Qohumlar arasında çəkişmə: “Deyir ki, mən Nərgiz Paşayevanın köməkçisiyəm”

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi

Elxan Babayev məhkəmələrdə süründürüldüyünü deyir

“Həyətdəydik. Bacanağım Bəhram Həsənağa oğlu İsmayılovun 13 yaşlı oğlu Mirağa pirotexnik vasitəni yandırıb dedi ki, Elxan əmi, tut gəldi. Pirotexnik vasitənin biri ayağımın altında partladı. İkincini də yandırdı atdı, sol gözümdə partladı, zərbədən yerə yıxıldım”.

Bunu Meydan TV-yə Bülbülə qəsəbə sakini Elxan Məmməd oğlu Babayev danışır.

Deyir ki, hadisə 2019-cu ildə Yeni il günü baş verib:

“Qayınatamgilə Yeni ili keçirməyə toplaşmışdıq. Bu hadisə arvadımla uşaqlarımın gözü önündə olub. Pirotexnika gözümdə necə partladısa, beynim silkələndi. Məni tez Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə apardılar. Vəziyyətim ağır olduğu üçün iyirmi bir gün orada yatdım. Gözümə qara su gəlir, həmin mayenin bayıra axması üçün həkimlər gözümə drenaj qoyublar”.

Zərərçəkən deyir ki, qohum olduğu üçün Bəhram İsmayılovdan şikayətçi olmayıb.

Qarşı tərəf isə onun müalicə və əməliyyat xərclərində köməklik göstərməkdən imtina ediblər: “Sol gözüm tamamilə kor olub. İki dəfə əməliyyat olunmuşam. Əməliyyatlarda da bu adam mənə kömək etməyib. Təzə vaxtlar xəstəxanaya gəlib-getdi. Sonra da dedi ki, mənim uşağım etməyib. Sən mənə heç nə edə bilməzsən, get sübut elə. Mən də dedim ki, ayıbdır, biz qohumuq. Bu, nə deməkdir? Mənim gözüm çıxıb. Üç uşaqla çıxılmaz vəziyyətdə qalmışam”.

Elxan Babayev. Foto: Meydan TV

Elxan Babayev deyir ki, qohumu ona maddi yardımdan imtina etdikdən sonra ondan polisə şikayət edib:

Bu adam boynundan atandan sonra məcbur olub, polisə müraciət etdim. Polis də işi tam araşdırmadı. Beş dəfə istintaq ləğv olunub, sonra təkrar bərpa olunub. Məhkəmələr də həmçinin şikayətimə obyektiv baxmırlar. Məhkəməyə müraciət etdim ki, mənə dəyən ziyana görə təzminat ödənilsin. Rayon məhkəməsi qərarı mənim xeyrimə verdi. Apelyasiya Məhkəməsi isə qərarı ləğv edib, Bəhram İsmayılovun xeyrinə verib. Dörd ildir ki, məhkəmələrdə haqqımı axtaramağa çalışıram. Ədalət öz yerini tapmır”.

“Bəhram İsmayılovun uşağı gözümü kor qoyub. O, ÜNS teatrında təsərrüfat müdiri işləyir. Bir söz deyən kimi, başlayır ki, mən Nərgiz Paşayevanın köməkçisiyəm, sən mənə heç nə edə bilməzsən. Mən də deyirəm ki, Nərgiz Paşayevanın bu işə nə aidiyyəti var? Bəlkə də, onun baş verənlərdən xəbəri yoxdur”, – deyə Elxan Babayev bildirib.

Elxan Məmmədov deyir ki, gözündən əməliyyat olunmalıdır. Yoxsa, ağırlaşma nəticəsində sağ gözünün də görmə qabiliyyəti zəifləyə bilər:

““Dünyagöz” Xəstəxanasından əlimdə sənədim var. 7800 manata əməliyyat olunmalıyam. Digər bir əməliyyatın da qiyməti 8500 manatdır. Yəni iki əməliyyatdan birini etdirməliyəm. Sağ gözüm də funksiyasını itirməyə başlayıb, olduqca zəif görürəm”.

“Bəhram İsmayılov özü mənə deyib ki, hər yerə pul verəcəyəm, söhbəti bağlayacağam, amma sən elə kor qalacaqsan. Sual verirəm ki, sənin mənimlə nə düşmənçiliyin var? Evinə qonaq çağırmısan, gəlmişəm. Hadisədir, olub, kömək et mənə. Mənim də üç uşağım var. Deyir ki, sübut elə ki, bizim uşaq atıb. Hansı ki onun özü əvvəllər etiraf edib”, – deyə o bildirib.

“Üns” teatrı

Zərərçəkən deyir ki, gözündəki problemlə əlaqədar iş tapmaqda çətinlik çəkir:

Dünyanın düz vaxtı, gözlərim yerində olanda zorla iş tapırdım. Usta işləyirdim. Şikəst adam kimə lazımdır?  Gözümə görə mənə daha ağırlıq qaldırmaq olmaz, toz da olmaz. Üçüncü qrup əlil kimi aldığım pul, mənim heç dərmanıma da bəs etmir. Bu boyda külfət mənim əlimə baxır. Əvvəllər sağlamlığım vardı, işləyirdim. Mən dərdimi kimə deyim? Baş aça bilmirəm, mən nə dərddir düşmüşəm? Hara da gedirəm, şikayət edirəm, baxan yoxdur”.

Ədliyyə Nazirliyindən Meydan TV-nin sorğusu cavablandırılmayıb.

Bəhram İsmayılovla əlaqə saxlamaq mümkün olmayıb.

“ÜNS yaradıcılıq səhnəsi”nə dəfələrlə zəng etsək də, cavab verən olmayıb.

2006-cı ildə yaradılan teatrın “ÜNS yaradıcılıq səhnəsi” layihəsinin müəllifi və rəhbəri professor Nərgiz Paşayevadır. Nərgiz Paşayeva Birinci vitse prezident Mehriban Əliyevanın bacısı, ölkə rəhbəri İlham Əliyevin baldızıdır.

Ana səhifəSosialQohumlar arasında çəkişmə: “Deyir ki, mən Nərgiz Paşayevanın köməkçisiyəm”