləndirəcək. Bütün bunlar ölkədə əhalinin alıcılıq qabliyyətinin aşağı düşməsi də əlavə dəyər və aksiz vergisinin əvvəlkindən az daxil olmasını şərtləndirəcək. Artımla proqnozlaşdırılan mənbələrdən biri də sadələşdirilmiş vergi üzrə gəlirlərdir. Bu isə kiçik və orta biznesin vergi öhdəliklərinin daha da artırılacağını təsdiq edir, beləliklə, növbəti ildə durum indikindən pis olacaq.



–  Siz müəyyən mənada toxunsanız da, konkretləşdirmək istərdim, gələn ilin büdcəsi baxımından əvvəlki illərdə açılan iş yerlərində ixtisarlar gözlənilirmi?

–  Növbəti ilin büdcəsində artıma məruz qalan xərc istiqamətlərindən biri idarəetmə aparatının saxlanılması xərcləridir, onun da səbəbi daxili və xarici borclara xidmət xərclərinin artmasıdır. Gələn ilin büdcəsində əsas  Ixtisara məruz qalan xərc istiqaməti tikinti və  məhkəmə hakimiyyəti, prokurorluq , hüquq-mühafizə orqanlarıdır. Bu mənada  invsestisiya layihələri azalacaq,  məhkəmə hakimiyyəti, prokurorluq və hüquq-mühafizə orqanlarında müəyyən ixtisarlara gedəcəklər. Başqa cür vəziyyətdən çıxmaq mümkün olmayacaq. İnvestisiya xərcləri kəskin şəkildə azalıb, çünki bu azalma tikintilərin azalması deməkdir və nəticədə iş yerlərinin bağlanmasına gətirib çıxaracaq. Bu gün Azərbaycanda tikinti sektoru neftdən sonra formalaşan böyük sektor sayıla bilər. Amma hazırda tikinti sektorunda tənəzzül başlayıb və 2016-cı ilin büdcəsi bu tənəzzülü daha da gücləndirəcək. Söhbətimizin əvvəlində fiziki şəxslərin gəlir vergisinin az proqnozlaşdırılmasına toxundum, bilirsiniz ki, gəlir vergisi onların əməkhaqqısından formalaşır. Gözlənilən durum iki amillə bağlıdır, fiziki şəxslərin, işləyənlərin sayı azalır, ikinci də əməkhaqqısı aşağı düşür.  Bununla yanaşı, əmək haqqına əlavələr qeyri-rəsmi ödənişlərin də ixtisarı gözlənilir. Əməkhaqqı səviyyəsində azalmanı dövlət sektorunda həyata keçirilməsi o qədər də məqbul deyil, çünki bu sahədə paket şəklində ödənişlər vardı. Çox güman ki, növbəti ildə dövlət orqanlarında, xüsusilə vergi və gömrükdə, paket sistemi tamamilə yığışdırılacaq, artıq bu proses başlayıb və gələn ilədək yekunlaşacaq. Umumilikdə gələn il büdcənin hər 100 manatından 22 manatı tikintiyə, 14 manatı idarəetməyə, 80 qəpiyi elmə, 1 qəpiyi isə ekologiyaya xərclənəcək.




Elmə niyə belə az xərclənir?

-2016-cı ilin büdcəsində elm xərcləri  125 milyon dollar  proqnozlaşdılır. Bu, elmə  pis münasibətin göstəricidir. Diqqətin edin. Ötən il məşhur  “Wolksvagen” şirkətinin elmi-tədqiqat xərcləri  Azərbaycan dövlətinin elm xərclərindən 108 dəfə çox – 13,5 milyard dollar, “Samsunq” şirkətinin elmi-tədqiqat xərcləri  Azərbaycan dövlətindən  108 dəfə çox –  13.4 milyard dollar -, “Intel” şirkətinin elmi-tədqiqat xərcləri  Azərbaycan dövlətindən 81 dəfə çox – 10,1 milyard dollar ,  IBM şirkətinin elmi-tədqiqat xərcləri  Azərbaycan dövlətindən  52 dəfə çox –  6.5 milyard dollar,  “Nokia” şirkətinin elm-tədqiqat xərcləri  Azərbaycan dövlətindən 49  dəfə çox –  6,1 milyard dollar , “Panasonic” şirkətinin elmi-tədqiqat xərcləri  Azərbaycan dövlətindən 49 dəfə çox-  6,1 milyard-, “Sony” şirkətinin elm-tədqiqat xərcləri  Azərbaycan dövlətindən 45 dəfə çox – 5,7 milyard dollar olub. Göründüyü kimi, bütün dünyada şirkətlər səviyyəsində külli miqdarda vəsait xərclənir. Bizim təbii ki, o səviyyədə inkişaf etmiş şirkətlərimiz yoxdur və yaxın gələcəkdə də olmayacaq. O məntiqlə heş olmazsa dövlət elm adamlarının qayğısını çəkməli və onların əməyini layiqincə qiymətləndirməlidir ki, ölkədə də elmi-tədqiqata maraq olsun, yeni elmi ixtiralar və kəşflər edilsin.



