“Qoy Paşinyan Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi”

İlham Əliyev “atəşkəs nə qədər davam edəcək” sualına belə cavab verib

Source: Specify Source


İlham Əliyev: “Bütün silahlar Rusiyadan pulsuz göndərilir”

Azərbaycan Prezidenti İlham Əliyev 10 oktyabrda imzalanmış Moskva razılaşmasını müsbət qiymətləndirib.

Rusiyanın RBK kanalına

müsahibə

verən prezidentin sözlərinə görə, razılaşmada prinsipial əhəmiyyətli bir məqam odur ki, bu, Azərbaycanın mövqeyidir:

“Mən şadam ki, həmin mövqe bu sənəddə öz əksini tapıb. Ermənistan ilə Azərbaycan arasında substantiv danışıqlar başlanır, həmçinin danışıqların formatının dəyişməz qalması təsdiqlənir. Ermənistanın yeni hakimiyyəti bu iki mövqeyi pozmağa çalışırdı. Ona görə ki, heç kəs üçün sirr deyil, Yerevandan səslənən bəyanatlar mahiyyət etibarilə uzun illər ərzində işlənib hazırlanmış danışıqlar prosesini, o cümlədən baza prinsiplərini, danışıqların formatını pozmağa yönəlmişdi. Formatın dəyişməz qalması o deməkdir ki, danışıqlar yalnız Azərbaycan ilə Ermənistan arasında aparılırdı, aparılır və aparılacaq. Ermənistan rəhbərliyinin bu məsuliyyəti Dağlıq Qarabağda mövcud olan oyuncaq rejimin üzərinə qoymaq üçün göstərdiyi bütün cəhdlər uğursuz oldu. Beləliklə, əminəm ki, bundan sonra Paşinyandan “Qarabağ Ermənistandır” sözlərini bir daha eşitməyəcəyik. Həmçinin onun belə bəyanatlarını eşitməyəcəyik ki, Azərbaycan danışıqları qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma “rəhbərliyi” ilə aparmalıdır”.

İlham Əliyev “atəşkəs nə qədər davam edəcək” sualına belə cavab verib:

“Hər şey erməni tərəfindən asılı olacaq. Əvvələn, o, atəşkəsə riayət edəcəkmi? Ona görə ki, bu gün səhər və dünən, yəni, bu gecə və səhər mənim aldığım məlumata görə, erməni qüvvələri bir neçə istiqamətdə genişmiqyaslı əks-hücum cəhdləri göstərib, Hadrutu geri almağa, Cəbrayıl rayonunda, şimal istiqamətində bizim azad etdiyimiz əraziləri geri almağa cəhd göstərib. Yəni, onlar Moskvada tərəflərin razılığa gələ biləcəyini başa düşdüklərindən itirdiklərini və onlara məxsus olmayanları maksimum həcmdə özlərinə qaytarmağa çalışıblar. Buna görə də atəşkəs rejiminin möhkəmliyinin əsas amili bu olacaq ki, Ermənistan bu ərazilərin bizdə olması ilə, onun həmin əraziləri bir daha heç vaxt görməyəcəyi ilə barışmalı və bunu hərbi yolla geri almağa heç bir cəhd göstərməməlidir. Mən hesab etmirəm ki, indi Ermənistanda bir inqilab baş verməsi və qatı millətçilərin, radikalların, azərbaycanofobların hakimiyyətə gəlməsi Azərbaycanın xeyrinə olar. Buna görə biz razılaşdırılmış bəyanat çərçivəsində konkret tarixlər göstərilməsini təkid etmədik. Lakin şübhəsiz ki, bu, erməni işğalçı qüvvələrinin bizim ərazilərdən razılaşdırılmış şəkildə çıxarılmasını nəzərdə tutur. Bəyanatda substantiv danışıqlara, yəni baza prinsiplərinə istinad edilir, orada isə hər şey konkret yazılıb: beş rayon nə vaxt azad ediləcək, daha iki rayon nə vaxt azad ediləcək”.

