Qubad İbadoğlu: “Azərbaycan iqtisadiyyatı sınaq qarşısındadır”

Vahid Əhmədov: “Bundan sonra da neftin qiymətinin artıb-azalacağını heç kim dəqiq deyə bilməz”

Source:


Vahid Əhmədov: “Bundan sonra da neftin qiymətinin artıb-azalacağını heç kim dəqiq deyə bilməz”

“Son on ildə xarici faktorlardan asılı vəziyyətdə inkişaf edən Azərbaycan iqtisadiyyatı hazırda sınaq qarşısındadır”. Bu fikirləri iqtisadçı Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təşəbbüsü ilə keçirilən dəyirmi masada səsləndirib.

“Dünya bazarında neftin qimətinin ucuzlaşmasının və Rusiyada iqtisadi böhranın Azərbaycana mümkün təsirləri” mövzusunda keçirilən tədbirdə iqtisadçı bildirib ki, dünya bazarında neftin qiymətinin ucuzlaşması və Rusiyadakı vəziyyətin Azərbaycana təsirləri həm mətbuatın, həm də hökumətin diqqətindədi: “2015-ci il üçün qiymət proqnozlarına gəlincə, son beş ildəki yüksək neft qiymətləri ilə dünya bazarında qarşılaşmayacaqsınız. Yanvar ayına olan məlumata görə, 1 barrel brent markalı neftin qiyməti 48,4 dollara qədər ucuzlaşıb. Dünya üzrə 2014-cü ildə neftin təklifi tələbdən çox olub. Bu da ucuzlaşmanı şərtləndirən əsas amillərdən biridi. Dünya bazarına ən çox neft çıxaran OPEC-di. Neft ixracatçılarının birliyində Səudiyyə Ərəbistanı xüsusilə fərqlənir. OPEC-dən kənar oyunçular sırasında Rusiya və ABŞ dünya bazarında əsas neft təklif edən ölkələrdir”.

“2015-2016-ci illər üçün müxtəlif proqnozlar var. Hesab edirəm ki, Beynəlxalq Enerji Agentliyi çox mötəbər təşkilatdı. Onların proqnozlarına üstünlük verdim. Bəzi proqnozlarda neftin qiymətinin 25 dollara qədər ucuzlaşacağı, bəzilərində isə qiymətinin 40 dollardan aşağı düşməyəcəyi bildirilir. Hamı yekdilliklə neftin əvvəlki yüksək qiymətə satılmayacağını deyir. Göründüyü kimi, Beynəlxalq Enerji Agentliyi il üçün orta qiyməti 54,5 WTI markalı xam neftə proqnozlaşdırılıb. Brent markalı neft 57,58 – Azərbaycan nefti də bu markaya uyğundu proqnozlaşdırılıb. 2016-cı iləd qiymətlərin daha da bahalaşacağını proqnozlaşdırıblar. Neftin qiymətinin bu səviyyədə olması həm benzinin, həm dizel yanacağının, həm də təbii qazın qiymətinə təsir edir. Məsələn, proqnozlaşdırırlar ki, benzinin 1 qallonu orta hesabla bu il 2,33 dollar olacaq. Bir qallon 3,78 litrə bərabərdi” – dedi Q.İbadoğlu.

İqtisadçının fikrincə, dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması səbəbindən Azərbaycanda da neft-qaz gəlirlərinin azalması müşahidə olunur: “Ucuzlaşmanın davamlı ola biləcəyini qəbul etməyən hökumətin bu il ərzində dövlət büdcəsi və Neft Fondunun büdcəsinin gəlirlərini 1 barel üçün 90 dollardan hesablamasını yanlış hesab edirəm. Fondun büdcəsində Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərin 95 faizdən çox olduğunu nəzərə alsaq, bu halda əsassız proqnozların ciddi fəsadları ilə üzləşə bilərik”.