– Prezident İlham Əliyev sonuncu müşavirədə 2016-ci ildə ölkəni sürətli inkişaf gözlədiyini demişdi, növbəıti ilin büdcəsi baxımından deyilənləri necə şərh edərdiniz?

– Təbii ki, növbəti ilin büdcəsi əksini təsdiqləyir. Ən azı gələn ilin büdcəsində bu ilin büdcəsi ilə  müqayisədə gəlirlər 25, 1 faiz, xərclər 22,9 faiz az proqnozlaşdırılır. 2016-cı ilin büdcəsində bütövlükdə sosialyönümlü xərclər də ixtisara məruz qaldı, bu illə müqayisədə 144 milyon manat az proqnozlaşdırılıb. Bilirsiniz ki, diqqəti daha çox sosial müdafiə və sosial təminat xərcləri idi. Bu baxımdan 10 sentyabr müşavirəsində deyilən bəzi fikirlər büdcə layihəsində  öz əksini tapmayıb.  Halbuki sosial müdafiə və sosial təminat xərcləri haqda deyilmişdi ki, ixtisarlar olmayacaq, amma  bu illə müqayisədə 144 milyon manat azaldıldı. Bu vəsait az deyil və bu, o demədir ki,  sosial  müavinətlərin artımını  ğözləməyin. Yeri gəlmişkən, sosial müdafiə və sosial təminat xərclərinin çox hissəsi Dövlət Sosial Müdafiə Fonduna transfer edilir, təxminən 1 milyard manat,  əlavə olaraq da büdcə sferasında işləyənlər də  Pensiya Fonduna sosial sığorta ödəmələrinə görə 700 milyon manat vəsait ödəyəcəklər. Fond özəl sektordan  cəmisi 1,4 milyard manat sosial sığorta  yığacaq və bu da pensiyaların artımı üçün əlavə vəsait mənbəyinin məhdulaşması demədir. . Bu baxmdan gələn il sosial müavinətlərin və pensiyaların artımı gözlənilmir. Əməyin ödənilməsi xərclərini əvvəlki illə müqayisə edəndə artım yoxdur, ola bilər ki, ixtisarlar hesabına büdcə təşkilatlarında əməkhaqqı səviyyəsində cüzi də olsa artım olsun, ancaq işçilərin  siyahı sayı saxlanılarsa, bu da olmayacaq.



– Sentyabrın 14-də Azərbaycan Milli Məclisi Avropa Parlamentində nümayəndə heyətimizin fəaliyyətinin dayandırılması qərarını qəbul edib. Müzakirələr zamanı komitə sədri Əli Hüseynov bildirib ki, Avropa Birliyi Azərbaycana qarşı sanksiyalar qəbul etsə, zərər onların özünə olacaq, nəinki bizə. Deyilənlərin iqtisadi əsası varmı?

