Qubad İbadoğlu: Əgər nefti, qazı kənara qoysaq…

“Yeganə alternativ bazar iqtisadi mexanizmlərinin tətbiqindən və iqtisadiyyatın liberallaşdırılmasından keçir”

Source:


“Yeganə alternativ bazar iqtisadi mexanizmlərinin tətbiqindən və iqtisadiyyatın liberallaşdırılmasından keçir”

Bu fikirləri Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu prezident İlham Əliyevin “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışı zamanı səsləndirdiyi “İnfrastruktur layihələri icra edilir, neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdü. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq”, – açıqlamasını öz Facebook səhifəsində şərh edərkən yazıb.

Q.İbadoğlu bildirib ki, Əliyevin çıxışında xüsusilə də diqqəti cəlb edən “biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq” fikridir: “İqtisadi ekspertlər bu qənaətə 10 il bundan əvvəl gəliblər. Onda bu yanaşma daha çox fayda gətirər və əhəmiyyət kəsb edərdi. Çünki hazırda biz nefti-qazi kənara qoysaq, onda ÜDM-in 39 faizini, büdcənin 65 faizini, ixracatın isə 85 faizini itiririk. Onda ötən il bizim ÜDM 59 milyard deyil, 36 milyard manat, adambaşına illik gəlirlər isə 6264 deyil, 3821 manat, dövlət büdcəsinin mədaxili 18,4 milyard deyil, 6,5 milyard manat, cəmi ixrac 21,8 milyard deyil, 1,8 milyard ABŞ dolları olardı. Bu hesablamalar neft sektorunun təsiri ilə inkişaf edən inşaat, ticarət və xidmət bölməsi nəzərə alınmadan aparılıb”.

“İstənilən halda mən bu fikirləri Azərbaycanda post -neft gəlirləri dövrünün anonsunun verilməsi kimi dəyərləndirirəm. Amma indiki şərrtlər (inhisarçılıq, korrupsiya, himayəçilik, mərkəzləşdirmə, inzibatçılıq və s. ) post-neft dövründə ciddi çətinliklərlə üzləşəcəyimizi proqnozlaşdırmağa imkan verir. Yeganə alternativ bazar iqtisadi mexanizmlərinin tətbiqindən və iqtisadiyyatın liberallaşdırılmasından keçir”,-deyə iqtisadçı fikrini tamamlayıb.

Ana səhifəXəbərlərQubad İbadoğlu: Əgər nefti, qazı kənara qoysaq…