Qubad İbadoğlu: COVİD-19-a görə əmlak portfelinin gəlirliliyi aşağı düşməlidir

“Hazırda satılan əmlakın gəlirliyi ötən il satılan Milandakı əmlakla müqayisədə 5 dəfədən də çoxdur”.

Foto: arxiv


"Rəqəmlərdən görünən odur ki, ötən dövr ərzində bu əmlakdan gəlirlik səviyyəsi yüksək olub"

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 2014-cü ildə Seul şəhərinin mərkəzində aldığı 25 mərtəbəli "Payn Avenyu A" Qülləsini satıb.

ARDNF 447 milyon dollara aldığı mülkü 6 il 6 ay sonra 13,5 milyon dollar baha, 460,5 milyon dollara satıb.

Bu barədə ARDNF məlumat yayıb.

Əmlakın satılması ilə bağlı açıqlama verən ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov deyib ki, mülk 2014-cü ilin martında 470 milyard Koreya vonu ödəməklə satın alınıb.

Ofis binasının icarəsi üzrə gəlirliliyi 31,4 faiz, qiymət artımından gəlirliliyi isə 4,8 faiz olub.

Ümumi gəlirlilik 36,2 faiz təşkil edib.

“Müasir standartlara cavab verən, əlverişli şərtlərlə alınmış "Payn Avenyu A" Qülləsi bizim üçün daşınmaz əmlak bazarındakı inkişaf perspektivlərindən yararlanmaq istiqamətində mühüm fürsət idi. Binanın uğurlu satışı bu strategiyanın doğruluğunu sübut etdi, müvafiq risk səviyyəsinə uyğun yüksək gəlirlilik əldə olundu. Bununla yanaşı, "Payn Avenyu A" Qülləsinin satışı koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış çətin vəziyyətə baxmayaraq, daşınmaz əmlak bazarının nə qədər dayanıqlı olmasını nümayiş etdirir. Bu aktivin satışı eyni zamanda ARDNF-in əsasən, daşınmaz əmlaka investisiya qoyan pay fondlarına yatırımlara söykənən yeni strategiyası ilə uyğunluq təşkil edir", – deyə ARDNF-in İcraçı direktoru İsrafil Məmmədov qeyd edib.

"Payn Avenyu A" Qülləsi 521,5 milyard Koreya vonu müqabilində binanın əsas icarəçisi olan “Shinhan Card” şirkətinə satılıb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, rəqəmlərdən görünən odur ki, ötən dövr ərzində bu əmlakdan gəlirlik səviyyəsi yüksək olub.

Amma icraçı direktor yüksək gəlir verən obyekti nədən satdıqlarına izahat verməyib: "Hazırda satılan əmlakın gəlirliyi ötən il satılan Milandakı əmlakla müqayisədə 5 dəfədən də çoxdur. Əslində COVİD-19-a görə əmlak portfelinin gəlirliliyi aşağı düşməlidir. Əgər belə gözləntilər varsa, onda nədən Cənubi Koreyada gəlirlik səviyyəsi yüksək olan əmlak satışa çıxarılıb, amma Moskvada, Tokyoda və Londonda ziyanla işləyən əmlaklarla bağlı eyni qərar qəbul edilmir".

İqtisadçı deyir ki, bu satışa qədər ARDNF-nin aktivlərinin 6 faizi əmlaka yatırılmışdı, halbuki investisiya siyasətinə görə, əmlak portfelinin hədəfi 10 faiz müəyyənləşdirilib: "Yeri gəlmişkən, Milli Məclis də oktyabrın 15-dən başlamalı olan 2021-ci ilin büdcə layihəsinin müzakirəsini ləngidir. Hesab edirəm ki, iqtisadiyyat və Qarabağ üçün çox vacib olan büdcə müzakirəsi müharibə bəhanəsi ilə ləngidilməməlidir".

Ana səhifəİqtisadiyyatQubad İbadoğlu: COVİD-19-a görə əmlak portfelinin gəlirliliyi aşağı düşməlidir