–  Əksinə, Azərbaycan bu gün Avropadan çox asılıdır, ölkənin ticarət dövriyyəsinə nəzər salsaq ixracatın 43 faizi, idxalatın 34 faizi birbaşa Avropa Birliyi ölkələri illədir. Azərbaycanın ixracat məhsulu neft və qazdır, bunların da alıcısı Avropa ölkələridir, İtaliya, Almaniya, Fransa və nəhayət, Şərq ölkəsi İsraildir. İddia etmirəm ki, Milli Məclisin iclasından sonra Avropa ölkələri Azərbaycan enerji məhsullarını almaqdan imtina edəcək, amma  bu, bizim onlarla xarici ticarət əlaqələrimizə təsirsiz ötüşməyəcək. Digər tərəfdən də  Azərbaycanın Avropa ilə əlaqələri idxal və ixracla məhdudlaşmır, ölkəyə ötən il ən çox investisiya qoyan 5 ölkədən üçü  Avropa ölkəsi olub. Birinci yerdə Türkiyə, sonra Böyük Britaniya, Norveç, Fransa və  sonda Amerika olub. Bu ölkələrin investisiyaları hesabına Azərbaycanda neft hasilatı indiki səviyyəyə çatıb, neft sektoru modernləşdirilib, neft-qazın nəqli üzrə  infrastruktur formalaşdırılıb. Çünki kəmərlərin tikintisində də Avropa ölkələrinin sərmayəsinin böyük əhəmiyyəti olub. Bundan əlavə, Azərbaycan-Avropa əlaqələri enerji və kəmərlərin çəkilməsi ilə məhdudlaşmır, Dövlət Neft Fondunun investisiya aktivlərinin 52 faizi Avropada yerləşdilib və fond bundan gəlirlər əldə edir. ARDNŞ İsveçdə, Rumıniyada və Ukraynada kifayət qədər yanacaqdoldurma şəbəkələrinə malikdir. Azərbaycanın xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində təqaüd alan gənclərin 60 faizə yaxını Böyük Britaniya və Avropa Birliyinə üzv olan ölkələrdə oxuyurlar. Sadaladıqlarım baxımından Azərbaycanın Avropaya ehtiyacı çoxdur. Bu gün Azərbaycan iqtisadiyyatının ən böyük problemlərindən biri modernləşdirmədir, bunu da yalnız Avropa Birliyi ilə əməkdaşlığı gücləndirməklə mümkündür. Hələ mən Azərbaycanın dövlət və iş adamlarının öz vəsaitlərini Avropada yerləşdirməsini açıqlamıram, bu da Qərbə töhfə olsa da,  həm də  Azərbaycanın  Avropadan asılılığı deməkdir.



– Bəs Rusiya ilə iqtisadi münasibətlərimiz hansı səviyyədədir?

– Rusiya Azərbaycanın idxalda ən böyük tərəfdaşıdır, çünki şimal qonşudan təkcə mülki deyil, hərbi mallar da gətiririk. Son illər Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında həmişə birinci yerdə olsa da, bu ölkənin investisiyaları o qədər də geniş deyil. Düzdür, son illər Rusiya mənşəli investisiyalar artır, amma bu ölkədəki böhran xaricə investisiya imkanlarını xeyli dərəcədə məhdudlaşdırır. Bu baxımdan şimal ölkə yalnız Azərbaycandan bəhrələnmək planlarına malikdir, yəqin Rusiyanın əmlak bazarında Dövlət Neft Fondunun investisilayarının olduğunu bilirsiniz. Bu baxımdan indiki halda Rusiya ilə Avropanı müqayisə etmək uğurlu görünmür. Çünki Rusiyanın investisiya əməkdaşlığında və xarici ticarətdə payı çox azdır.



–  Son həftələrdə yazdıqlarınız baxımından növbəti sualımı müəyyən qədər cavablandırsanız da, amma prezidentin dünyada böhranın olduğunu söyləməsi baxımından bu məsələyə qayıdıram. Çünki prezident dedi ki, dünyada böhran olsa da, Azərbaycan iqtisadiyyatı bundan az zərər çəkib. Bu baxımdan dünyada iqtisadi-maliyyə böhranı varmı və varsa, bu böhran Azərbaycana hansı səviyyədə təsir edir?

