Qonşularla quru sərhədlər: Gürcüstan açıb, Azərbaycan səssizdir

Gürcüstan-Azərbaycan sərhədi. Foto: Ana Flasker/shutterstock

Ölkələr karantini yumşaldır, Azərbaycan isə qadağaları saxlayır”

Azərbaycanın quru sərhədlərini bağlamasının üstündən 2 ildən çox vaxt keçib.
Naxçıvanla İran və Türkiyə quru sərhəddini çıxsaq, qalan bütün sərhədlər qapalıdır və insanlar xaricə yalnız hava yolu ilə gedib-gələ bilirlər.

Pandemiyanın başlanğıcında Azərbaycana qonşu ölkələr də sərhədlərini qapatmışdı. Lakin zaman-zaman əksəriyyəti qapıları insanların üzünə açdı.

Gürcüstan quru yolunu açıb, Azərbaycan səssizdir

Məsələn, 2021-ci il iyunun 1-dən Gürcüstan bütün quru sərhədlərini açıb. Qarşılıqlı gediş-gəlişin olması üçün Azərbaycan tərəf də sərhədini açmalıdır, ancaq açmır.

Azərbaycanın aşağıbüdcəli hava şirkəti olan “Buta Airways” hər gün səhər və axşam Bakı-Tbilisi-Bakı reysini həyata keçirir. Bir istiqamətə olan minimum biletin qiyməti 29 (54 manat) avrodan başlayır və 115 (215 manat) avroyadək qalxır.

Quru sərhəddi açıq olanda avtobusla Bakıdan Tbilisiyə 15 manata getmək mümkün idi. İnsanlar həmin qiymətin yanında hazırki təyyarə biletlərinin sərfəsiz olduğunu düşünürlər.

Azərbaycandan İrana

Eləcə də İrana getmək. Azərbaycan vətəndaşları bu ölkəyə daha çox tibbi xidmət üçün üz tuturdu. Əvvəllər quru sərhədindən İrana keçmək 15-20 manata başa gəlirdisə, indi təyyarə ilə Tehrana getməyin qiyməti 92-150 manat civarındadır.

Azərbaycan-İran. Foto: OnePixelStudio/shutterstock

Naxçıvandan quru sərhədi ilə getmək istənilsə, Bakı-Naxçıvan reysinə 50 manat ödənməlidir. Oradan avtobusla İrana 10-15 manata çatmaq mümkündür. Yenə də qiymət əvvəlkinə baxanda 2-3 qat baha başa gəlir.

Azərbaycana quru sərhədi ilə keçmək istəsəniz…

Azərbaycan vətəndaşı Aytən Ələkbərova martda Gürcüstandan Azərbaycana quru sərhədi ilə keçib. O, martın 10-da Gürcüstandakı Azərbaycan səfirliyinə müraciət edib. Ona iznin 10-14 iş günü ərzində çıxacağı bildirilib.

O, ölkəyə Novruzdan əvvəl getməli olduğunu bildirsə də, qaydanın hamı üçün eyni olduğunu, 10-14 günə cavab gələcəyini bildiriblər:

“7 iş günü keçdi. Fikirləşdim ki, 14 iş günü həddən artıq çox müddətdir. Çünki məncə, proses elə də çətin deyil. Müraciət edirsən, adın Azərbaycana getmək istəyənlərin siyahısına yazılır. Sonra həmin siyahı Azərbaycana göndərilir, orada təsdiqlənib, gəlir. 14 iş gününə cavabın gəlməsi adamda təəssürat yaradır ki, izin kağızı piyada gəlir o qədər yolu. Sanki elektron dünyadan xəbərsizdirlər. Uzağı 3 günə bitəcək prosesi, 14 günədək uzadırlar. Məqsəd nədir, anlamaq çətindir”.

“Niyə 3-5 yox, 10-14 iş günü?”

Aytən Ələkbərova 7 iş günü bitən kimi dözməyib, yenidən Azərbaycan səfirliyinə yollanıb. Müraciət etdiyini, tələsdiyini bildirib və cavabın gəlib-gəlməməsi ilə maraqlanıb. Onu dinləyən işçi içəri keçib, bir müddət sonra gələndə bildirib ki, izin çıxıb: “Hətta sərhədi keçmək üçün lazım olan kod da gəlib. Dedi, siyahı yazılır, bir gün sonra asılacaq. Məncə, cavab tez də gələ bilərdi. Niyə 3-5 yox, 10-14 iş günü? Buna cavab tapa bilmədim”.

60 manata Tbilisidən Bakıya

Quru sərhədini keçərək Azərbaycana getmək Aytənə təxminən 60 manata başa gəlib. Tbilisidəki evindən sərhədə 40 lari (22 manat), oradan Sumqayıta getmək üçünsə hardasa 40 manat xərcləyib:

“Sərhəddə yükdaşıma bölümü işləyirdi. Hətta tək-tək insanlar da keçirdi. Çatanda gürcü polis saxladı, kodumu soruşdu, peyvənd pasportumun olub-olmaması ilə maraqlandı. Hər ikisini göstərib keçdim. Azərbaycan tərəf də məndən peyvənd pasportu və PCR testin cavabını tələb etdi. Göstərdim və keçdim. Proses çox asan və ucuz başa gəldi”.

