Quba sakini: Şöbə müdiri dedi ki, mən səni tabutda gözləyirdim…

Qurumun Mətbuat Xidməti bildirir ki, Quba Rayon Mərkəzi Xəstəxanası Fərhad Osmanovun ürək-qan damar sistemini normal göstərib.

Source: Specify Source


“Prezident Aparatından tutmuş Ombudsmana qədər hər yerə müraciət etsəm də, faydası yoxdur”

“2018-ci ildən işləmirəm. Əlilliyə görə müraciət etsəm də, heç bir qurum mənə kömək etmir. Əlavə müalicəyə imkanım yoxdur. Xəstəxanadan içəri girmək də pulludur. Elə adam var, əl-ayağı salamatdır, amma rüşvət verib əlillik dərəcəsi alır. Mən anlamıram ki, bunu təyin edəndə müayinəni necə aparırlar?”

Bu sözləri Quba rayonu, Püstəqasım kənd sakini Fərhad Həsən oğlu Osmanov deyir. 52 yaşlı Fərhad Osmanov 2018-ci ilin mayından ürək-damar çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Tibbi diaqnozunda “sol mədəciyin anterior divar miakard infarktı, əvvəllər keçirilmiş miakard infarkt” qeyd olunub. Bu o deməkdir ki, vətəndaşın əsas xəstəliyi ürək-qan damar çatışmazlığı 3-cü fəsil, yanaşı xəstəliyi isə hipertoniyanın 2-ci mərhələsidir.

“3 il əvvəl rayondan təcili “Baku Medical Plaza” xəstəxanasına aparıldım. Ürəyimdə 5 damar tutulmuşdu. Onun cəmi 2-ni aça bildilər, 3-ü qaldı. Sonra yenidən Qubaya qayıtdım. Burada 6 ay stasionar-ambulator müalicə aldım. Məni yenidən Bakıda Mərkəzi Xəstəxanaya göndərsələr də, yolda maşında sancı tutdu. Elə birbaşa Sumqayıt şəhər 3 saylı Xəstəxanasına getdim. Orada 15 gün reanimasiyada, 15 gün də palatada stasionar müalicə aldım. Yenidən Qubaya qayıdandan sonra sənədlərimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərdim. Təxminən 2018-ci ilin dekabrında cavab gəldi ki, əlavə müalicəyə ehtiyacım olduğu üçün mənə əlillik düşmür. Hazırda ürəyimə əl vurmaq qeyri-mümkündür, stend qoyulub. Həkimlər bildirir ki, açıq əməliyyat olarsa, ürək partlaya bilər. Onlar bunu təsvir edəndə deyirlər ki, soğan qabığı kimi nazik ürəyin var”.

image_from_ios (5).jpg
“3 il əvvəl rayondan təcili “Baku Medical Plaza” xəstəxanasına aparıldım”.

Şikayətçi pandemiyadan qabaq hər 6 aydan bir Bakıya müayinə üçün gəlib. Elmi-Tədqiqat Kardiologiya İnstitutundan aldığı epikrizdə (xəstəliklə bağlı yekun qərar) onun ürək atım fraksiyası 30 göstərilib. İndi isə 25-ə düşüb. Burada çalışan həkim bildirib ki, Fərhad Osmanova vəziyyətinə görə əlillik dərəcəsi təyin edilməlidir.

“2019-cu ilin iyulunda yenə Bakıdan imtina kağızı gəldi. Kağızın üstündəki nömrəni yığanda bildirdilər ki, Quba Rayon Mərkəzi Xəstəxanası diaqnozu düzgün göstərməyib. Mən ekspertizaya müraciət etdim. Quba Rayon Tibbi Ekspertizasının həkimi dedi ki, gərək pul verəsiniz. Şikayət edəcəyimi bildirəndə məni təhqir etdi. Açıq-aydın qorxmadığını dilə gətirdi. Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin yanına getdim, məni qəbul etmədi. Sonra Quba Rayon İcra Hakimiyyətinin təşkil etdiyi komissiyada oldum. Faydası olmadığı üçün yenidən icra hakimiyyəti başçısına məktub yazdım. Məni çağırdılar. Orada eşitdiyim cümlələri deyirəm: “Biz sənin kimilərin şikayətinə baxmırıq”, “xoşuna gəlmir, get prokurorluğa, yolu göstərə bilərəm sənə”. Hətta şöbə müdiri ilə aramızda belə bir dialoq keçdi:

– Mən səni tabutda gözləyirdim, bu, nə şikayətdir?

– Siz məni çağırmısınız, nə günahım var?

– Pəncərəni açın, bunun kimi insanların əlindən nəfəs ala bilmirəm…

image_from_ios.jpg
“Ürəyimdə 5 damar tutulmuşdu”

Pandemiya vaxtı Quba Rayon Mərkəzi Xəstəxanası karantində idi. Poliklinikanın komissiyasında həkim dedi ki, gedib başqa xəstəxanada stasionar müalicə almalıyam. Qusara getdim. Oranın xəstəxanasından kağız gətirdim, yenə imtina gəldi”, – deyə kənd sakini bildirir.