Danışıqların nə vaxt başlanacağına gəlincə, İlham Əliyev deyib ki, hər şey ATƏT-in Minsk Qrupunun fəaliyyətindən, onların iş qrafikindən asılıdır:

“Bizim tərəf dərhal başlamağa hazırdır. Yeri gəlmişkən, deməliyəm ki, bəyanatın mətni ilə əlaqədar Azərbaycan tərəfinin bütün istəkləri nəzərə alınıb. Bəyanatın ilkin variantı tamam fərqli idi. Dünən mən onu görəndə dedim ki, bu, bizim üçün münasib deyil. Sənədi həddən artıq qəlizləşdirmək, ağırlaşdırmaq, danışıqlar prosesinin son mərhələsində müəyyən edilməli olan elementləri oraya inkorporasiya etməyə çalışmaq lazım deyil. Onu maksimum sadələşdirmək lazımdır. Yadımdadır ki, orada olmayanları nəzərə aldıq, danışıqlara dərhal başlamaq bəndinin daxil olunmasını xahiş etdik. Yəni, biz mümkün qədər tez nizamlamada maraqlıyıq. Ona görə ki, nizamlama bizim vətəndaşların, qaçqınların, daxili köçkünlərin öz evlərinə qayıtmalarına imkan verəcək”.

Prezident bildirib ki, Azərbaycan ordusu sona qədər gedəcək:

“Əgər erməni tərəfi atəşkəs rejiminə sadiq olarsa, onda, dünən dediyim kimi, siyasi nizamlama mərhələsi başlanacaq, danışıqlara məcburetmə fazası başa çatacaq. Buna görə biz istənilən halda axıra qədər gedəcəyik. Bizim məqsədimiz dəyişməz qalır. Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi, azərbaycanlıların əvvəlki, ənənəvi yaşadıqları yerlərə, o cümlədən Şuşaya, Dağlıq Qarabağdakı digər yaşayış məntəqələrinə və əlbəttə, keçmiş DQMV-nin inzibati hüdudlarından kənardakı bütün başqa ərazilərə qaytarılması”.

“Bütün bu hadisələrdən sonra Nikol Paşinyanla bir masa arxasına əyləşməyə və ya danışmağa hazırsınızmı” sualına İlham Əliyevin cavabı belə olub:

“Bilirsinizmi, böyük etimad bəsləmədiyin adamla danışmaq çətindir. Mən onun sələfləri, müharibə cinayətkarları hesab etdiyim adamlarla danışıqlar aparmağa məcbur idim. Çünki onlar Xocalıda qanlı soyqırımı törədiblər, onlar Azərbaycanın dinc əhalisini məhv etməkdə, bizim tarixi və mədəni irsimizin dağılmasında təqsirkardırlar. Lakin mən məcbur idim. Ona görə ki, biz bu münaqişənin nizamlanması yolunu tapmalı idik. Ermənistanda yeni iqtidar, yeni rəhbərlik hakimiyyətə gələndə əvvəlcə onlarla əlaqələrimiz çox ümidverici idi. Mən bir dəfə bu barədə danışmışam, təkrarlamaq istəmirəm. Lakin sonra tamam əks hadisələr baş verdi, yəni, biz özümüzü aldadılmış hiss etdik. Biz başa düşürük ki, rəqiblə danışıqlar aparırıq, lakin hətta rəqiblə, düşmənlə də münasibətdə vicdanlı qalmaq, heç olmasa öz qarşısında vicdanlı olmaq, öz sözünə hörmət etmək lazımdır. Bunlar baş verəndə təbii ki, bizim bu mənasız fəaliyyəti davam etdirmək istəyimiz aradan qalxdı. Opponentin hər kəlməsi yalandırsa, onun yalanları dünya KİV-lərində yayılırsa, bütün dünyaya translyasiya edilirsə, onunla nə barədə danışmaq olar? Mən istər ölkə daxilində, istərsə də xüsusən xaricdə heç kəslə bu tonda ünsiyyəti özümə rəva görməmişəm. Lakin Paşinyan bizə 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik. Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi”.

Danışıqlarda Rusiyanın roluna toxunan İlham Əliyev bildirib ki, bu rol xalqlarımızın tarixinə və qarşılıqlı əlaqələrinə, həmçinin Rusiyanın dünyada və əlbəttə, bizim regionda sanbalına və roluna əsaslanır:

“Buna görə, əlbəttə, münaqişənin nizamlanmasına təsir göstərmək üçün Rusiyanın imkanları bu obyektiv səbəblərə görə hər hansı başqa ölkənin imkanları ilə müqayisəyəgəlməz dərəcədə çoxdur. Buna görə biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır. Bu mövzu dəfələrlə müzakirə edilib və sizə deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüşlərimdə bu mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı. Axı, gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir. Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş qalardı. Ermənistana təsir göstərmək üçün daha hansı ölkənin bu qədər vasitələri var? Heç bir ölkənin. Bəlkə də dünyada başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam asılı olsun. Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində Yerevanın ayılması nəzərə alınmaqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini tapmaqdır”.

Ana səhifəSiyasət“Qoy Paşinyan Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi”