Qocaman müxalifətçilər yoxsa yeni nəsil siyasətçilər?

Bu gün Azərbaycanda insanların qarşısına çıxıb söz deyə biləcək və eşidiləcək bir fərd varmı?

Source:

Ukraynada və Türkiyədə baş verən hadisələr bir çoxları kimi məni də ciddi narahat edir. Ona görə yox ki, qədim atalar sözü olan “Pul tapdı, yer tapmadı” ifadəsi bu gün çox aktual olub. Mənim və qohum əqrəbamın evimizdə gizlətməyə çalışdığımız pullar yoxdur. Sadəcə bu cür hadisələrin Azərbaycanda baş verəcəyi təqdirdə hamımızın başı ağrıyacaq, o cümlədən mənim. İstənilən halda vətəndaş cəmiyyətinin, oturuşmuş siyasi partiyaların olmaması həmin ölkələr üçün çox təhlükəlidir. Azərbaycanda isə bunların heç biri yoxdur, ona görə ki, Azərbaycan hakimiyyəti axırıncı 20 il, xüsusilə son 10 ildə ancaq və ancaq oturduğu ağacda budaqları kəsməklə məşğuldur. Yəqin çoxlarınız da məni kimi ən yüksək kürsülərdən fərəh hissi ilə “Azərbaycanda müxalifət yoxdur” yaxud, yaxşı halda, “çox zəifdir” deyildiyinin şahidi olmusunuz. Dəfələrlə deyilsə də bizim başbilənlər anlamaq istəmirlər ki, bu deyimlə ancaq özlərini kiçildirlər. Başa düşmürlər ki, artıq bütün dünya qəbul edib ki, ancaq güclü müxalifət olan yerdə güclü iqtidar olar. Etiraz edə bilərlər ki, biz müsəlman ölkəsiyik, bizdə şərq mədəniyyətidir, SSRİ dağılanda da respublikada adı çəkilən institutlar ümumiyyətlə mövcud deyildi. Bəli, deyildiyi kimidir, ancaq o dövr stabilliyi təmin edəcək ağsaqqallar, ziyalılar dəstəsi var idi. Bunlar əsasən elm və mədəniyyət xadimləri idi. Ən dəhşətli sovet vaxtları belə, o dövr Azərbaycan KP MK rəhbəri Mircəfər Bağırova cavab qaytaran alim Yusif Məmmədəliyev var idi. Mərkəzi Komitənin bürosunda Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti vəzifəsindən kənarlaşdırılan alim Musa Əliyevdən (bu gün xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayevin qayınatası) soruşanda ki, bundan sonra hansı vəzifədə çalışmaq istəyər, sonuncu demişdir: ”Sizdən mənə heç nə lazım deyil” və iclas zalını tərk etmişdir. Son dövrlər isə Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Ziya Bünyadov, Tofiq Bağırov, Məmməd Xələfov və başqaları xalqın qarşısına çıxıb nə isə deyə bilərdilər. Bu gün isə nəinki Prezident, yaxud şöbə müdirləri, hətta sıradan məsləhətçilər AMEA Prezidentini Administrasiyaya çağıranda sonuncu az qala qaça-qaça cənabların hüzuruna gedir. Bu gün Azərbaycanda insanların qarşısına çıxıb söz deyə biləcək və eşidiləcək bir fərd varmı? Yoxdur! Və bunu hakimiyyət bilə-bilə etmişdir. Bu o demək deyil ki, bu gün Azərbaycanda yazıçılar, alimlər, şairlər yoxdur. Əgər hakimiyyət onların bəzilərini çörəklə, bəzilərini balaları ilə sınağa çəkməsəydi bu gün elə şəxsiyyətlərimiz çox olardı. Bu yerdə rəhmətlik Ziya Bünyadovun, ABŞ-dan Bakıya uçan təyyarədə bir akademikin rəhmətlik Heydər Əliyevə dediyi bayağı tərifə, verdiyi reaksiya yadıma düşdü. Yəqin çoxları bilir Heydər Əliyevin sualına Ziya Bünyadovun mədəni dildə desək “yerdə yaltaqlananları çox görmüşəm göydə birinci dəfədir ki, görürəm” cavabını. Məhz hakimiyyətin ziyalılarla bu cür davranışı bu gün çox dəyərli olan ziyalılarımızın sözünün kəsərini öldürdü. Məhz ucdantutma gözdən salma kampaniyasının nəticəsidir ki, bu gün dünyada ən çox oxunan yazıçılardan biri olan, ölkə prezidentlərinin tanışlığına can atdıqları Çingiz Abdullayevi (hələ Anarı və digər mədəniyyət xadimlərini demirəm) də hər yerdən duran çızma-qara sahibi təhqir məqsədi güdən tənqid atəşinə tutur. Bəzən gənc yazarları oxuyanda insana elə gəlir ki, son 100 ildə Azərbaycan mədəniyyəti deyilən bir şey olmayıb. 4 dəfə Parlament seçkilərində iştirak edən birisi kimi deyə bilirəm ki, bir nəfər də olsun xalq arasında (həmişə sözünü deyən, mərd Zeynəb Xanlarova və Quba hadisələrində insanların qarşısına çıxan Vahid Əhmədovdan başqa) söz sahibi olan insan parlamentə buraxılmadı. Əvəzində parlament fəzaillərin, zahidlərin, əhədlərin, siyavuşların meydanına çevrildi.

