Fevralın 9-da 3 saylı Şəhər Klinik Xəstəxanada 1986-cı il təvəllüdlü Elnurə Elman qızı Xanəliyeva keysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.
Anası Telnarə Xankişiyeva deyir ki, Beyləqanın Nil qəsəbəsində yaşayan qızı iki uşaq anası imiş. Üçüncü övladının yolunu gözləyərkən qripə yoluxub. Lakin həkim xəstəxanada qalmasına ehtiyac görməyib. Təkrar evə qayıdan Elnarə Xanəliyevanın vəziyyəti ağırlaşır və həkim uşağı keysəriyyə yolu ilə götürməyi məsləhət görür.
Ancaq Elnarə Xanəliyeva əməliyyatdan sağ çıxmır.
Həkimlərin ailəsinə verdiyi məlumata görə, qadının kor bağırsağında problem olub, narkoz verdikdən sonra vəziyyəti ağırlaşıb, körpə sağ qalsa da, ananı xilas etmək mümkün olmayıb.
Mərhumənin yaxınları xəstəxananın həyətinə toplaşsa da, əməliyyatı həyata keçirən Aygün adlı həkimlə görüşə bilməyiblər. Xəstəxanadan Meydan TV-yə həkimin burada olmadığını bildiriblər. Xəstəxananın baş həkimi Fikrət Zeynalov isə hadisə barədə sabah açıqlama verəcəyini deyib