”Qohumlar da unudub, hökumət də, arada özüm də özümü unuduram”

Puta qəsəbəsində yaşayan köçkünlər yaşayışlarından gileylidir

Source:


Puta qəsəbəsində yaşayan köçkünlər yaşayışlarından gileylidir

“Bir otağın içində həm çörək yeyirik, həm yuyunuruq, həm yatırıq, həm də yemək bişiririk. Beş nəfər bir otaqda yaşamaqdan bezmişik”.

Laçından olan 47 yaşlı Etibar Əliyev belə deyir. O, Lökbatanın Puta qəsəbəsindəki köhnə Şin Zavodunun yataqxanasında yaşayır. Binanın istismar müddətini çoxdan başa vurduğunu deyən Etibar Əliyev 26 ildir ki, burada yaşayır:

“Elə bil bədbəxtlik çöküb binaya. İşsiz, pensiyaya baxan, xəstə, bəxti gətirməyən kim var, hamısı buraya toplaşıb. Qohumlar da unudub, hökumət də, vallah, arada özüm də özümü unuduram. Bu tökülən binadan başqa çarəmiz qalmayıb. İş də yoxdur ki, səhər gedib, axşam gələsən. Bütün günü bu xarabanın içindəyik”.

Ümumi istifadədə olan otaqlardan yorulmuşuq

Müşviq Zülfiqarov isə 1994-cü ildən burada yaşayır. 24-cü ildir. Laçından məcburi köçkün düşəndən sonra 2 il başqa yerdə qalıblar, sonra isə Putaya gəlməli olublar. Deyir, ümumi mətbəxdən, ayaqyolundan bezib:

“Bir sözlə, dərd var, dərman yox. Görürsüz də yaşayışımızı. Şin Zavodunun yataqxanasıdır. Ümumi istifadədə olan otaqlardan yorulmuşuq. Baxın, hamısı açıq elektrik xətləridir. Yağış yağanda üstünə damır, qığılcımlanır. Bir neçə dəfə yüngülvari yanğın da olub, söndürmüşük. Hər şey cəhənnəm, belə olanda günlərlə işıqsız qalırıq. Usta gəlir, yenə xətti xəttə calayır, düzəlir. Bir müddət sonra yenə eyni dərd başlayır”.

Biz də park, hamam, yaxşı şərait istəyirik

55 yaşlı Sənayə Ağalarova deyir ki, bura 1992-ci ilin mayında köçüb. 26-cı ildir ki, bu yataqxanada yaşayır:

“Ailəmiz 6 nəfərdən ibarətdir. 20 kvadratlıq bir otaqda yaşayırıq. Biz də qonşularımız kimi həmin otaqdan həm hamam, həm mətbəx, həm də yataq otağı kimi istifadə edirik. Şəraitimiz yoxdur. Nə qədər əl gəzdirir, təmir edirik, xeyri yoxdur, otaqlar başımıza tökülür”.



S.Ağalarova sual edir: ”26 ildir belə yerdə kim yaşayar?”

“Uşaqlarımız gedir, gəzir, qəşəng yerlər, şərait görürlər. Gəlib ağlayırlar ki, biz də park istəyirik, hamam, yaxşı şərait istəyirik. Pis olurlar. Şəxsən mənim ürəyim kabab olur belə durumda”.

Ya torpağımızı qaytarsınlar, ya da buralarda bir şərait yaratsınlar

Yaşlı sakinlər deyirlər ki, bir gün belə bir yerdə yaşayacaqlarını desəydilər, kimsə inanmazdı. Hamısı Qarabağda çox yaxşı şəraitlərinin olduğunu söyləyirlər. Öz rayonlarında çalışanlar, 27-28 il iş stajı olanlar köçkünlükdə iş-güc sahibi ola bilməyiblər. İşsizlik, pulsuzluq da illərdir belə bir şəraitdə yaşamalarına səbəb olub:

“Vallah, pulumuz olsaydı, burda nə işimiz vardı? Hökumətdən ev tələb etməz, alardıq. Heç kim belə şəraitdə kefindən yaşamaz. Bura gəldik, işimizdən-gücümüzdən olduq, təzyiq, ürək, şəkər xəstəliyi tapdıq. Hamısı üzülməkdən, çarəsizlikdən… Yollarda o qədər həyəcan keçirdik ki, köçhaköç, qaçhaqaç, daha bezmişik. 26 ildir çöllərdəyik, zarafat deyil. 1992-ci ildən burada yaşayırıq. 30-a yaxın ailəyik. Biz Laçın, Kəlbəcər, Cəbrayıl, Füzulidən olan köçkünlərik. Bezmişik canımızdan, ya bizə torpağımızı alıb qaytarsınlar, ya da buralarda bir çarə tapsınlar”, – Şükufə Əliyeva belə deyir.

