Qondarma Dağlıq Qarabağ rejimi növbəti diversiya cəhdinin qarşısının alınması və 1 Ermənistan əsgərinin əsir düşməsi barədə Azərbaycan tərəfinin məlumatını təkzib edir.
Azadlıq Radiosunun Ermənistan xidmətinin yaydığı məlumatda erməni birləşmələri tərəfindən heç bir diversiya hərəkətinə yol verilmədiyi bildirilir.
İyunun 21-də Azərbaycan müdafiə nazirliyinin mətbuat xidməti bundan əvvəl təmas xəttində növbəti diversiyanın qarşısının alınması və 1 Ermənistan hərbçisinin əsir düşməsi barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, iyunun 20-si axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.
Amma Azərbaycan silahlı bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Kəşfiyyat qrupunun bir üzvünün isə ələ keçirildiyi açıqlanıb.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Tərəflər bir-birin tez-tez atəşkəs pozuntusunda və müxtəlif təxribatlarda ittiham edir.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.