”Qocalar Evi”nin sakinləri: Heç kim çatmır harayımıza

“Elə bil bizi burada tərk ediblər”

Source:
Bilgəhdəki Qocalar evi – arxiv foto
Bilgəhdəki Qocalar evi – arxiv foto


“Elə bil bizi burada tərk ediblər”

“Bizi bu binaya köçürəndən sonra unudublar. Hamımız əlil adamlarıq, işimizi özümüz görə bilmirik. Çoxumuz xəstəyik, həkimə, dərmana, iynəyə, müalicəyə ehtiyacımız var. Bina təmir edib, bizi buraya köçürməklə deyil, gərək normal şərait də yaradasan axı”, – birinci qrup əlil, 51 yaşlı Əfqan Quliyev belə deyir.

O, Bilgəhdəki “Qocalar evi”nin nəzdində tikilmiş və əlillərin istifadəsinə verilmiş binanın sakinidir. Deyir, 2 ildən çoxdur burada yaşayır. Bina var, şərait var, ancaq onlara baxan yoxdur:

“Eləcə bina təmir edib, insanları bura köçürməklə deyil. Gərək sonrası da düşünüləydi. Buradakı insanlar heç özlərinə baxa bilmirlər, qaldı, kiməsə kömək edələr. Bizə həkim, tibb bacısı lazımdır. Bu insanların daimi köməyə ehtiyacı var. Bizə yardım edəcək işçilər ayrılmalıdır. Dəfələrlə yazmağımıza, şikayətlərimizə baxmayaraq, heç bir tədbir görülmür. Bir neçə ay öncə binaya bir nəfər sanitar xanım təyin ediblər. O da həftədə bir dəfə gəlir, təmizlik işlərini görür və gedir. burada daimi qalacaq, bizə kömək edəcək insanlara ehtiyacımız var”.

Ə.Quliyev deyir ki, burada yaşayanların tez-tez halı pisləşir, xəstələnirlər. Həkim olmadığı üçün təcili tibbi yardım çağırmalı olurlar:

“Maşın gələndə zəng edirlər, bəzən yeri izah edirik, ancaq anlamırlar. Bu halda, onları çıxıb qarşılamaq gərəkir, ancaq biz bunu edə bilmirik. Hamımız əlilliyi olan insanlarıq, yola olan məsafə də az deyil. Hansımız qaçıb qarşılayaq həkimi? Elə bil bizi burada tərk ediblər. Heç kim çatmır harayımıza”.

“Azad İstehlakçılar” İctimai Birliyi nəzdində yaradılmış Tibbi müayinə, müalicə, eləcə də profilaktik və bərpa iştirakçı hüquqların müdafiəsi komissiyasının rəhbəri Əhməd Rəhmanov deyir ki, həmin binaya bir neçə gün öncə ağır əməliyyatdan çıxmış Qarabağ qazisini gətiriblər. O da həkim yoxluğundan əziyyət çəkir:

“Yeni əməliyyatdan çıxmış adamdır. Ağrıları olur, iynə vurmaq gərəkir. Tibbi heyət yox, həkim yox, tibb bacısı yox. Bu insan nə etməlidir? Hara müraciət edirik, söz verirlər ki, həll edəcəklər. Ancaq həll edən yoxdur. 2 il müraciət edəndən sonra 1 nəfər təmizlikçi ayırıblar. İndi neçə il daha müraciət etməliyik ki, həkim də göndərələr?”

Ə.Rəhmanov deyir ki, bu insanlar dövlətin balansında olan yerdədilər. Onların heç biri bu binada özbaşına məskunlaşmayıb. Hər birini buraya yerləşdiriblər. Deməli, burada bu qədər əlilliyi olan insanın olmasından xəbərdardılar:

“Ancaq onların təməl ehtiyaclarını ödəmək haqqında düşünmürlər. Tibbi heyət ayrılmalıdır, ayrılmır. Onların içlərində elələri var ki, başqasının köməyi olmadan heç nə edə bilmir. Bu insanlara baxan yoxdur. Həftədə bir dəfə gələn təmizlikçi nə edə bilər? Onlara həkim lazımdır. Məsələn, keçən dəfə biri hamamda yıxılıb, heç biri onu qaldıra bilməyib. Axırda taksiyə zəng ediblər, sürücü gəlib qaldırıb. Bu insanlar özlərinə baxa bilmirlər, sağlıq durumları yerində deyil, onlara həkim, tibb bacısı lazımdır”.

Ə.Quliyevin də köməyə ehtiyacı var. Deyir, otağını yığışdıra bilmir, ağrıları olanda köməyinə gələn olmur:

“Əllərim işləmir. Yer-yığış edə, özümə yemək bişirə bilmirəm. Burada əlil arabasında olan insanlar var. Tualetə belə gedə bilmirlər. Biz, ayağı tutanlar yığışıb onlara çimməyə, tualetə getməyə kömək edirik. Belə olmaz axı. Bu insanları buraya necə yerləşdiriblər, eləcə də onlarla məşğul olsunlar”.

Əlilliyi olan insanların çoxu buraya Mərdəkandakı Müalicə Pansionatından köçürülüb. Bildirirlər ki, əvvəlki pansionatın şəraiti buradan yaxşı olub. Məsələn, həftədə bir dəfə 5 manat verib təmizlikçi tuturmuşlar ki, otaqlarını yığışdırsın. Burada o imkanlar da yoxdur.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Müharibə və Əmək Əlilləri üçün Pansionatla (“Qocalar evi”) əlaqə saxlayıb. Pansionatdan bu barədə nəsə demək səlahiyyətlərinin olmadığını söyləyiblər:

“Bu barədə danışmaq hüququmuz yoxdur. Nazirlik var, zəhmət olmasa suallarınızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlayın”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev isə sualları eşitdi, ancaq münasibət bildirmək istəmədi.

Ana səhifəXəbərlər”Qocalar Evi”nin sakinləri: Heç kim çatmır harayımıza