2019-cu ildə Fərhad Osmanov səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb. Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi nazirə xəstənin hazırda qeydiyyatda olduğunu, həkim nəzarəti altında müalicə aldığını söyləyib. Səhiyyə naziri bildirib ki, vətəndaşa kömək ediləcək. Buna baxmayaraq, hələ də bir nəticə yoxdur.

Fərhad Osmanov xəstəliyə qədər əmək müqaviləsi ilə çalışıb. 6 ay müddətində əmək haqqının 30 faizini alıb. Sonradan məlum olub ki, iş yerindən onun sığorta hesabına bir qəpik belə köçürülməyib. Buna etiraz edəndə isə təhqirlərə məruz qalıb:

“Əvvəllər fiziki işlə məşğul olurdum. İndi ürəyim o qədər zəifləyib ki, əmək qabiliyyətimi itirmiş sayılıram. 3 kq-dan artıq yük belə qaldıra bilmərəm. Pensiya da almıram, çünki yaşım çatmır. O vaxt iş yerimdə həkim dedi ki, guya məndə sadəcə duzlaşma prosesi gedir, heç nəyim yoxdur. Onlar sığorta hesabıma pul köçürməli idilər, amma etmədilər. İşdən çıxmamışdan qabaq şikayət etsəm də, dedilər ki, bizə heç kim bata bilməz”.

image_from_ios (2).jpg
Ümumi şöbə müdirinin cavabı

Kənd sakini söyləyir ki, hazırda heç bir gəlir yeri yoxdur:

“Mənim oğlum İkinci Qarabağ müharibəsinin iştirakçısı, hərbi zabitdir. Kəlbəcər, Murovdağ döyüşlərində olub. 2 ilə yaxındır evə gəlmir. Həyat yoldaşımla tək qalırıq. Hər hansı gəlir yerim də yoxdur. Bacılarım mənim dərmanlarımı alır, oğlum pul göndərir. Bəs sabah övladım özü ailə qursa, necə olacaq? Hərbçi maaşı ilə iki ailə dolandırmaq olar? Elə bir dövlət orqanı yoxdur ki, müraciət etməyim. Prezident Aparatına getmişəm, Nazirlər Kabinetində olmuşam. Konstitusiya Məhkəməsinə, İnsan Hüquqları üzrə müvəkkilə, Prokurorluğa, Ədliyyə Nazirliyinə – hər yerə şikayət etmişəm. Mədəniyyət və Cənclər və İdman nazirliklərindən başqa hər yerə məktub yazmışam. Hamısı məni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndirib. Ordan da deyirlər ki, əlavə müalicəyə ehtiyacın var. Axı bunun müalicəsi yoxdur. Zəng edirəm, üzümə telefonu söndürürlər, kobud danışırlar. Şikayət məktubları yazmışam, baxılmayıb. Bir dəfə dövlət işçisindən elə cavab gəldi ki, mən onun yerinə utandım. Demişdi ki, sənə nə edirlərsə, doğru edirlər”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən Meydan TV-yə bildirilib ki, Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilən forma 88 ekspertiza komissiyasına göndərilən zaman diaqnoz və onun ağırlaşmaları əsaslandırılmayıb, kardioloq rəyi yazılmayıb, digər müvafiq müayinələr aparılmayıb:

“Belə ki, xəstənin əsas diaqnostik müayinələrindən yalnız elektrokardioqramma qeyd edilib, digər vacib müayinələrdən olan exokardioqramma heç mövcud deyil”.

image_from_ios (6).jpg
Elmi-Tədqiqat Kardiologiya İnstitutu

Qurumun Mətbuat Xidməti bildirir ki, Quba Rayon Mərkəzi Xəstəxanası Fərhad Osmanovun ürək-qan damar sistemini normal göstərib. Bu isə onun diaqnozunu inkar edir:

“Kardioloq rəy əvəzinə sadəcə Xəstəliklərin Beynəlxalq Təsnifat kodunu yazmaqla kifayətlənib. Vətəndaşın forma 88-zi, ümumiyyətlə, çox səthi yazılıb. Burada xəstənin sağlamlığı ilə bağlı məlumatlar ətraflı təsvir olunmayıb”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məlumatına əsasən, əlilliyin qiymətləndirilməsi prosesi elektron qaydada vətəndaş-ekspert ünsiyyəti olmadan həyata keçirilir. Vətəndaş əlillik təyinatı üçün yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət etməlidir, burada şəxsin müayinələrinin nəticələri, stasionar və ambulator müalicə məlumatları və s. haqqında forma 88 tərtib olunub Əlillik Altsisteminə ötürülür. Göndəriş altsistemə daxil olduqdan sonra həmin göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxsin və əlilliyi qiymətləndiriləcək şəxslərin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşın iştirakı olmadan məhz forma 88-də qeyd edilən məlumatlara uyğun əlilliyin qiymətləndirilməsi barədə qərar verilir.

image_from_ios (3).jpg
Ali Məhkəmənin aparatı
Ana səhifəBölgəQuba sakini: Şöbə müdiri dedi ki, mən səni tabutda gözləyirdim…