”Bu gedişlə qeyri-neft sektorundan daxilolmaların artmayacağı şəraitdə büdcədə ilin sonuna yaxın gərginlik yaranacagını ehtimal oluna bilər”
”Son iki ayda büdcə gəlirləri kəskin azalıb, xərcləri isə sürətlə artıb. İlin ilk yarısında dövlət büdcəsində neft gəlirlərinin payı 68,1 faiz olub”.
Bu fikirləri iqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəində yazıb.
İqtisadçı daha sonra qeyd edib ki, ilin son 2 ayına olan büdcə gəlirləri göstəriciləri ciddi narahatlılıq doğurur. Belə ki, bu ilin may ayında dövlət büdcəsinə 740,3 milyon manat, iyun ayında isə 680 milyon manat vəsait toplanıb. Bu isə müvafiq olaraq son 6 aya olan orta aylıq göstəricidən 33,5 faiz və 27,6 faiz azdır. Dövlət büdcəsinə yanvar ayında 1 milyard 350 milyon, fevral ayında isə 1 milyard 33 milyon manat vəsait toplanmışdı: “Bu il Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin məbləği 7 milyard 615 milyon manat və ya ayda orta hesabla 634,5 milyon manat proqnozlaşdırılıb. Bu isə o deməkdir proporsional olaraq bu ilin ilk yarısında dövlət büdcəsinə yığılan vəsaitin 62,1 faizini birbaşa Neft Fondundan transferləri təşkil edir. Bundan başqa, il ərzində dövlət büdcəsinə xarici neft şirkətlərindən vergi daxilolmaları 370 milyon manat proqnozlaşdırılıb, elə təxminən bu qədər də vəsaitin Dövlət Neft Şirkətindən daxil olması gözlənilir. Belə olan halda ilin ilk 6 ayında dövlət büdcəsinin gəlirlərində neft bölməsindən daxilolmaların payı 68 faizdən çox olur. Göründüyü kimi, cari ilin dövlət büdcəsi hələ də neft gəlirlərindən asılı olaraq formalaşır. Odur ki, bu ilin ikinci yarısında büdcənin vəziyyəti və eyni zamanda bununla da xarici faktorlardan asılı olacaq. Hətta neft gəlirlərinin artması paralel olaraq Dövlət Neft Fondundan transferləri çoxalda bilər. Bu isə büdcə gəlirlərin il ərzində 70 faizindən çoxunun bu mənbədən formalaşmasını şərtləndirə bilər”.
Rəsmi statistik məlumatlara əsaslanan Qubad İbadoğlu bildirib ki, dövlət büdcəsinə 6 ayda yığılan 6 133,8 milyon manatın yarısı son 2 ayda – may və iyun aylarında xərclənib: “Son 2 ayda büdcə xərcləmələrinin kəskin artmasında Formula 1 Avropa Qran Pri yarışlarının da rolunun olması da şübhə doğurur. Əvvəlki illərin praktikasından görsənir ki, ilin ikinci yarısında, xüsusilə də noyabr-dekabr ayında büdcə xərcləmələri çoxalır. Bu gedişlə qeyri-neft sektorundan daxilolmaların artmayacağı şəraitdə büdcədə ilin sonuna yaxın gərginlik yaranacagını ehtimal oluna bilər”.