Sadəcə bir misal çəkim. Keçmiş SSRİ-dən tutmuş, İsrail və ABŞ-a qədər sevilə-sevilə oxunan, Azərbaycanın son 25 illik tarixinə həsr olunmuş ən dəyərli kitabların müəllifi, öz saytına 5 milyondan çox oxucu cəlb etmiş, dünya şöhrətli alim, kitabları ilə Azərbaycan dövlətinin təhlükəsizliyinə xidmət etdiyinə görə MTN tərəfindən Əsgərxanov mükafatına layiq görülmüş, fikir mübadiləsi aparmağımla fəxr duyduğum bir şəxsiyyət (özü icazə vermədiyindən adını çəkmirəm) 75 illik yubileyi ilə əlaqədar 3 il bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olundu. Bir müddət sonra Prezident Administrasiyasından birisi zəng edib təqdim etmə mərasiminə qatılması üçün Prezident Administrasiyasının 7-ci mərtəbəsinə gəlməyi xahiş edir. Bundan bir saat sonra digər işçi zəng edib bildirir ki, mərasim təxirə salınıb. Bu günə qədər həmin şəxs mükafatını almayıb, çünki Ramiz Mehdiyev və Əli Həsənovun qarşısında əyilə bilmir. Həmin şəxsdən bu problemin ictimailəşdirilməsinə icazə istədikdə isə o bildirdi: “Lazım deyil. Bu cənablar bundan kef alırlarsa qoy şənlənsinlər”. Bu hadisə ilə bağlı SSRİ tarixçilərinin qeydə aldıqları Stalinin zarafatlarından biri yadıma düşdü. Stalin Buxarinə zəng edib soruşur: ”Buxarçik işlərin necədir?” Buxarin cavab verir: ”Nə işlər Koba, evimdə axtarış gedir”. Stalin soruşur: ”Nə axtarış, kim aparır, çağır onu telefona”. Telefona NKVD-nin işçisi yaxınlaşıb özünü təqdim edir. Stalin onu ən ağır söyüşlərə qərq edib təcili Buxarinin mənzilini tərk etməsini tələb edir. Sonra dönüb yanında duran, bu səhnənin təşkilatçısı, NKVD naziri Yaqodaya deyir: ”Hələ də deyirlər ki, Stalinin yumor hissi yoxdur”. İndi də mən sizə deyirəm, bəziləriniz hələ də deyirsiniz ki, Ramiz Mehdiyevin başçılıq etdiyi Prezident Administrasiyasının yumor hissi yoxdur. Yumorsuz bildirim ki, adı çəkilən şəxsdən az sonra eyni ordenlə təltif olunan Asim Mollazadə bir həftədən sonra Parlament binasında təmtəraqla mükafatını aldı.

Yuxarıda göstərdiyim hal təsadüfi deyil. Hakimiyyətdəki cənabların siyasi müxalifətin sıralarının seyrəlməsi ilə bağlı siyasi rəqiblərinin sayı azalıb və onlar yeni müxalifətçilər axtarırlar. Əgər belə olmasaydı vəkilliklə məşğul olan, vaxtının əsas hissəsini peşəsinə sərf edən Aslan İsmayılovu vəkillikdən xaric edib, müxalifətçi etməyə çalışmazdılar. Məndən müxalifətçi alınmadığından elə vaxtımı indi məşğul olduğum işə, yəni hakimiyyətin səhvlərini təhlil edən məqalələr yazmaqla məşğulam. “Düşmənləri olmayanda qədim Roma nə edəcək?” sualını verəndə imperator Sulla haqlı imiş.