Nazirlərimiz, prezidentimiz və onların ailə üzvləri burada bir saat yaşamaz

Ş. Əliyeva deyir ki, yataqxanada heç 30 otaq yoxdur, amma 30-dan çox ailə var. Elə otaqlar var ki, 2 ailə yaşayır. Bu qədər insana bir ayaqyolu və bir mətbəx var. Camaat məcburdur, yeməyi də yatdığı yerdə bişirsin:

“Evdə su qızdırıb, yuyunuruq. Çətindir, biz də bu ölkənin vətəndaşıyıq, biz də digər məcburi köçkünlər kimi evlə təmin olunmaq istəyirik. Nə edək, hara müraciət edək? Günahımız nədir ki, bizimlə maraqlanmırlar? Gərək faciə olsun, gərək nəsə baş versin ki, bizi köçürsünlər? Biz gələndə də bina baxımsız idi. İndi bu qədər vaxtdır insan yaşayır, necə olmalıdır, daha da uçub-tökülüb, baxımsız duruma düşüb”.

Sakinlər köçürülmək üçün dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini deyirlər. Hər dəfəsində “gözləyin”, – cavabını alıblar:

“Nə qədər gözləmək olar? İnanın, gözümüzün kökü saralıb. Bizi uşaq başı aldadan kimi aldadırlar. İllər keçir, ömrümüz çürüyür, biz nə zaman xoş gün görəcəyik? Uşaqlarımız böyüyüb, evlənmək vaxtlarıdır, evləndirə bilmirik. Hara gətirək gəlini? Bu xarabayamı? Yaşlı adamlarıq, biz nə vaxt evdə yaşayacağıq, bilmirəm. Belə görürəm, heç axırı da yoxdur. Ümidlərimiz təmiz tükənib. Vallah, nazirlərimiz, prezidentimiz və onların ailə üzvləri bircə gün demirəm e, heç bir saat da burada yaşaya bilməzlər. Onda bizi niyə bu şəraitə rəva görürlər? 30-dan çox ailədir. Körpəsi, yaşlısı, xəstəsi olan var”, – Sənayə Ağalarova belə deyir.

Dövlət istəsə, bizim evimiz olacaq, istəməsə, yox

Şükufə Ağalarova bir otaqda 2 nəvəsi, oğlu və gəlini ilə birgə yaşayır. Deyir, bu vəziyyət onun üçün çox çətindir. O, kiçik otaqda həm yemək yeyir, həm yatır, həm də yemək hazırlayır:

“Nəvəm bu il hazırlığa gedir. Bu yaxınlarda məcburi köçkünlərə Qobudan verilən evlərdə yaşayan qohumumuzgilə getmişdik. Uşaq qayıtmaq istəmirdi, ağlayırdı ki, nənə, burada qalaq, mən burda yaşamaq istəyirəm. Hamamı görüb, deyir, mən də orada çimmək istəyirəm. Kasıbıq, pensiyaya baxırıq, bizim bundan sonra o cür ev almağa imkanımız yoxdur. Aldığım pul heç dərmanlarımıza çatmır. Dövlət istəsə, bizim evimiz olacaq, istəməsə, yox. Onu da, hanı e, bugünədək sizdən başqa qapımızı döyən olmayıb. Ev vermək istəyən bir xəbər bilməzmi? Bu gün, sabah yataqxana başımıza uçacaq. Onda gələcəklər ki, burda yaşayan varmış ki… Biz yenə ev-eşik görmüşük e, belə yerdə doğulan uşaqlara acıyalar barı”

Yerlilərə, pullulara məcburi köçkünlər üçün tikilən evlərdən verdilər

Laçından olan məcburi köçkün Minə Məmmədova da 26 ildir burada yaşayır. İndi 35 yaşı var, deyir, uşaqlığı, gəncliyi burada keçib:

“İndi siz düşünün də mənim taleyimi, bəxtimi. Burada böyüyən birindən nə gözləyirsiz, bədbin, bir insanam. Elə bir daş düşüb quyuya, qalmışıq burda. Yerlilərə, pullulara, imkanlılara məcburi köçkünlər üçün tikilən evlərdən verdilər. Bilmirik guya, eşidirik, görürük də. Biz qalmışıq kənarda. Elə gün olur gecələr gözümə yuxu getmir. Deyirəm, ilahi, yatarıq, dəhlizdə qığılcımlayan şunurlar alışar, yanar. Şəxsən bu gecə yatmamışam”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Komitədən bildiriblər ki, hazırda Bakı və Bakıətrafı ərazilərdə məcburi köçkünlərin yerləşdirilməsi üçün boş ev yoxdur:

“Ancaq köçkünlərin tam köçürülməsi üçün evlər tikilir. Yaxın illər ərzində bütün yataqxanalarda və yaşayış təyinatı olmayan yerlərdə yaşayan bütün məcburi köçkünlər evlə təmin ediləcək. Sadəcə iş mərhələli şəkildə həyata keçirilir. Hamıya növbə çatacaq”.

Ana səhifəBölgə”Qohumlar da unudub, hökumət də, arada özüm də özümü unuduram”