“Əgər mənə əvvəlkitək hörmət edirsənsə, aclığı dayandır”
İqtisadçı Qubad İbadoğlu 10 gün əvvəl Fazil Qasımova aclıq aksiyasını dayandırmaqla bağlı müraciət edib.
“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, Fazil Qasımovun qardaşı Nazim Qasımov vəkil Bəhruz Bayramovla birlikdə professor Qubad İbadoğlu ilə görüşüblər:
“Bunun ardınca Qubad İbadoğlu Fazil Qasımova müraciət ünvanlayıb”.
Müraciət bu gün sosial şəbəkələrdə ictimailəşdirilib.
Qubad İbadoğlu Fazil Qasımova məktubunda onun durumundan narahat olduğunu qeyd edib:
“Sənin halın məni çox məyus və pərişan edir, sənə görə narahatlığım günü-gündən artır. Səndən gözlədiklərimin hamısını etdin və mənim səndən üzrxahlıq gözləntim yoxdur. Başımıza gətirilənlərə görə səndən və məndən üzr istənilməlidir. Açıqladığın situasiyada baş verənlər başa düşüləndir, onları anlayışla qarşılayıram. Fazil, bilirsən ki, sənin xətrin mənim üçün çox əzizdir, səni əvvəlkitək çox istəyirəm. Odur ki, sağlamlığın mənim və cəmiyyətimiz üçün çox önəmlidir”.
“Fazil, səndən artıq dərəcədə xahiş edirəm, elə bu gün, bu saat, bu dəqiqə, məktubu oxuyan kimi aclığı dayandır. Əgər sən də mənə əvvəlkitək hörmət edirsənsə, bunu bacarmalısan və etməlisən. Mənim səndən yeganə gözləntim budur. Mən səbirsizliklə sənin aclığı dayandımağına dair qərarını gözləyirəm. Mən əminəm ki, biz tezliklə haqq etdiyimiz azadlıqda görüşəcəyik. İnan ki, hər şey sonda gözəl olacaq!”.
Ancaq buna baxmayaraq Fazil Qasımov hələ də aclığı dayandırmayıb.
İstanbul Universitetinin doktorantı, 2023-cü ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirlən alim Fazil Qasımovun həbsdə 90-cı gündür ki, aclıq etdiyi bildirilir.
R.Səfərov da deyir ki, həyatının təhlükə altında olmasına baxmayaraq, Fazil Qasımov aclığı dayandırmaq niyyətində deyil:
“Əksinə, onun ölmək ehtimalı nəzərə alınaraq, məcburi qidalandırmağa cəhd göstərərlərsə, özünə qəsd edəcəyini bildirib. Deyib ki, əgər məcburi qidalandırmağım barədə qərar verilsə, canıma qəsd edib, həyatla birdəfəlik vidalaşacağam, ölümümü tezləşdirəcəyəm. Ciddiyəm və ümid edirəm ki, bunu rəsmi dairələr nəzərə alar”.
Fazil Qasımov Azərbaycan Demokratiya və Rifah Partiyasının keçmiş sədri, iqtisadçı Qubad İbadoğlu ilə əlbirlikdə ittiham olunur.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Həmin gün onun ofisində keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia edilib.
Təqsirləndirilən iqtisadçı bildirib ki, o pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər.
Qubad İbadoğlunun həbsindən az sonra – avqustun 8-də Fazil Qasımov Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib. Ona da eyni maddə ilə ittiham verilib.
İddia edilib ki, saxta pulları Fazil Qasımov Türkiyədə əldə edərək Qubad İbadoğluna verib, o da Azərbaycana gətirib.
Onlar həmçinin FETÖ (Fetullah Gülen Terror Örgütü) ilə əlaqədə ittiham olunur. Lakin hər ikisi ittihamları rədd edir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.
O, aprelin 22-də həbsdən buraxılıb. Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.
Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, sonradan bu qətimkan tədbiri “polis nəzarətinə vermə” ilə əvəz olunub.
Fazil Qasımovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
O, məhkəmədə bildirib ki, istintaq zamanı özünün və Qubad İbadoğlunun əleyhinə yalan ifadələr verməsi üçün döyülmə, başının unitaza salınması, cinsi azlıq olan dustaqların təcavüzü ilə hədələnməsi kimi müxtəlif təzyiqlərə məruz qalıb.