Bu gün Azərbaycanın siyasi səhnəsində hakimiyyət, ənənəvi müxalifət, hakimiyyətin düzəltmək istədiyi müxalifət və son zamanlar sürətlə səhnəyə çıxan, hakimiyyətdən bu və ya digər formada narazı olan gənclər təşkilatları mövcuddur. Bunların sırasına “NİDA” Vətəndaş Hərəkatını, “REAL” Hərəkatını, “Müsbət dəyişiklik” Gənclər Hərəkatını və digərilərini aid etmək olar. Siyasətdə peşəkar olmasam da, məni narahat edən məhz sonuncularla baş verənlərdir. Hakimiyyət ənənəvi müxalifəti və sonuncuları məhv etməkdə qərarlı olduğundan onlara toxunmuram. Ənənəvi müxalifətin ciddi cəhdlə bu təşkilatları öz sıralarına qatmaq istəməsini isə başa düşmürəm. Bununla onlar yaranmaqda olan yeni nəsil siyasətçilərinin inkişafına mane olurlar. İstər istəməz özlərinin düçar olduğu 20 illik ədavət, qısqanclıq, bəzən düşmənçilik ənənələrinə onları da yoluxdururlar. Hesab edirəm ki, bu səhv addımdır. Bununla yaranmaqda olan yeni qüvvə yerində saymağa başlayacaq və Azərbaycan siyasi səhnəsində olan durğunluq bataqlığa çevriləcəkdir. Ənənəvi müxalifət – AXCP və əgər baş verənlərdən sonra ayaqda durmağı bacarsa Müsavat partiyaları, əksinə öz gənclərini yeni yaranan gənclər təşkilatları ilə əməkdaşlığa sövq etməlidilər. Məhz gənclərin daha mükəmməl təhsilləri, həyata öz yeni baxışları, təklifləri ilə ölkədə yaranmış mənzərəni dəyişə biləcəyi, zənnimcə, heç kimdə şübhə doğurmur. “NİDA” Vətəndaş Hərəkatının 3 illik yubileyində iştirak edən hər kəs bunun şahidi oldu. Bundan başqa, artıq uzun illər müxalifətdə qocalmış siyasi xadimlər öz zəhmləri, ambisiyaları ilə gənclərin fəaliyyət dairəsini daraltmazlar.

Hesab edirəm ki, siyasi baxışlarındakı, məqsədlərindəki fərqlərə baxmayaraq bu gənclər təşkilatları əsas məqsədlərinə çatmaq üçün bir mərkəz yarada bilərlər. Bu mərkəzə Koordinasiya Şurası rəhbərlik edə bilər. Rəhbərliyi isə, gənclərin məndən qat-qat yaxşı bildikləri sosial şəbəkələrdə, açıq səsvermədə ən çox səs toplayan gənclər təşkil edə bilər. Bütün işləri yaxın zamanlarda yaradılacaq təşkilat komitəsi təklif etdiyimdən daha yaxşı həyata keçirə bilər.

Bu təklif heç də gələcək siyasi proseslərdə ənənəvi müxalifətin, Milli Şuranın oynaya biləcək əhəmiyyətli rolunu danmaq deyil. Sadəcə gənclərin daha uğurlu addımlarını gördüyümdən onlara mane olmamaq, özlərini realizə etmək imkanları vermək lazımdır. Hesab edirəm ki, gənclər xaric, bütün həqiqi müxalif qüvvələrin Milli Şurada birləşməsi daha faydalı olardı.

P.S. Yazını yazmaqda məqsədim bu gərgin dövrdə nəyin bahasına olursa olsun hakimiyyəti yıxmaq məqsədi daşımır. Əksinə məqsədim, hakimiyyətin günahı ucundan, yarana biləcək ekstremal şəraitdə ölkədə baş verə biləcək qarşıdurmanın qarşısını ala biləcək, stabillik yarada biləcək güclərin formalaşmasıdır.

Ana səhifəXəbərlərQocaman müxalifətçilər yoxsa yeni nəsil siyasətçilər?