– Dünyada iqtisadi böhran yoxdur və gözlənilmir. Çünki dünyada iqtisadi böhranın olduğu barədə deyilənləri təsdiqləyən rəqəmlər tapmaq mümkün deyil. Diqqət edin: ötən il dünya iqtisadiyyatı 3,4 faiz böyüyüb, bu il qlobal miqyasda artım 3,5 faiz gözlənilir, növbəti il üçün də bu göstərici 3,8 faiz proqnozlaşdırılır. Göründüyü kimi, dünyada iqtisadi artım var, 2008-09-cu ildən fərqli olaraq, həmin illərdə göstərici neqativ idi. Dünya üzrə ÜDM-in 16,3 faizinə malik Çində 6,8 faiz, 16,1 faizinə malik ABŞ-da 2,4 faiz, 12,1 faizinə malik Avrozonada 1,5 faiz, 6,8 faizinə malik Hindistanda 7,5 faiz, 4,4 faizinə malik Yaponiyada 1,1 faiz, 2,4 faizinə malik Böyük Britaniyada 2,7 faiz iqtisadi artım gözlənilir. Qiymətləndirmələrə görə, dünya üzrə milli gəlirinin dördə üçünü formalaşdıran ölkələrdə iqtisadi artım tempi əvvəlkindən yüksək olacaq, beşdə dördünü formalaşdıran ölkələrdə iqtisadiyyatın yekunları pozitiv olacaq. Belə vəziyyətdə hansı dünya böhranından danışmaq olar? Böhran dünyada deyil, idtisadiyyatı dünya bazarlarında qiymət konyukturasından asılı olan, Rusiya, Venesuela, Braziliya, Anqola, Nigeriya kimi resursların satışından gəlir əldə edib, onun hesabına yaşayan ölkələrdədir. Bu ilə hətta Afrikada da ümumilikdə 4,6 faiz iqtisadi artım gözlənilir. Ötən il müvafiq göstərici 3,5 faiz idi. Rusiyada, Braziliyada, Venesuelada, Timor Lestedə, Trinidad-Tobagoda, Kolumbiyada, Boliviyada, İraqda müşahidə olunan böhranı qloballaşdırmaq mümkün deyil. Çünki onların birlikdə dünya iqtisadiyyatında payı 10 faizə belə çatmır. Bu böhranı zəngin resurlara malik, pis idarə olunan ölkələrin böhranı adlandırmaq olar. Azərbaycana gəlincə, bizim makro-iqtisadi göstəricilərimiz ötən ildən pisləşməyə başlayıb. 2014-cü ildə MDB-də ən aşağı iqtisadi artım tempi Rusiyada 0,6 faiz və sonra da Azərbaycanda 2,8 faiz qeydə alınıb. Rusiyada da iqtisadiyyat 3,8 faiz kiçiləcək. Yəni bunu pis idarəçilik yaradıb. İlin birinci yarısı üçün Azərbaycanda 6 faizlik iqtisadi artım elan olunsa da, Beynəlxalq Valyuta Fondunun son qiymətləndirmələrinə görə, il ərzində ÜDM 0,6 faiz artacaq, inflyasiya isə 7,9 faiz olacaq. Artıq beynəlxalq qurumlarla Azərbaycanın yerli orqanları arasında ciddi fərqlər yaranmağa başlayıb. Əvvəllər belə fərqlər yox idi, üst-üstə düşürdü. Görünür, makro-iqtisadi göstəricilərdə saxtalaşdırma aparılır. Əgər ölkənin ixracatı ciddi şəkildə azalıbsa, idxalatında artım baş veribsə, bütövlükdə investisiya qoyuluşları aşağı düşürsə, bu, şübhəsiz ki,  ÜDM-nin kiçilməsinə gətirib çıxarılmalıdır. Amma Dövlət Statistika Komitəsiunin göstəriciləri əksini təsvir etdiyindən onların rəqəmlərinə şübhə edirəm. Ümumiyyətlə, dəfələrlə inflyasiya, işsizlik, yoxsulluq  göstərilərinin düzgün hesablanmadığını sübut etmişik. Bu il də siyasi şəraitdən asılı olaraq büdcədə iqtisadi inkişafın davamlılığını sübut etməyə çalışırlar. Amma Azərbaycan Şimali Koreya kimi qapalı ölkə deyil ki, nələrisə sübut edə bilməyəsən. Beynəlxalq Valyuta Fondu tərəfindən aparılan hesablamalara görə, 2015-ci ildə həmçinin Ermənistanda da iqtisadi eniş proqnozlaşdırılır. Deməli, dünyada böhran deyil, qeyri-bərabər iqtisadi artım var və bunun da başlıca səbəbi beynəlxalq əmtəə bazarlarında, xüsusilə də enerji resurları bazarında qiymətlərin sabitləşməsidir. Bundan da ən çox əziyyət çəkənlər təbii resuslarının satışından gələn gəlirlərin hesabına böyüyən ölkələrdir. Ona görə də biz həmişə diqqətə çatdırırdıq ki, milli iqtisadiyyatı xarici faktorlardan asılı olan ölkələrdə uzunmüddətli dövrdə iqtisadi inkişafa malik olmaq mümkün deyil. Əslində indi dünya bazarlarında uzun müddətdir ki, siyasi və digər amillərin təsiri ilə maya dəyərindən xeyli uzaqlaşan əmtəələrin qiymətləri daha çox təbii səviyyəsinə qayıdır. O sıradan yanacağın da qiymətinin optimallaşması prosesi gedir. Odur ki, “dünyada böhrandır və onun təsirindən də Azərbaycan iqtisadiyyatı əziyyət çəkir” fikri ilə razılaşmıram. Bizim iqtisadiyyatımız elə olmalıdır ki, dünya bazarında kimsə asqıranda biz burda qrip xəstəliyinə tutulmayaq. Bu baxımdan da müzakirələr iqtisadiyyatın müqavimət gücünün artırılması, əlavə maliyyə qaynaqlarının formalaşdırılması və yeni iqtisadi artım modelinin qurulması istiqamətində getməlidir.




