Məftun Bayramov qadına məxsus qızıl-zinət əşyalarını mənimsəməkdə də günahlandırılır
Qohumunu seksual zorakılığa məruz qoyaraq 1890 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəməkdə təqsirləndirilən şəxs həbs edilib.
Bu barədə Respublika Prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilir ki, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə edən qohumu, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov onu mütəmadi olaraq zorlayıb. Hadisə 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək müddəti əhatə edir.
G.Məmmədlinin Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 149.1(zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq müəyyən edib ki, M.Bayramov çəkdiyi intim əlaqələrini əks etdirən video görüntü və foto şəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədələyərək G.Məmmədlini şantaj edib, 1890 manat dəyərində qızıl-zinyət əşyalarına sahiblənib. M.Bayramova ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.