Quba Hava Limanının tikintisi dayandırılıb

“Camaat bilmir alma ağaclarını kəssin, yoxsa becərsin”

Source:


“Camaat bilmir alma ağaclarını kəssin, yoxsa  becərsin”

“Torpaqlarımızı alacaqlarını demişdilər. Gəlib evlərdə hər birimizlə ayrı-ayrılıqda danışmışdılar. O vaxtdan işdən-gücdən əlimiz soyuyub. Bilmirik alma ağaclarımıza qulluq edək, yoxsa torpaq əlimizdən çıxacaq, əziyyət çəkməyək. Qalmışıq çıxılmaz vəziyyətdə”, – Qubanın Davidoba kəndinin sakini Hüseyn Kərimov belə deyir.

Quba Hava Limanının tikintisinə görə alma bağı plana düşən H.Kərimova torpağını alıb, əvəzində pul verilməsi sərf etmir. Deyir, yeni saldığı alma bağından gələcəkdə daha çox gəlir götürmə şansı var:

“Dedilər, dövlət ehtiyacıdır, satmalısan. Birtəhər razılaşdıq. İndi də bilmirik ki, torpaqlarımızı alacaqlar, ya yox. Bilmirik, bağımıza ürəkli qulluq edək, ya yox. Bizə məlumat verən yoxdur”.


“Bir neçə mühafizəçidən başqa kimsə qalmayıb”

Quba Hava Limanı 600 hektardan çox ərazini əhatə edəcəkdi. Bu ərazi də Qubanın 3 kəndinin – Davudoba, Hacıqayıb və Ərməkiqışlağın müəyyən hissələrini əhatə edirdi. Bu kəndlərdəki meyvə bağlarının, örüş sahələrinin bir hissəsi də plana düşmüşdü. Sakinlərlə danışıqlar aparılsa da, ötən bir il ərzində onlara heç nə deyilməyib:

“Bələdiyyə torpaqları sorğu-sualsız getdi. Həmin ərazidə tikinti işləri artıq başlanmışdı. Hətta konteynerlər də gətirilmişdi. Burda gecələyən işçilər var idi. İndi bir neçə mühafizəçidən başqa kimsə qalmayıb. Desələr ki, aeraportun tikintisi təxirə salındı, daha olmayacaq, biz də işimizi bilərik. Əslində bizə aeraport, alınan torpaqlarımızdan veriləcək pul lazım deyil. Bizə həmişə gəlir gətirəcək torpaqlarımız daha sərfəlidir”, – deyir Hüseyn Kərimov.


Yevda Abramov: “Camaat bilmir alma ağaclarını kəssin, yoxsa becərsin”

Görünür, bu problem Qubadan olan millət vəkili Yevda Abramovu da narahat edib. O, ötən il Milli Məclisin sessiyalarının birində Quba Hava Limanının tikintisinin dayandırılmasından danışıb. Bildirib ki, aeroportun tikintisi üçün əvvəlcə əhalidən əvəzi ödənilməklə torpaq alındı, əraziyə texnika yerləşdirildi. Lakin indi naməlum səbəblərdən həmin texnika ərazidən çıxarılıb. Əhali bilmək istəyir bu iş davam edəcək, ya yox: “Camaat bilmir alma ağaclarını kəssin, yoxsa  becərsin. Burada bir neçə fikir var. Deyirlər, Rusiya burada hava limanının tikilməsinə etiraz edir. Ərazi bir-birinə yaxın olduğundan aviasiya qaydalarına görə bu olmaz və s”.

Millət vəkili bu məsələyə dövlətin münasibət bildirməsini istəyir: “Belə olsa, əhali də işini bilər”.


“Nə şirkət var, nə də işçi”

H.Kərimov onu da deyir ki, tikintidə kənddən də bir neçə nəfər mühafizəçi, fəhlə kimi işləyirdi: “Onlarla müqaviləni “Azvirt” şirkəti bağlamışdı. Ərazidəki avadanlıqların, işçilərin geyimlərinin də üstündə bu şirkətin adı var idi. Ancaq bu gün nə şirkət var, nə də işçi. Tikinti ərazisində kimsə qalmayıb. İşçilərə də deyiblər: “Gedin, çağıranda gələrsiz””.


Tikintini aparan şirkət, bu barədə məlumat vermir

Bölgələrdəki hava limanı tikintilərinə son illər investisiya xərcləri çərçivəsində xeyli vəsait ayrılıb. Qəbələdə hava limanının tikintisinə 80 milyon, Gəncə aeroportunun müasir standartlar səviyyəsində yenidən qurulmasına 39.5 milyon, Lənkəran Hava Limanının tikintisinə 51.5 milyon, Zaqatala aeroportunun yenidən qurulmasına isə 27.1 milyon manat xərclənib. Bəs, Quba Hava Limanı? Nə dövlət büdcəsində, nə də investisiya xərcləri istiqamətində ayrılan vəsaitlərin sırasında Quba Hava Limanının adı yoxdur. Bircə, o bəllidir ki, tikintini “Azvirt” MMC aparır.

Bu barədə şirkətin internet saytında da məlumat var. Ancaq onlar tikintinin nə səbəbə dayanması, ümumiyyətlə, Quba Hava Limanının tikintisi haqqında danışmaq istəmədilər: “İşimizlə bağlı məlumat vermirik”.

Quba Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, Quba Hava Limanı üçün ərazi ayrılıb, yol çəkilib, ancaq tikintisinə başlanmayıb: “Onun üçün gərək Nazirlər Kabinetinin qərarı ola, vəsait ayrıla ki, hava limanı tikilə. Hələlik bundan artıq məlumatımız yoxdur”.


“200 kilometrlik bir ərazidə 3-4 hava limanının olması anlaşılan deyil”

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ümumiyyətlə, Bakıdan 170 km məsafədə yerləşən şəhərə aeroport lazım deyil. Buna görə, camaatın meyvə bağlarına əl qoymaq, onları illər boyu qazanc götürəcəkləri təsərrüfatlarından ayırmaq düzgün deyil: “Üstəlik, Şimal bölgəsində həm Gəncə, həm Qəbələ, həm Zaqatala, həm də köhnə də olsa Şəkinin özündə aeroport var. Bir də Qubada hava limanının tikilməsi anlaşılan deyil. Cəmi 200 kilometrlik bir ərazidə 3-4 hava limanının olması Azərbaycan kimi kiçik ölkədə məntiqə əsaslanmır. Bunlar gözdən pərdə asmaq üçün olan layihələrdir”.

Ana səhifəXəbərlərQuba Hava Limanının tikintisi dayandırılıb