''Qorxurdum işdən çıxararlar, pambığa getdim''

Rəna Rəsulova: “İş zamanı aldığım xəsarətin kompensasiyasını versinlər”

"Pambıq tarlasında yıxıldım, xəsarət aldım. Ancaq mənə kimsə kömək etmədi. Bugünədək özümə gələ bilməmişəm. Ancaq bir nəfər qapımı döyüb, halımı da soruşmayıb".

Ucar rayonu Mirzə Fətəli Axundov küçəsinin sakini Rəna Rəsulova belə deyir. Bildirir ki, onun işi pambıq alağını etmək deyil. Bu işi məcburiyyətdən görür:

"Əks halda, işimi itirmək təhlükəsi vardı. Mən Ucar şəhərindəki 1 saylı Körpələr evində xadimə kimi işləyirdim. İllərdir işləyirdim, amma son dövrlərdə iş yerindən məni hər gün məcburi pambıq tarlalarına alağa göndərirdilər. Etiraz etmək kimi də bir şansım yox idi. Qorxurdum ki, işdən çıxaralar. Məcburi gedirdim".

Rəna Rəsulova

Rəna Rəsulova

Rəna Rəsulova deyir ki, sonuncu dəfə iyulun 23-də gedib tarlaya:

"Həmin gün səhər işə getmişdim. Dedilər ki, bəs adam lazımdır, getməlisən tarlaya. Etiraz etsəm də, faydası olmadı, getdim. Həmin gün 42 dərəcədən çox isti var idi. İnanmayanlar hava haqqında proqnozlardan girib baxa, araşdıra bilərlər. Nə qədər gün vurmuşdusa, başım gicəlləndi, özümü pis hiss etdim. Ürəyim gedib, yıxılmışam. Əlim, ayağım əzilib, çox pis travma almışam. Bunu tarladakılar da, məni ora məcburi işə göndərənlər də yaxşı bilir. Ancaq heç bir kömək etməyiblər".

Rəna Rəsulova şəkər, yüksək təzyiq xəstəliklərindən əziyyət çəkir. Deyir, ümumiyyətlə, ona günün altına çıxmaq olmaz:

"Hələ bir dəfə infarkt da keçirmişəm. Vallah, xəstəyəm, mənə nəinki günün altında pambıq alağı etmək, heç başımı uzunmüddətli aşağı salmaq da olmaz. Bağçada xadiməyəm, düzdür, ancaq bu işi də məcburiyyətdən, dolanmaq üçün görürəm. Nə edim, dolanışıq, çörək üçün edirəm, məcburam. Amma bu, o demək deyil ki, məndən istifadə edib hər işi gördürmək olar. Anlayıram, işçi lazım olub, müdiriyyətə də məcbur ediblər ki, adam göndərin, onlar da məni göndəriblər. Onları o vaxt başa düşmək olar ki, iş zamanı aldığım xəsarətin kompensasiyasını versinlər".

Rəna Rəsulova

Rəna Rəsulova

Rəna Rəsulova günlərdir işləyə bilmədiyini, bu, azmış kimi iynə, dərman, həkimə də kifayət qədər pulunun çıxdığını deyir:

"Mən vəzifədə işləmirdim axı, arxada bir qəpiyim də yox idi. İndi mən o qədər pulu hardan alıb müalicəmə verməliyəm? İşdi, qəzadı olub, barı həkimlə, dərmanla təmin etsinlər, müalicəmi həyata keçirsinlər".

Meydan TV məsələyə münasibət öyrənmək üçün Uçar rayon 1 saylı körpələr evi-uşaq bağçası ilə əlaqə saxlayıb. Bağçadan belə bir halın olmadığı, məlumatın əsassız olduğunu söyləyiblər:

"Heç kim məcbur bir yerə göndərilə bilməz. Yalan və əsassız məlumatdır. Belə bir şey olmayıb".

Bu, pambıq yığımına cəlb edilən büdcə təşkilatı işçiləri ilə bağlı ilk xəbər deyil. Bundan əvvəl Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri də məcburi pambıq yığımına cəlb edildiklərini söyləmişdilər.

Hətta sentyabrın 19-da pambıq yığımından dönən işçiləri daşıyan təcili yardım maşını qəzaya uğramışdı.

Kürdəmirin büdcə təşkilatlarında çalışan texniki işçilər Meydan TV-yə yazaraq onları pambıq yığımı dövründə zorla yığıma apardıqlarını söyləmişdilər. Onlar bunun hər il təkrarlanmasından qorxduqlarını, məcburi əməyə cəlb edildiklərini deyirdilər:

“Kürdəmir xəstəxanasının rəhbərliyi iclas keçirərək işçilərə hamının pambıq yığımına getməsini, getməyənləri işdən qovacağı ilə hədələdi. Məcbur, bütün texniki işçilər pambıq yığımına getməli oldu.
Eyni zamanda, Yenikənd, Atakişi məktəblərinin də texniki işçiləri eyni qayda ilə pambıq yığımına cəlb edildilər. Başqa çarəmiz olmadığı üçün getdik”.

2018-ci ilin iyununda isə Azərbaycanın bəzi bölgələrində pambıq tarlalarında kütləvi zəhərlənmələr oldu.

İlk zəhərlənmə hadisəsi iyunun 10-da Saatlı rayonunun Sımada kəndi ərazisində oldu. Burada 24 nəfər zəhərləndi. İyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər pambıq zəhərlənməsindən xəstəxanaya yerləşdirildi.

Bununla bitmədi, daha sonra iyunun 19-da İmişlinin Aranlı kəndində zəhərlənmə oldu. Rəsmi mənbələr zəhərlənənlərin 80 nəfərə yaxın olduğunu, işçilər isə sayın 500-ə çatdığını deyirdilər.

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin anoloji dövrünə nisbətən 33 min 373 hektar çox idi.

2017-ci ildə isə 136 min 413,2 hektar pambıq əkilmişdi. İqtisadçı-ekspertlər dəfələrlə pambıqçılığın hazırda Azərbaycana xeyir verməyəcəyini, rentabelli olmayacağını, pambıqçılıq sahələrinin genişləndirilməsini otlaq sahələrinin hesabına baş verdiyini, son nəticədə ət istehsalının aşağı düşməsi və ətin qiymətinin artmasına səbəb olduğunu bəyan ediblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1fpb40

Ən çox baxılan