Meydan Tv-nin elektron ünvanına Qobustan Qapalı Həbsxanasında kütləvi aclıq aksiyasının keçirildiyi ilə bağlı məlumat daxil olub. Eyyub Əhmədov adlı şəxsin yaydığı məlumata görə, avqustun 3-də, səhər saat 6:00-dan etibarən məhbuslar kütLəvi aclıq aksiyaya başlayıblar. Buna səbəb həbsxanaya yeni təyin olunmuş rəis Fikrət Qafarovun qeyri-qanuni hərəkətləridir: “ Məhbuslar aclıq aksiyası ilə bağlı qanuni şəkildə ədliyyə generalı Mədət Quliyevə ərizə ünvanlayıblar.Buna baxmayaraq, həbsxana rəisi məsələyə öz qorxunc əməlləri ilə yanaşmaqdadır” – deyə, xəbərdə bildirilir.
Penitensiar Xidmətin İctimayətlə Əlaqələr şöbəsindən Meydan Tv-yə bildiriblər ki, aclıq aksiyası haqda məlumat həqiqəti əks etdirmir: “Bununla əlaqədar xidmət rəhbərliyinə heç bir rəsmi müraciət daxil olmayıb.Ədliyyə polkovniki Fikrət Qafarovun həbsxanaya rəis təyin edilməsi ilə bağlı Penitensiar Xidmət tərəfindən artıq ictimaiyyətə məlumat verilib. KİV-ə ötürülən bu cür əsassız məlumatlar isə həbsxananın yeni təyin olunmuş rəisi tərəfindən Daxili İntizam Qaydalarının tələblərinə uyğun həyata keçirilən tədbirlərə rejim qaydalarını pozmağa meylli və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların yaxınları tərəfindən göstərilən reaksiyadır. Penitensiar Xidmət olaraq bildiririk ki, bütün qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq”.