Qondarma Qarabağ hakimiyyəti ərzaq alınmasına talon tətbiq edir, amma onları əldə etmək belə müşküldür

shutterstock.com/

“Kavkazski uzel”“JAMnews”-un materialları əsasında

Qondarma Dağlıq Qarabağın sakinləri artıq bir aydan çoxdur ki, təchizatla bağlı ciddi problemlər yaşayır. Səbəb bu bölgəni dünya ilə əlaqələndirən yolu Azərbaycanın mühasirəyə almasıdır. Bölgədən vaxtaşırı infrastrukturun korlanması barədə xəbərlər gəlir: qazın, elektrikin, internetin verilməsi kəsilir.

Yerli hakimiyyət ərzaq qıtlığı ucbatından bölgədə ərzaq talonları tətbiq etməyi qərara alıb, lakin hətta onları çap etmək belə böyük problemə çevrilib – de fakto tanınmamış Dağlıq Qarabağ hakimiyyəti bəyan edib ki, talonların verilməsinin ləngidilmə səbəbi texnikidir – elektrik enerjisi kifayət etmir. Bununla belə, əvvəlki kimi ehtimal olunur ki, yerli sakinlər yanvarın 20-dən talonla alış-veriş edəcəklər. Qarabağda talonla günəbaxan yağı (adambaşına bir litr), makaron, düyü, qənd və qarabaşaq (adambaşına bir kiloqram) paylanacaq. Yerli sakinlər şikayətlənirlər ki, Laçın dəhlizində blokada üzündən ərzaq qıtlığı yarandığından, onlar saatlarla növbədə durmalı olurlar, mağazalardakı ərzaqsa onsuz da hamıya çatmır.

“Bu gün, demək olar ki, bir həftəlik cidd-cəhddən sonra, nəhayət, bir litr süd və 90 qram kəsmik ala bildim. Bəxtim gətirdi ki, mağazaya süd məhsulları gətirilməzdən yarım saat əvvəl gəldim və növbə tuta bildim”, – Stepanakert (Xankəndi) sakini Aşxen Arutyunyan “Kavkazski uzel”in müxbirinə deyib.

Onun sözlərinə görə, bu mağazaya cəmi 10 litr süd və 10 ədəd kəsmik gətirirlər. Onların da hərəsindən yalnız bir ədəd almaq olar. Xama və masunu şəhərdə tapmaq daha asandır, hərçənd bu ərzaqlar da hər yerdə və həmişə olmur.

“Ailəmizdə diabet xəstəsi və hamilə qadın var, odur ki, süd məhsulları bizim üçün zəruridir. Heç də hər kəsin kənddəki qohumlarından bu ərzağı almaq kimi bir imkanı yoxdur. Kəndlilərin özlərinə süd bəs eləmir, axı indi otlaqlardan əli üzüldükləri və təmas xətti dəyişdiyinə görə az adam inək saxlayır – heyvanların digər tərəfə gedib qayıtmaması halları xeyli çoxalıb”, – qadın danışır.         

Sərbəst iş qrafiki olan Raya Marmaryanın ərzaq almağa vaxtı çox gedir, amma o bu zaman kəsiyini əldə edə bilir. “Elə hey düşünürəm ki, iş qrafikindən asılı olanlara ərzaq axtarışına çıxmaq nə qədər çətindir”, – o, “Kavkazski uzel”in müxbirinə söyləyib.

Qadının dediyinə görə, təkcə Asiya mətbəxinə aid ekzotik ərzaqları, məsələn, vasabi sousunu və funçozanı, bir də alkoqolu rahat almaq olar. Digərlərindən fərqli olaraq, rəflərdə spirtli içkilər heç boşalmır. Onun söylədiyinə görə, bəzən bazarda kənd yumurtası satılır – onları növbəsiz almaq mümkündür, amma on ədəd bu cür yumurta mağazadakından üç dəfə baha başa gəlir.

“Allaha şükür ki, çörəklə bağlı problem yoxdur. Süd məhsullarına və yumurtaya ciddi məhdudiyyət var. Sabunu da məhdud sayda verirdilər – adambaşına iki ədəd. Yumurtanın, toyuğun qiyməti dəyişməyib, ət az-maz qalxıb. Bəzi yerlərdə xəşil yarmasını (ənənəvi Qarabağ xörəyi – “Kavkazski uzel”in qeydi) tapmaq olar. Digər yarmalar və makaron məhsullarına artıq çoxdandır ki rast gəlmirəm”, – Raya Marmaryan deyir.

Bundan başqa, bəzi dərmanlara kəskin defisit var. “Kavkazski uzel”in jurnalisti yanvarın 15-i şəhər apteklərini gəzib. Həmin apteklərdə uşaqlar üçün dərmanlar və uşaq qidası olmayıb, antibiotik və ağrıkəsicilərsə lap az qalıb.

