“Qrant haqqında” və “QHT-lər haqqında” qanunlar dəyişdi

Bahar Muradova: “Biz hər manatın nəyə xərcləndiyini bilmək istəyirik, şəffaflığı zəruri sayırıq”

Source:


Bahar Muradova: “Biz hər manatın nəyə xərcləndiyini bilmək istəyirik, şəffaflığı zəruri sayırıq”

Oktyabrın 17-də Milli Məclisdə “Qrant haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlara əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.  “Qrant haqqında” qanun layihəsinə əlavə və dəyişiklik barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Bu barədə məlumatı bizimyol.info yayıb.

Xəbərdə bildirilir ki, “Qrant haqqında” qanunun edilən əlavəyə əsasən Azərbaycan ərazisində qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədə müvafiqliyinə dair rəyi tələb olunacaq. Azərbaycanda donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Qrant müqavilələrinin (qərarların) qeydə alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Qeyri-hökumət təşkilatı tərəfindən nəzərdə tutulmuş xidmətlərin göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçiriləcək. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və  ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır. Müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaq.

bizimyol.info-nun məlumatına görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklərlə bağlı QHT-lərlə görüşlər keçirilib, narahatlıqlar dinlənilib. “QHT rəhbərləri bildirdilər ki, qanuna edilən dəyişiklikdən sonra xarici donorlar Azərbaycanda QHT-lərə qrant ayırmaqda maraqlı olmayacaq” – deyən Ə.Hüseynli vurğuladı ki, dəyişiklikdə nəzərdə tutulmuş tələblər qanunidir və kimlərinsə qrant vermək niyyətləri fərqlidirsə, onlar prosesdən kənarda qalacaqlar. “QHT-lərlə məsləhətləşmədən sonra qanun layihəsinə belə təklif də daxil edildi ki, dövlət büdcəsindən maliyyələşdirilən qurumlar da donor qismində çıxış edə bilərlər”.

Müzakirələrdə deputat İqbal Ağazadə qanun layihəsinin mənfi nəticələri olacağını vurğulayıb: “Avropa təşkilatlarının mənfi imicini qazanacağıq. Bu qədər ağır prosedurlarla hansı xarici donorlar Azərbaycanda fəaliyyətdə maraqlı olacaqlar? Onlar Gürcüstan və Ermənistanda QHT-lərə qrant ayırmaqda maraqlı olacaqlar. Kim qarantiya verir ki, sabah Gürcüstanda banklarda hesab açılmayacaq, Azərbaycanda fəaliyyət göstərən müəyyən QHT-lərə nəğd pul verilməyəcək? Azərbaycan hökumətinə fərqli münasibət bəsləyən QHT-lərə dövlət qurumları, Azay Quliyevin sədri olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant verməyəcəyini siz də, mən də bilirəm”.

Sədr müavini Bahar Muradova həmkarına cavab verib ki, Gürcüstan, yaxud Ermənistanda hesab açılması məsələsini əsas götürməklə milli təhlükəsizliyin qorunmasını arxa plana atmaq olmaz: “Bizi qorxutmaq mümkün deyil ki, maliyyə qaynaqları qonşulara getsin. Biz hər manatın nəyə xərcləndiyini bilmək istəyirik, şəffaflığı zəruri sayırıq. Əks halda, qoy o pullar başqa ölkələrə getsin. Biz yardım istəyən yox, yardım verən ölkələrik. Dövlət qurumlarının, Şuranın verdiyi qrantları əksiklik sayanlar varsa, bu, başqa məsələdir. Kim bizimlə bu şərtlərdə işləmək istəyirsə, qapılarımız açıqdır. Onların agentləri də istəyirlərsə, bu şərtlərlə Azərbaycanda fəaliyyət göstərərlər, istəməsələr, xaricə havadarlarının yanlarına gedərlər. İstəyirik ki, bizə dost olan dairələrlə işləyək, dost olmayan dairələrlə işləmək isə bizə lazım deyil”.

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda xarici donorların QHT-lərə verdikləri qrantlar Gürcüstan və Ermənistanda QHT-lərə verilən qrantlardan 3-4 dəfə artıqdır: “Bu məbləğ keçən il 22 milyon dollar olub. Ancaq ABŞ Dövlət Departamenti Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycana 3-4 dəfə az vəsait ayırıb. Xoruzun quyruğu burada görünür…

Hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bu düzəlişləri şərh edən ekspertlər qeyd edirlər ki, dəyişikliklər xarici donorlar üçün əlavə filtrlər müəyyən edir.

Birincisi, onlar donor olmaq hüququ əldə etməli, daha sonra layihənin maliyyələşdirilməsinin məqsədəuyğunluğunu sübut etməli, sonra isə qrantı alan onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidir.

Hakimiyyət yenilikləri şəffaflıq və qrantlardan məqsədyönlü istifadə zərurəti, habelə QHT-lərin xaricdən çox maliyyələşdirilməsinə ehtiyac olmaması ilə əsaslandırır.

Yerli QHT-lərə büdcəsinin genişləndirilməsi nəzərdə tutulan QHT-lərə Dövlət Dəstəyi Şurasının xidmətlərindən istifadə etmək təklif olunur.

Lakin çətin ki, Şura hakimiyyətin mövcudluğunu inkar etdiyi siyasi məhbusların hüquqlarının müdafiəsi üzrə layihələri maliyyələşdirsin və ya dövlət orqanları tərəfindən korrupsiya faktlarının araşdırılmasını dəstəkləsin.

Parlamentdə müzakirələr zamanı deputat İqbal Ağazadə bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası hakimiyyəti tənqid edən müstəqil QHT-lərə qrant ayırmır.

Buna görə yeniliklər vətəndaş sektorunun onsuz da ağır olan vəziyyətini daha da pisləşdirəcək (Turan İA).

Ana səhifəXəbərlər“Qrant haqqında” və “QHT-lər haqqında” qanunlar dəyişdi