Qubad İbadoğlu: Azərbaycanda kadrlar olsa da, onlarda təşəbbüs yoxdur

Onun fikrincə, müstəqil təşəbbüslər ali idarəetmə orqanı tərəfindən yaxşı dəyərləndirilmir.

Source: prezident.az


“Qərar qəbuletmə alqoritmi yoxdur”

“Hazırki dövrdə Azərbaycanda idarəçiliyin koordinasiya olunmadığı görünür”.

Bunu Meydan TV-yə Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu iyulun 23-də su porblemlərinə həsr olunan müşavirədə prezident İlham Əliyevin çıxışını şərh edərək deyib.

İlham Əliyev müşavirədə mövcud vəziyyəti qiymətləndirərkən bildirib ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər:

“Ona görə keçən il biz vaxt itirmişik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik”.

Dövlət başçısının su təsərrüfatı ilə bağlı dediklərini qismən COVİD-19-la mübarizə üçün Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın da qərarlarına aid etmək olar. Qərargahın üzvlərinin bəzən bir-birini təkzib edən bəyanatları, bir-birinə əks olan qərarların verilməsi bunu deməyə əsas verir. Misal kimi, iyunda iki dəfə həftəsonu günlərində karantin rejiminin ən sərt formasının tətbiq edilməsini göstərmək olar. Qərar verilərkən, bunun gözəl nəticələr verəcəyi iddia olunurdu. Sonradan onun tam səhv olduğu etiraf edildi. Digər bir misal isə, şəhərdaxili yollarda polis postlarının ləğv ediləcəyi, karantin qaydalarını pozan avtomobillərin isə kameralar vasitəsilə müəyyən ediləcəyi barədə bəyanatdan bir gün sonra belə postların bərpası və bu barədə DİN-nin açıqlamasıdır.

Bütün bu misallar böhranlı vəziyyətdə düzgün qərar qəbul edə bilən kadrların ya çatışmaması, ya da ümumiyyətlə olmamasını nümayiş etdirir.

Qubad İbadoğlu isə hesab etmir ki, problem kadrlardadır. O deyib ki, kadrlar var və kadr tapmaq da, cəlb etmək də mümkündür.

“Sadəcə, problem qəbul olunan qərarların çevik olmaması və zamanında verilməməsiylə bağlıdır. Azərbaycan hakimiyyətində kadrlar müstəqil, təşəbbüskar deyillər. Müəyyən məsələlərdə təşəbbüskarlıq göstərməyə çəkinirlər. Kənardan belə görünür ki, bütün qərarlar prezidentlə razılaşdırılmalıdır. Bu qərarın bələdiyyə, yaxud yerli və mərkəzi icra hakimiyyəti səviyyəsində olmasının fərqi yoxdur. Bu baxımdan da bir çoxları təşəbbüskarlıq göstərib öz işini riskə atmaq istəmir”.

78309566_10218390598228031_2732151013359222784_n.jpg
Qubad İbadoğlu

Onun fikrincə, müstəqil təşəbbüslər ali idarəetmə orqanı tərəfindən yaxşı dəyərləndirilmir. Digər bir problem kimi o korrupsiyanı göstərib.

“Müstəqillik, təşəbbüskarlılıq hansısa bir korrupsiya faktlarının aşkarlanması deməkdir. Kimlərinsə mənafeyinə toxunduğundan həmin adamı dərhal sıradan çıxarırlar. Ona görə də korrupsiyanın və inhisarçılığın mövcud olduğu mühitdə ən yaxşı kadrlar da belə işin səmərəli təşkili üçün fayda verə bilməzlər”.

Qubad İbadoğlu deyib ki, qərarların qəbulunun alqoritmi olmalıdır. İqtisadçı bildirib ki, aşağı səviyyələrdən problemlər təqdim olunmalı, onun üzərindən müzakirələr orta və yuxarı səviyyədə aparılmalıdır.

“Təəssüf ki, aşağıdan gələn məlumatlar ümumiyyətlə nəzərə alınmır. Siqnallar daxil olarsa, sadəcə, onu müzakirə etmək və onun üzərində bir siyasət qurmaq ənənəsi yoxdur. Yalnız İlham Əliyev tapşırıq verə bilər ki, filan sahədə problem var, gedin onu həll edin və o işin həllinə nail olurlar”.

o hesab edir ki, ölkədə həm inzibati, həm də fiskal baxımından əks mərkəzləşdirmə siyasətinin olmaması mövcud mənzərəni yaradıb.

“Yerlərdə bələdiyyələrin, icra hakimiyyətinin məsuliyyətində olan məsələlər mərkəzi icra hakimiyyəti ilə razılaşdırılmadan həll olunmur. Ən ciddi məsələ hakimiyyətin xalqın qarşısında hesabatlı olmamasıdır. Normal bələdiyyə seçkiləri və yerli idarəetmənin səlahiyyələri olsa, bu qədər ciddi problemlərlə üzləşməzdik. Xalqın qarşısında hesabatlı olmadığından onun problemlərinin həllində də maraqlı deyillər”.

Ana səhifəSiyasətQubad İbadoğlu: Azərbaycanda kadrlar olsa da, onlarda təşəbbüs yoxdur