Ümumiyyətlə, büdcənin kiçilməsi və neftin qiymətinin 50 dollardan götürülməsi devalvasiya riskini azaldırmı?

– Əslində, devalvasiyanı həyata keçirmək və təxirə salmaq, hər iki variant Azərbaycan üçün pis variant hesab olunur. Sadəcə, hökumət iki pis variantdan ən yaxşısını seçmək məcbriyyətində qalır. Hökumət birinci devalvasiyaya getməyə məcbur idi, o zaman qarşıya qoyulan məqsəd o idi ki,  bu qərar ölkənin ixracat potensialını stimullaşdıracaq, rəqabət qabliyyətinin yüksəldəcək. Amma ixracat 44,6 faiz aşağı düşdü. Beləliklə, 19 fevral qərarı qarşıya qoyduğu məqsədlərə çata bilmədi. İndi də hakimiyyət iki pis variantdan birini seçməlidir, bu, ondan ibarətdir ki,  biz devalvasiyanı təxirə salmaqla  boş yerə valyuta ehtiyatlarımızı xərcləyirik. Bu, obrazlı desək, havaya güllə atılmasına bənzəyir. Hələ patronlarımız var, atırıq, amma bu, nə zamansa bitəcək.  Ehtiyatların xərclənməsi və azalması ölkənin  maliyyə qüdrətini zəiflədir. İkinci variant odur ki, devalvasiyaya gedirik, amma qarşıya qoyulan məqsədlərə nail ola bilmirik və nəticədə banklar daha  da pis vəziyyətə düşür.



– Niyə?


– Çünki  Azərbaycanda bankların çoxu “parnik” banklardır. Bu banklar elə şəraitdə bəsləniblər ki, açıq rəqabətli bazarda  fəaliyyət göstərə bilmirlər, onlar həmişə sahiblərindən və dövlətdən qayğı gözləyirlər. Bu, kəsiləndə də onların  maliyyə imkanları məhdudlaşır,  onların müflisləşmə imkanları artır. Görünür ki, siyasi şəraitə görə hökümət  hələ devalvasiyaya getməmək variantına üstünlük verir. Güman ki, siyasi proseslərin bir mərhələsi başa çatandan sonra bu  məsələ yenidən gündəmə gələcək. Çünki devalvasiyaya təsir göstərən daxili iqtisadi amillər deyil, həm də psixoloji təsirlərdir. Sabah Rusiya, Qazaxıstan, hətta Türkiyənin valyuta bazarında baş verənlər  Azərbaycanın maliyyə bazarlarında  ciddi ajiotaj yaradır ki, bu da Mərkəzi Bankı milli  valyutanın dəyərsizləşməsinin qarşısını almaq üçün daha çox valyuta ehtiyatlarını xərcləməyə sövq edir. İndiki halda hökumət devalvasiyaya getməyəcəksə, valyuta ehtiyatlarının tükənməsinə rəvac verəcək ki, bu da sonda daha böyük problemlər yarada bilər.




Prezident “hökumət gələn il yeni situasiya ilə işləyəcək” deyəndə nələri nəzərdə tutur, söhbət hansı situasiyadan gedir?

– Əslində 2016-cı ilin büdcəsi yeni situasiya formalaşdırıb və bu şərait müəyyən xərclərin rasionallaşmasını tələb edir. Bir variantı dedim, hüquq-mühafizə orqanları ixtisara məruz qalacaq, çünki bu sahəyə gedən vəsaitlərin böyük hissəsi əməkhaqqı xərcləridir. Rusiya bu yolu seçdi, hüquq-mühafizə orqanlarında 10 faiz ixtisar qərara alındı. Yeni situasiyada işləmək o deməkdir ki, paketlər olmayacaq, məmurlar mövcud əməkhaqqı ilə işləmək məcburiyyətində qalacaqlar. İnvestisiya layihələrinin kəskin azalması da yeni şərait yaradacaq ki, oliqarx məmurlar sifariş ala bilməyəcəklər. Düşünmürəm ki, ciddi kadr və struktur islahatları baş verəcək..

Ana səhifəXəbərlərQubad İbadoğlu: Gələn il durum indikindən pis olacaq