”Qoca” ilə birlikdə güllələnən şəxsin vəkili: Bunlar məhkəməni nə hesab edir?

Prosesdə müdafiə tərəfi çıxış edib

Source:
Qocanın qaçması
Qocanın qaçması


Prosesdə müdafiə tərəfi çıxış edib

2017-ci ilin oktyabrında Biləcəri stansiyasında qatardan dustaqların qaçmasıyla bağlı məhkəmə prosesi başa çatmaq üzrədir. Prokuror təqsirləndirilən şəxslərə 6 ildən 10 ilə qədər həbs cəzası istəyib. Təqsirləndirilən şəxslərin vəkilləri də noyabrın 26-da müdafiə çıxışlarını yekunlaşdırıblar. Təqsirləndirilən şəxslərin son sözlərindən sonra hökm oxunacaq.

Təqsirləndirilən Anar Əsgərov qaçan dustaqlardan biri – “Qoca” ləqəbli Etibar Məmmədov saxlanılıb, əməliyyat zamanı öldürülərkən onunla birlikdə olub, o da güllələnib. Vəkili Gülşən Salmanova məhkəmədə bildirib ki, əslində, Anar Əsgərov təqsirləndirilən yox, zərərçəkmişdir. Çünki heç bir cinayət törətmədiyi halda, həbs olunub. Polislərə müqavimət göstərmədiyi halda, güllələnib: “Bu adama həbs altından qaçma ittihamı verilib. Bu adam hardan qaçıb ki? Evində oturduğu yerdə dostu zəng eləyib ki, rayona gedək, o da razılaşıb. Maşınla getdiyi yerdə dostu saxlayıb, yük yerindən Etibar Məmmədov düşüb salonda oturub. O adam həmin vaxt neyləyə bilərdi? Polislər məhkəmədə bildirdilər ki, Etibar Məmmədovun saxlanması üçün keçirilən əməliyyatda Anar Əsgərov heç bir müqavimət göstərməyib, dərhal təslim olub. O zaman niyə güllələmisiz onu? Xüsusilə ağır cinayəti bilib xəbər verməməkdə ittiham edirlər. Etibar Məmmədovun adam öldürmə ittihamıyla aylardır məhkəməsi gedirdi, onu kimə xəbər vermək lazım idi? Cinayət işini belə gülünc vəziyyətdə məhkəməyə göndərmək olmaz. Bunlar məhkəməni nə hesab edirlər?”

Dustaqlar qaçdığı gün qatarda qarovul rəisi olmuş Ceyhun Səmədovun vəkili ona qarşı irəli sürülmüş rüşvətalma ittihamının yalan olduğunu bildirib. Deyib ki, C.Səmədovun “Qoca”dan rüşvət alıb, ona qatarda digər dustaqlardan fərqli şərait yaratması barədə ittihamda yazılanlar həqiqətə uyğun deyil. Vəkil bildirib ki, E.Məmmədovla digər dustaqlar arasında mübahisə vardı, C.Səmədov bunu öncədən rəhbərliyə də demişdi. Ona görə də E.Məmmədov ayrıca saxlanılıb.

Məhkəmə dekabrın 3-də davam edəcək.

Dustaqların qaçmasıyla bağlı cinayət işi üzrə 13 nəfər həbs olunub. Bunlar qaçan dustaqlardan biri Əli Ağami, müğənni Fədayə Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qatarda qarovul rəisi olmuş Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov, “Qoca”ya yardım etmiş daha bir qadın Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. Daha bir nəfər axtarışdadır.

Bundan başqa, Penitensiar Xidmətin konvoy taborunun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov, ümumiyyətlə, ədliyyə orqanlarından, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) maddəsilə ittiham irəli sürülüb. Penitensiar Xidmətin əməkdaşları həm də vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir. Polkovnik B.Abdullayevə mənimsəmə ittihamı da elan olunub.

Ana səhifəXəbərlər”Qoca” ilə birlikdə güllələnən şəxsin vəkili: Bunlar məhkəməni nə hesab edir?