Məhkəməyə gəlməyən şahidlər barəsində “məcburi gətirilmə” qərarı çıxarılıb
Lənkəran Ağır Cinayətlər Məhkəməsindən gətirilərkən Biləcəri dəmiryol stansiyasında qatardan dustaqlar – “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağamiyə qaçmağa kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin məhkəməsi sentyabrın 26-da davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə şahid qismində Penitensiar Xidmətin Konvoy taborunun əməkdaşı olmuş Firuz Qasımov ifadə verib. O bildirib ki, dustaqların qaçmasıyla heç bir əlaqəsi olmayıb:
“Həmin vaxt pensiyada olmuşam”.
Dindirmədə aydınlaşıb ki, şahid F.Qasımovun dustaqlar qaçan gün növbədə olmuş konvoylarla telefon danışıqları olub, söhbət əsnasında o, “ağsaqqal” sözünü işlədib. F.Qasımov bu məsələ ilə bağlı suala “özümüzdən böyüklərə “ağsaqqal” deyirdik. Başqa heç kimi və ya heç nəyi nəzərdə tutmamışam”, – deyə cavab verib.
Daha sonra hakim Azad Məcidov bildirib ki, Bakı İstintaq Təcridxanasına sorğu göndəriləcək. Çünki iş materiallarına əsasən, Etibar Məmmədov Bakı İstintaq Təcridxanasında saxlandığı zaman Fədayə Laçın və başqa tanışlarıyla dəfələrlə mobil telefonla danışıb: “Araşdıraq görək, o, telefonu necə əldə edib”.
Hakim onu da bildirib ki, məhkəməyə gəlməyən bəzi şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Məhkəmə prosesi oktyabrın 3-nə qədər təxirə salınıb.
Dustaqların qaçmasıyla bağlı cinayət işi üzrə 13 nəfər həbs olunub. Bunlar qaçan dustaqlardan biri Əli Ağami, müğənni Fədayə Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qatarda qarovul rəisi olmuş Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov, “Qoca”ya yardım etmiş daha bir qadın Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. Daha bir nəfər axtarışdadır.
Bundan başqa, Penitensiar Xidmətin konvoy taborunun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov, ümumiyyətlə, ədliyyə orqanlarından, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) maddəsilə ittiham irəli sürülüb. Penitensiar Xidmətin əməkdaşları həm də vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir. Polkovnik B.Abdullayevə mənimsəmə ittihamı da elan olunub.