Qonaq yanında üz qaraldan Qonaqkənd

”Hər il uçqunlar baş verir, hər uçqundan sonra insan həyatı üçün yoldakı təhlükələr daha da artır”

Source:


”Hər il uçqunlar baş verir, hər uçqundan sonra insan həyatı üçün yoldakı təhlükələr daha da artır”

Qonaqkənd paytaxtdan 122 kilometr aralıda yerləşən Şamaxının kəndlərindən biridir. Məşhur Cabanı yaylasının şimal-şərq ətəyində, Pirsaat çayının orta axınının sağ sahilində yerləşən bu kənddəki ailə təsərrüfatlarının sayı 200-ü ötüb. Rəsmi qeydiyyatdakı əhalinin sayı 1000 nəfər civarındadır. Lakin kənddəki sosial problemlər buradakı əhalinin ilbəil azalmasına səbəb olur.

Kəndlilər Meydan TV-yə problemlərindən danışırlar. Hansı ki, məhz bu problemlər üzündən onlar əsas dolanışıq mənbələri olan heyvandarlıq və əkinçiliklə məşğul ola bilmirlər.

Kəndin çətinliyi işıq, su, qaz, yol və tibb məntəqəsi sarıdandır. Kənd sakini İlqar Mustafayev deyir, ümumi qaz kəməri kəndin iki kilometrliyindən keçib başqa kəndlərə qədər uzanır. İllərdir ki, kəndlilər həmin kəmərdən kəndə də qaz xətti çəkilməsini arzulayır. Ancaq onlara da bəlli olmayan səbəblərdən, kənddə qazlaşdırma işləri aparılmır. İş orasındadır ki, kəndlilər evlərini qızdırmaq üçün alternativ yollardan da istifadə edə bilmirlər:

“Bizim kənddə heç Sovet vaxtından qaz xətti olmayıb. Son 2-3 ildə qonşuluqdakı Qızmeydan, Kürdəmic kəndlərinə qaz xətti çəkildi, biz yaddan çıxdıq. Meşədən bir ağac budağı qırıb gətirsək, qulaqlayıb aparırlar, cərimələyib buraxırlar. Meşədən odun qırmağa icazə vermirlər”.

Qaz, odun olmadığından adamlar qızdırıcı cihazlar qoşmaq məcburiyyətində qalır. Lakin bu da qəzalı kabellərin yüklənməsinə, nəticədə, evlərin tez-tez elektriksiz qalmasına səbəb olur. Kənd sakini davam edir:

“Elektrik şitləri yüklənir, sıradan çıxır. Deyirlər, günah özünüzdədir, xətləri yükləyirsiz, ancaq düşünmürlər ki, bu bədbəxt balaları evi nə ilə qızdırsınlar, yeməyi, çayı neçə isitsinlər? Sən gətir qaz xətti çək ki, biz də elektrik cihazları işlətməyək. Bəs nə edək? Donaq?”

Əsasən qışda adamlar daha çox xəstələnir. Ancaq kənddə tibbi xidmət də yoxdur.  Kənd sakini Əzizə Şükürova deyir, qışın çovğununda uşaqları Şamaxının mərkəzinə aparmaq məcburiyyətindədir. Ancaq çox vaxt yolsuzluq üzündən bu da mümkün olmur. Yayı toz-torpaq, qışı qarla örtülən yollar avtomobillər üçün keçilməz olur:

“Hazırda qar yağıb, kənddən rayon mərkəzinə gedən yol demək olar ki, bağlanıb. Bir az da çovğun üstünə qoysa, kəndin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsiləcək”.

Şamaxı yolundan kəndə burulan torpaq yolun uzunluğu 18 kilometrdir. Bu yolun təqribən 6 kilometrinin üstündə başqa kəndlər də var. Kəndlər bitəndən sonra yerdə qalan 12 kilometrlik yol isə düz Qonaqkəndə aparır. Dağətəyi kəndin yolları bərbaddır və kəndlilər deyirlər, bu yollarda hər il ağır qəzalar baş verir. Kənd sakinləri danışır:

“Hər il uçqunlar baş verir, hər uçqundan sonra insan həyatı üçün yoldakı təhlükələr daha da artır. Kənddə nə qədər gözüyaşlı ailələr var. Yol təhlükəli olduğundan kəndə bir dəfə qonaq gələn ikinci dəfə gəlmir. Qazancımız heyvandan, əkindən çıxır. Ancaq yollar imkan vermir ki, bazara heyvan, əkib becərdiyimiz məhsullarımızı aparaq… Yolsuzluq üzündən kənd təsərrüfatı da inkişaf etmir”.

Kəndə ikinci yol Pirqulu istiqamətindən gəlir. Əslində bu yol kəndə daha yaxın və rahatdır. Lakin qurunt yol olduğundan kəndlilər bu yoldan yalnız yay aylarında istifadə edə bilirlər. Yağışlar başlayandan bu yollar da keçilməz olur:

“Bu yaxınlarda yolun 3 kilometrliyində Pedaqoji Universitetin filialı tikildi. Həmin filialın girişinədək olan yol təmir olundu və asfalt çəkilişi üçün hamarlandı. Düzdür, o iş də çox keyfiyyətsiz görüldü, ancaq hər halda, yol var. Ordan bu tərəfə – bizim kəndə qədər 3 kilometr yol yenə yaddan çıxdı. Hökumət yalnız məktəb binasına qədər olan yolu düzəltdi, yerdə qalan yolu sanki başqa ölkənin hökuməti gəlib çəkməlidir”.

Bir də kəndin su problemi var. Kəndlilər deyir, əkin sahələrini suvarma mövsümlərində yerli su idarələri ilə çarpışırlar. Lakin bu çarpışmalar da nəticə vermir və əksər hallarda əkin sahələri susuzluqdan məhv olur. Hətta ötən yay kəndlilər yığışıb buna görə prezidentə də yazıblar.

Şamaxının İcra Hakimiyyəti isə kəndlilərlə razılaşmır. Qurumdan bildirirlər:

“O kənddə bu yaxınlarda yeni məktəb istifadəyə verildi. Niyə müsbət işlərdən də danışılmır? Kəndin qazlaşdırılması layihəsi gündəmdədir, elektrik kabelləşdirilmə işlərinə az qalıb. Susuzluq təkcə Qonaqkəndin problem deyil. Yay fəslində olur belə hallar. Bununla belə, rayonun aidiyyəti qurumları çalışırlar ki, problemləri vaxtında həll etsinlər, narazılıq olmasın. Bunu kənd sakinləri də bilir”.

Ana səhifəXəbərlərQonaq yanında üz qaraldan Qonaqkənd