Ermənistan tərəfi Dağlıq Qarabağda 1 əsgərinin həlak olduğunu, birinin isə ağır yaralandığını bildirir
Azərbaycan tərəfi:
Azərbaycanın Müdafiə nazirliyi isə bildirir ki, “Silahlı Qüvvələrimizin bölmələri düşmənin növbəti diversiyasının qarşısını alıb”. Həmçinin Müdafiə Nazirliyinin mətbuat xidməti baş verən insidentlə bağlı məlumat yayıb. Məlumatda deyilir, “Fevralın 7-də saat 16.55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub. Dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib”.
Həmçinin Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı birləşmələrinin mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddüyü ehtimal olunur. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Ermənistan tərəfi:
Separatçı Dağlıq Qarabağ rejiminin hərbi komandanlığı əsgər Geram Manukyanın fevralın 8-i, saat 11 radələrində aldığı güllə yarasından keçindiyini xəbər verir. Manukunyan Dağlıq Qarabağın şimalındakı hərbi hissələrdən birində xidmət edirmiş. Separatçı rejimin hərbi komandanlığı həmçinin elə həmin gün saat 12 radələrində Ağdərə istiqamətində digər əsgərinin yaralanması barədə məlumat yayıb. Əsgər Koryun Kirakosyanın ağır güllə yarası aldığı bildirir.