Azərbaycanlı fəallar 37 sutkadır ki, Dağlıq Qarabağı ətraf dünya ilə birləşdirən yeganə yolda etiraz aksiyasına davam edir. Ermənistan hakimiyyəti monitorinq keçirməsi və humanitar şərair yaratması üçün qondarma respublikaya BMT missiyasının göndərilməsinə çağırış edib.

Azərbaycan sakinləri, o cümlədən ekoloji fəallar Şuşa şəhəri (erməni adı Şuşi, “Kavkazski uzel”in qeydi) yaxınlığnda etiraz aksiyasına davam edir. Laçın dəhlisi 37 sutkadır ki, mühasirəyə alınmış vəziyyətdədir, – “Report.az” xəbər verib.

Azərbaycanlı fəallar, şaxtalı havaya rəğmən, ötən gecə Azərbaycan, rus və ingilis dillərində şüarlar səsləndiriblər, – APA agentliyi xəbər verir.   

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan BMT-nin Baş katibi Antonio Quterrişlə telefon söhbətində təşkilatın humanitar şərait üçün monitorinq keçirməsi üçün Dağlıq Qarabağa missiya göndərməsinə çağırıb. Mirzoyan qeyd edib ki, Laçın dəhlizinin mühasirəsi üzündən qondarma respublikada böhranlı vəziyyət yaranıb, – News.am bu gün xəbər verib.    

Blokadaya son qoymaq çağırışları dünyanın müxtəlif ölkələrində səsləndirilib, bu mövzuya dünya mediası diqqət ayırır, lakin Laçın dəhlizi (Azərbaycanda onu Laçın yolu adlandırırlar, “Kavkazski uzel”in qeydi) əvvəlkitək bağlıldır. BMT-nin Təhlükəsizlik Şurasında bütün ölkələr DQ blokadasını tənqid edib və dəhlizin açılmasına çağırıb, lakin yekdil qərar almaq mümkün olmayıb. JAMnews-un yazdığı kimi, erməni mediasının diplomatik mənbələri təsdiqləyir ki, bəyanata məhz Rusiya pəl qoyub. O bunun üçün hazır sənədin mətninə korrektivlər daxil etməyi təklif edib. Çünki əmin olub ki, həmin əlavələri digər ölkələr qəbul etməyəcək. “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın deidyinə görə, Rusiya Azərbaycanla birlikdə təkcə konkret məqsədlərlə mühasirə təşkil etməyib, həm də beynəlxalq qrupların adekvat qiymətləndirməsinə maneçilik törədir”, – siyasi şərhçi Osvel Xurşudyan Ermənistanda günü-gündən artan Rusiya narazılığını JAMnews-a belə şərh edib.    

Laçın dəhlizini mühasirəyə alan azərbaycanlı fəallar sülhməramlıların və Qırmızı Xaç Beynəlxalq Komitəsinin (QXBK) maşınlarını buraxırlar. Yanvarın 15-i QXBK əməkdaşları Stepanakertdən (Xankəndidən) Ermənistan xəstəxanalarına 28 xəstə təxliyə ediblər, – “Kavkazski uzel” xəbər verir. Daha əvvəl, dekabrın 25-də Ermənistandan Qarabağa 10 ton humanitar yek, o cümlədən dərman və uşaq qidası gətirlib, – QXBK-dan xəbər veriblər. 

Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində bəyan edib ki, Rusiya sülhmıramlıları kontingentinin maşınları Xankəndinə ərzaq və dərman preparatları daşıyır. Və bundan xəbəri olan Bakı Qarabağın erməni əhalisinin təminat prosesinə heç bir maneçilik törətmir. O, bununla da Azərbaycanın Laçın dəhlizini mühasirəyə almadığını söyləyib. Lakin bəzi azərbaycanlı şərhçilər rusiyalı sülhməramlıların məhz nə daşıdıqları barədə düşünürlər.   

“Əlimizdə Rusiya sülhməramlı kontingentinin avtomobillərinin içində nə olması barədə məlumat yoxdur. Sülhməramlı kontingentin komandanlığı maşında təkcə RSK-nin fəaliyyətinin təminatı üçün materialların olması ilə bağlı yalan danışa bilər. Əgər Ermənistandan Qarabağa gündə ən azı 25 yük maşını gəlirsə, bu, nə təchizat materalıdır ki?

Sülhməramlıların bu maşınlarda Qarabağ separatçıları üçün silah və minalar daşıdığını təsdiqləmək çətindir. Amma bunu təkzib etmək də müşküldür”, – “Atlas” analitik mərkəzinin rəhbəri Elxan Şahinoğlu “JAMNews”-ə müsahibəsində söyləyib.   

Ana səhifəSosialQondarma Qarabağ hakimiyyəti ərzaq alınmasına talon tətbiq edir, amma onları əldə etmək belə müşküldür