Rusiyada baş verən proseslərin Azərbaycana təsirlərindən də danışan iqtisadçının sözlərinə görə, rublun dəyərdən düşməsi manata qarşı təzyiqləri artırır. Məhz bu səbəbdən dekabr ayında Azərbaycan Mərkəzi Bankı qeyri-nağd və nağd şəkildə bazara 1,2 milyard dollar məbləğində satışyönlü müdaxilə edib. Bu istiqamətdə müdaxilələrin getdikcə artacağını ehtimal edən Q.İbadoğlu bildirdi ki, manatın sabitliyinin qorunması cari il ərzində hökumətə çox baha başa gələcək və Mərkəzin Bankın valyuta ehtiyatları da buna görə kəskin azalacaq.

Azərbaycan Dövlət Neft Şirkəti baş ofisinin iqtisadiyyat və uçot idarəsinin rəis müavini  Ənvər Qasımov isə neftin ucuzlaşmasının şirkətin gəlirlərinə təsir göstərməyəcəyini düşünür: “Neft Şirkətinin istehsal etdiyi neft emal edilərək daxili bazara yönəldilir. Dövlət Neft Şirkətinin ixrac etdiyi məhsula görə qiymətlərin ucuzlaşmasının böyük təsirləri də yoxdur. Hazırda ARDNŞ 8 milyon tondan artıq neft hasil edir. Bundan əlavə, ARDNŞ-in Hasilatın Pay Bölgüsü Sazişində payı var. Bildiyiniz kimi, bu saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” yatağı istifadə olunur. Təbii ki, neftin qiymətinin aşağı düşməsi bu istiqamətdə gələn gəlirləri azaldır. Amma ümumilikdə, sözügedən ucuzlaşmanın şirkətin builki gəlirlərinə o qədər də əhəmiyyətli təsirləri olmayacaq. İstehsal olunan və satılan məhsulların daxili bazar qiymətləri ilə tənzimlənməsi, necə neftin qiyməti yüksək olan vaxtlarda şirkətin gəlirlərinə bir o qədər pozitiv təsir etmirdi, indi də neqativ təsirləri görünmür”.

“Azərbaycan neft ixra edən ölkədi. İxracımızın təxminən 92-93 faizini neft və qaz təşkil edir. Büdcəmiz də faktiki olaraq neftdən asılıdır. Bunu həmişə çıxışlarımızda qeyd edirik. 2015-ci ilin dövlət büdcəsi müzakirə olunanda ən ciddi müzakirə məsələsi neftin qiyməti oldu. Təklif etdik ki, neftin qiyməti aşağı səviyyədə götürülsün. Əgər neftin qiyməti yüksələrsə, sonradan büdcəyə əlavələr edə bilərik. Ancaq Azərbaycan hökumətinin nümayəndləri israrla dedilər ki, neftin qiyməti orta hesabla 90 dollar olacaq, ondan aşağı olmayacaq. Buna görə biz neftin qiymətini 90 dollardan götürdük. Bundan sonra da neftin qiymətinin artıb-azalacağını heç kim dəqiq deyə bilməz. Qiymət dünyada gedən siyasi proseslərdən birbaşa asılıdı” – bunu millət vəkili Vahid Əhmədov söylədi.

Millət vəkili bildirdi ki, Azərbaycan üçün ən ciddi problem neftdən gələn gəlirlərin dövlət büdcəsinə təsiridir: “Problemlər yaşanacaq, bunu hamı bilir. Dövlət büdcəsi neftən gələn mənfəət vergisindən asılıdı. Ucuzlaşma Dövlət Neft Fondunun gəlirlərini azaldacaq. Neftin qiyməti bir neçə variantda hesablanıb – 2015-ci ilin dövlət büdcəsində 7 milyard manatlıq investisiya xərci ayrılıb. Onun təxminən 1,5 milyardı Avropa Oyunlarına xərclənəcək. Mən hesab edirdim ki, hökumət investisiya xərclərinin hamısını istifadə edəcək. Amma sonradan həmin xərclərə baxdım. Hökumət 7 milyardlıq investisiya xərcinin 1,9 milyard manatını ehtiyat kimi saxlayıb. Təqribən 5 milyard manatı icra olunacaq. Bu səbəbdən sosial layihələrin, sosialyönlü xərclərin icrasında problemlər olmayacaq”.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev problemi Rusiya iqtisadiyyatı ilə bağlamağın düzgün olmadığını dedi: “Neft qiymətinin aşağı düşməsini dəfələrlə görmüşük və hər dəfə hansısa proseslər əsasında bu yolu keçə bilmişik. Büdcə 90 dollardan hesablansa, o zaman ilin sonunda 6 milyard manat kəsir olacaq. Qanuna görə, büdcədə müdafiə olunan xərclərə toxunula bilməz. İnvestisiya xərclərinin içində isə əsas yük Cənub Qaz Dəhlizi və Avropa Oyunlarının təşkilidir ki, təxirə salınması mümkün deyil. Ona görə də 2015-ci ilin dövlət büdcəsinin icra etmək asan olmayacaq”.