10 yaşlı Tunar Ələkbərlinin anası Aytən Fərhadova
Source: Aytən Fərhadovanın şəxsi arxivindən

Aytən Ələkbərova 1 həftə sonra Bakıdan Tbilisiyə qayıtmaq istəyəndə yalnız bir seçimi olub: təyyarə. Bir istiqamətə 23 kiloluq baqajla olan biletə 178 manat ödəyib. Bu da gəldiyi qiymətin təxminən 3 qatıdır.

Quru sərhədlərin qapalı saxlanması virusdan qoruyurmu?

Səyahətçi bloger Azər İsmayıl deyir ki, bu gün Azərbaycanın quru sərhədini açmaması üçün hər hansı səbəbi yoxdur.

O bildirir ki, proseslər quru sərhədlərinin qapalı qalması, yaxud açılmasının virusun yayılmasında hər hansı rolunun olmadığını göstərir: “Bu gün Azərbaycana təyyarə ilə gələnlərin hamısından peyvənd olunub-olunmamasından asılı olmayaraq PCR test nəticəsi tələb edilir. Quru yolu ilə keçənlər də eyni qayda ilə gələ bilərlər. İndi hava və quru yolu ilə gəlmənin nə fərqi oldu?”

Gürcüstan misalı

Bloger bildirir ki, Gürcüstan misalından da görünür ki, quru yolunun açılması ölkəyə virusun yayılması baxımından hər hansı problem yaşatmır:

“Gürcüstan ötən il iyunun 1-dən qonşu ölkələrlə quru səhədlərini açıb. Sərhədlərin qarşılıqlı açılmasını Türkiyə, Azərbaycan, Ermənistan və Rusiyaya da təklif edib. Azərbaycan və Rusiya sərhədlərin açılmasından imtina edib, digər iki ölkə ilə gediş-gəliş bərpa olunub. Hətta bu gün Gürcüstan tam dozada peyvənd olan insanlardan ölkəyə giriş zamanı PCR test belə tələb etmir. Türkiyədə də eyni qayda tətbiq edilir. Həmin ölkələrin heç birində virusdan hər gün yüzlərlə insan ölmür”.

“Quru sərhədlərinin açılmamasının siyasi səbəbləri də var”

Azər İsmayıl düşünür ki, Azərbaycanın quru yollarını açmaq istəməməsi insanları ölkədə sıxışdırıb saxlamaqdan başqa bir şey deyil:

“Məncə, bunun siyasi səbəbləri də var. Bu səbəblərdən biri də ölkədən xaricə gedən valyuta axınının qarşısını almaq istəyidir. Çünki müharibədən sonra ölkədə iqtisadi vəziyyət zəifləyib, əlavə xərclər meydana gəlib. Nəzərə alsaq ki, Azərbaycandan Gürcüstan və İrana valyuta axırdı. Çünki insanlar İrana müalicə, Gürcüstana isə həm müalicə, həm də istirahət üçün axın edirdi. Quru sərhədlərini açmamaqla prosesi tənzimləmək istəyirlər”.

“Təhlükəli haldırsa, virus yayılırsa, Naxçıvandakı sərhədlər niyə qapanmır?”

Azər İsmayıl deyir ki, bu gün Naxçıvandan quru yolu ilə İran və Türkiyəyə getmək mümkündür. Üstəlik, nə ölkəni tərk edəndə, nə də gələndə PCR tələb olunur:

Azər İsmayıl

“Naxçıvan da Azərbaycanın bir hissəsidir. Orada bu qayda tətbiq edilirsə və təhlükəsizdirsə, digər sərhədlər niyə açılmır? Yox, təhlükəli haldırsa, virus yayılırsa, o zaman Naxçıvandakı sərhədlər niyə qapanmır? Bir sözlə, proseslər də göstərir ki, Naxçıvanda hər yerin açıq olması, maskadan istifadə qadağasının götürülməsi virusun kəskin yayılmasına səbəb olmayıb. Bu, niyə bütün ölkəyə tətbiq edilmir?”

“İnsanlara təkcə təyyarə seçimi vermək ədalətsizlikdir”

Bloger bu gün həyata keçirilən Bakı-Tbilisi reysindən də danışıb. Deyir, qiymət bahalığı bir yana, təyyarələrin tutumu da çox azdır. Bir təyyarə 106 nəfərlikdir. Yəni sərhəd açılsa belə, hər gün Gürcüstana təyyarə ilə getmək istəyən 106 nəfər tapılacaq:

“Lakin indiki durumda insanlara təkcə təyyarə seçimi vermək ədalətsizlikdir. Eyni zamanda, Gürcütanda bizim soydaşlarımız yaşayır. Onlar Azərbaycana bağlıdır və tez-tez gedib-gəlmək istəyirlər. Onlara problem yaranır. Düşünürəm ki, Gürcüstanla quru sərhədləri mütləq açılmalıdır. Qatar, avtobusun fəaliyyəti bərpa edilməlidir. İnsanlar rahat gedib-gələ bilməlidir. Yox, əgər avtobusu və qatarı təhlükəli hesab edirlərsə, o zaman insanlara şərait yaradılmalıdır ki, heç deyilsə öz şəxsi avtomobilləri ilə gedib-gələ bilsinlər”.

