Güllər Məmmədova oğlunun sifarişlə həbs olunduğunu deyir
Quba sakini Güllər Məmmədova 4 aydan çoxdur ki, oğlunun şərlənərək həbs olunduğunu, onun işgəncələrə məruz qaldığını deyir. Onun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində oğlu Rəşid Məmmədova o qədər işgəncə veriblər, ölümcül vəziyyətə düşüb. Məcbur olub, onu xəstəxanaya çatdırıblar. Rəşid Məmmədovun xəstəxanaya aparılmasını, onun üzərində çoxsaylı xəsarətlər olmasını təsdiqləyən sənədlər-sübutlar da var.
“O sistemdə elələri var ki, sənəddə azərbaycanlıdır, əməldə isə ümumiyyətlə, insan deyil…”
Güllər Məmmədova Meydan TV-yə danışır ki, oğlu yanvarın 12-də həbs olunub:
“Balamın başına elə oyun açıblar, onu elə günə salıblar, hər dəfə yadıma düşəndə az qalır, ürəyim dayansın. Bunu nəinki bir azərbaycanlı azərbaycanlıya, ümumiyyətlə, insan adını daşıyan biri başqasına eləməzdi. 30 ildən sonra Xocalı faciəsini mənim ailəmin başına Bakıda gətirdilər. Polis, prokurorluq, məhkəmə sistemində elə adamlar var ki, sənəddə azərbaycanlıdılar, əməldə ümumiyyətlə, insan deyillər. Çünki insan elə hərəkət eləməz. Görün nə qədər işgəncə veriblər ki, xəstəxanalıq olub…”.
Rəşid Məmmədov hazırda Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə həbsdədir. O, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır. Cinayət işi üzrə istintaq isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır. Onu elə bu idarənin əməkdaşları tutub.
“Oğluma deyiblər ki, rayon səviyyəsində ona batmaq mümkün deyil”
Anası deyir ki, bu cinayət işindən öncə Rəşid Məmmədov haqqında sifarişlə 15 günlük inzibati həbs qərarı çıxarılıb. Onun sözlərinə görə, bütün bu baş verənlərin kökündə Qubadakı alma bağları dayanır.
Güllər Məmmədova danışır ki, oğlunun yaşadıqları Quba rayonunun Zərdabi qəsəbəsində alma bağları vardı. Onun sözlərinə görə, Rəşid Məmmədov icarəyə götürdüyü torpaq sahəsindən yığılan məhsulların Rusiya bazarına ixracıyla məşğul idi. Həbsindən bir müddət öncə ona məxsus torpaq sahələrinin başqa adamların adlarına rəsmiləşdirildiyini öyrənib:
“Ona deyiblər ki, həmin adamlar da Şahin Əsgərovun (“Foodcity Agropark” MMC-nin təmsilçisi-red.) adamlarıdır. Bunu da ona görə eləyiblər ki, Rusiyaya göndərilən almanı öz məhsulları kimi göstərsinlər. Belə olanda vergidən azad olurlar. Oğlum ona aid torpaqlarla bağlı başqa adamların adına icarə müqaviləsi bağlanmasına etiraz edib. Məsələ ilə əlaqədar Zərdabi bələdiyyəsinə müraciət edib. Bələdiyyə deyib ki, o adamlar özləri gəlib müqaviləni ləğv eləməlidir. Oğlum onun əvəzinə saxta müqavilə bağlayan adamlarla görüşüb. Oğluma deyiblər ki, onların rəhbəri Şahin Əsgərov, onu yer üzündən silər. Oğlum rayonda prokurorluğa, polisə şikayət edib. Oğluma deyiblər ki, daha yuxarıdan adam tapmalısan, çünki ona rayon səviyyəsində batmaq mümkün deyil”.
“Oğlum hakimə işgəncə izlərini göstərib, o isə heç bir tədbir görməyib”
Güllər Məmmədova deyir ki, yanvarın 12-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 4-5 əməkdaşı oğlunu yerə yıxıb, əllərini qandallayaraq, idarəyə gətirib. Onun sözlərinə görə, idarədə Rəşid Məmmədovu döyə-döyə Şahin Əsgərova “ilişməsini” irad tutublar:
“Onu bir xeyli döyüb, üst-başı qan içində olandan sonra Şahin Əsgərova görüntülü zəng edib göstəriblər. Sonra qarşısına narkotik qoyublar ki, boynuna götürsün. Nə qədər döyüblər, götürməyib. Ondan sonra elə rəsmiləşdiriblər ki, guya küçədə söyüş söyüb, polisə müqavimət göstərib. Qan içində də məhkəməyə aparıblar, 15 sutka həbs qərarı alıblar. İşgəncədən elə vəziyyətə düşüb ki, “Respublikanski”yə (Mirqasımov adına Respublika Xəstəxanası) aparıblar. Gültəkin adlı hakim olub. Ona işgəncələrin izlərini də göstərib. Hakim heç bir addım atmayıb. Belə hakimlik olar? O vəziyyətdə də yalan-palan sənədlərlə həbs qərarı verib. Vəzifədən ötrü insanlığı yaddan çıxarmaq olmaz axı”.
“Bir ailənin başına bu faciəni gətirmək hara sığar?”
15 sutkalıq həbs müddəti tamam olandan sonra da Rəşid Məmmədov buraxılmayıb. Bu dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun barəsində cinayət işi başlanıb, Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarında iddia olunur ki, o, Şahin Əsgərova yaxın olan 7 nəfərdən hədə-qorxu ilə pul tələb edib. Həmin şəxslər Rəşid Məmmədovun əleyhinə ifadə verərək, onlardan pul tələb etdiyini deyiblər:
“Oğlum tutulandan sonra ordan-burdan pul yığdım, onun üçün vəkil tutdum. 15 gün onun yanına vəkil qoymadılar. Onu qanına qəltan elədikləri günlərdə… Əgər düz adam idinizsə, oğlumun günahı vardısa, niyə yanına vəkili qoymurdunuz? Günahı varsa, sübutunuzu qoyun ortaya. Qoya bilməzlər, çünki yoxdur. Belə dövlət idarəçiliyi olar? Baş verənlərdən sonra gözüm tutuldu, böyük oğlum kredit götürüb əməliyyat elətdirdi. Yoldaşımın nitqində qüsur yarandı. Bir ailənin başına bu faciəni gətirmək hara sığar? Rəşidin iki uşağının, yoldaşının gözü yolda qalıb. Bizim günahımız nədir axı?!”.
Ekspertiza da xəsarətləri təsdiqləyir, prokurorluq isə…
Ekspertiza da Rəşid Məmmədovun üzərində xəsarətlər olması haqda rəy verib. Rəydə göstərilib ki, həmin xəsarətlərin yaranma tarixi onun tutulduğu vaxta uyğun gəlir.
Bundan başqa, Respublika Klinik Xəstəxanasına çatdırılması və orada tibbi yardım göstərilməsi haqda da sənədlər var.
Nərimanov Rayon Prokurorluğu Rəşid Məmmədovun işgəncə iddialarıyla bağlı şikayətini əsassız sayıb. Prokurorluq 2 aprel 2023-cü il tarixli qərarıyla cinayət işi başlanmasını rədd edib.