İqtisadçının fikrincə, xərcləri optimallaşdırmaq üçün dövlət strukturlarında islahatlar aparılmalıdır: “Bu gün Azərbaycanda 20 nazirlik fəaliyyət göstərir. Hələ dövlət komitələrini saymıram. Misal üçün, İngiltərə kimi dövlətdə nazirliklərin sayı 17, ABŞ-da 16-dır. İdarətmə sistemində qüsurlar çoxdur. İdarəetməni optimal şəkilə gətirmək olar. İkincisi, vergi bazasını genişləndirmək üçün kölgə iqtisadiyyatına qarşı mübarizə aparmaq lazımdır”.

İqtisadçı Azər Mehtiyevin sözlərinə görə, büdcə gəlirlərinin, istehsal və ümumi daxili məhsulun yarıdan çoxu neftdən asılıdı və neft qiymətinin ucuzlaşmasının ölkəyə təsirinin olmayacağını demək qeyri-ciddilikdi: “İkinci məqam da dünya neft bazarında baş verən proseslər və onların uzun və ya qısamüddətli olmasından asılıdı. Təbii ki, 2008-ci il deyil – qısa bir müddətdən sonra neftin qiyməti yenidən bahalaşdı. Dünya neft bazarı elə bir bazardı ki, onu proqnazlaşdırmaq, doğrudan da, çətindi. Bazarın əsas oyunçuları şirkətlər deyil, dövlətlərdir. Neft və siyasət həmişə bir yerdə olub. Bu baxımdan dünya neft bazarında baş verən proseslərə şirkətlərin təsir etmək imkanı bugünkü gün çox aşağıdı”.

İqtisadçının fikrincə, Azərbaycan iqtisadiyyatı bazarın görünməz əli ilə deyil, məmurun görünməz əli ilə tənzimlənir: “O əllərin arxasındakı maraqlarla tənzimlənir. Azərbaycan iqtisadiyatına son illər iqtisadi artıma təkan verən əsas məsələ dövlət investisiyaları olub. Dövlət büdcəsindən ayrılan vəsaitlər olub. Təbii ki, infrastruktur layihələri olub. Həmişə demişik ki, iqtisadiyyatımız o həcmdə investisiyaları həzm etmək iqtidarında deyil. O investisiyaların bir hissəsi o obyektlərə yönəldilməyib, yayındırılıb. Hardasa bir investisya “perepiska”sı var. Fakt, görünən budur. Sərbəst olmayan, monopol iqtisadiyyat problemlər doğurur. Cari xərclərin strukturunda böyük bir hissə dolayısı ilə həmin obyektlərin saxlanmasına xərclənir. Bizim uzun dövr ərzində qeyri-neft sektorunun inkişafı sahəsində atdığımız addımlar yarımçıq xarakter daşıyır. Vaxtilə kompyüter istehsal edən zavod vardı – “Kür”. Hanı o zavodun buraxdığı kompyüterlər? Eyni vəziyyət digərlərindədi”.

Ana səhifəXəbərlərQubad İbadoğlu: “Azərbaycan iqtisadiyyatı sınaq qarşısındadır”