“Ölkələr karantini yumşaldır, Azərbaycanda isə ilk gün qoyulan qadağalar saxlanılır”

Azər İsmayıl deyir ki, bu gün bir çox ölkə karantin qaydalarını ləğv edib, yalnız Azərbaycanda hələ də ilk günkü qadağalar saxlanılır: “Məsələn, artıq Böyük Britaniya peyvənd sertfikatı tələb etmir. Gürcüstanın özündə də ölkəyə girişdən savayı, heç yerdə peyvənd pasportu istənilmir. Yəni peyvənd olunmayan da Gürcüstana yalnız PCR test verməklə gedə bilər. Qazaxıstanda maska məcburiyyəti aradan qaldırılıb. Bircə girişdə PCR tələb edilir. Biz isə pandemiyanın lap əvvəlindəki sərt tələblərdə qalmışıq. Maska taxmaq məcburiyyəti, restoranlarda, kafelərdə, alış-veriş mərkəzlərində pasport tələbi və s. hələ də qalır, insanlardan buster doza tələb edilir”.

İrana getmək istəsək…

Bloger deyir ki, bu gün Azərbaycandan İrana getməyin iki yolu var. Ya Bakıdan Naxçıvana uçub, oradan quru sərhədi ilə keçə bilərsən, ya da “Buta Airways” və İran Hava Yollarının həftədə bir dəfə həyata keçirdiyi reyslərdən istifadə etməlisən. Biletlər bahadır və sürətli tükənir. Çünki iranlılar Azərbaycana gəlməyə meyillidirlər. Elə ona görə də Azərbaycana gələn turistlərin böyük hissəsini təşkil edirlər. Həmçinin İranda xeyli soydaşlarımız var, onlar da tez-tez qohumlarını ziyarət üçün Azərbaycana gəlmək istəyirlər”.

“Quru sərhədlərinin bağlı saxlamasının heç bir məntiqi izahı yoxdur”

İqtisadçı Natiq Cəfərli də düşünür ki, bu gün Azərbaycanın quru sərhədlərini bağlı saxlamasının heç bir məntiqi izahı yoxdur.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

İqtisadçı deyir ki, eyni zamanda, Ukraynadan, Rusiyadan ölkəyə dönmək istəyən Azərbaycan vətəndaşlarının sərhər-keçid məntəqələrindən ölkəyə buraxılmaması da absurddur, qanunsuzdur, Konstitusiyaya və “Vətəndaşlıq haqqında” qanuna ziddir: “Konstitusiyanın 53-cü maddəsinin 3-cü hissəsində deyilir ki, Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun da vətəndaşların tərəfindədir”.

“Operativ Qərargahın verdiyi kağız Konstitusiyadan üstün ola bilməz”

Natiq Cəfərli deyir ki, bu gün Rusiyanın Ukraynaya hücumuna görə Ukraynadan olan milyonlarla insan ev-eşiyini tərk etməyə məcbur qalıb.

Bütün dünya Ukraynanın müharibədən qaçan vətəndaşlarını köçkün kimi qəbul edir, ancaq Azərbaycan Ukraynadan, Rusiyadan gələn öz vətəndaşlarını quru yolu ilə ölkəyə buraxmır:

“Bu, böyük qanun və hüquq pozuntusudur. Belə biabırçılığa teziklə son qoyulmalıdır. Operativ Qərargahın hansısa kağız parçası ölkənin Konstitusiyasından, vətəndaşları qarşısında öhdəlik və vəzifələrindən üstün ola bilməz”.

Nə baş verib?

Koronavirusla bağlı 2020-ci il fevralın sonu İranla, martın əvvəli isə Gürcüstan və Rusiya ilə gediş-gəliş məhdudlaşdırılıb.

Yalnız yük maşınları gedib-gələ bilir. Bir də xüsusi izinlə vətəndaşlar. Məsələn, Gürcüstanda olan Azərbaycan vətəndaşı Azərbaycan Səfirliyinə müraciət edib, günlərlə gözləməklə Azərbaycana quru yolla keçmək izni alır. Dönüş üçünsə birmənalı olaraq təyyarədən istifadə edilməlidir.

İrana getmək üçünsə Azərbaycan vətəndaşı əvvəlcə Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Yalnız xüsusi hallarda izin verilir. Məsələn, müalicəyə gedirsə, xəstəlik sənədini və şəxsiyyətini təsdiq edən sənədləri XİN-ə təqdim edir. 1 həftə ərzində izin çıxır.

Sonra vətəndaş həmin izin kağızını İran Səfirliyinə təqdim edir. Bir həftə də buna görə gözləyir. Bundan sonra isə nəhayət, İrana getmək mümkün olur.

Ana səhifəSiyasətQonşularla quru sərhədlər: Gürcüstan açıb, Azərbaycan səssizdir