10 saylı cəzaçəkmə müəssisəsində isə məhkum Bədəlov Rahil Zahir oğlu qəflətən ölüb
———————————————————–
Bakı şəhər Prokurorluğu Qobustan həbsxanasında baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb.
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, fevralın 3-də saat 11:30 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qaradağ rayon ərazisində yerləşən həbsxanasında cəza çəkən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2015-ci il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 1975-ci il təvəllüdlü Sübhay İbrahimov həbsxananın korpus üzrə tərtib olunmuş cədvəlinə əsasən çimmək üçün hamam otağına daxil olub və orada yumaq məqsədilə özü ilə gətirdiyi istifadəsində olan mələfəni nəfəsliyə bərkidilmiş dəmir barmaqlıqlara bağlayaraq özünü asıb.
Həbsxananın tibb sanitar hissəsinin və ərazi üzrə çağırılmış təcili tibbi yardım həkimlərinin göstərdiyi ilkin tibbi yardımlara baxmayaraq, məhkum S.İbrahimov vəfat edib.
Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qobustan həbsxanasında intihar hadisəsi olub.
“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü İbrahimov Sübhay Əşrəf oğlu həbsxanada özünü asıb.
Faktla bağlı Qardağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
S.İbrahimov Goranboyun Qaradağlı kəndində 80 və 82 yaşlı ər-arvadı tamah məqsədilə qətlə yetirib. Hadisəni törətdikdən sonra evdəki 30 manat pulu götürərək gedib.
S.İbrahimov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-c-i (qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunub. O, 2015-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Eyni zamanda, fevralın 3-də 10 saylı cəzaçəkmə müəssisəsindəsəhər yoxlaması zamanı məhkum Bədəlov Rahil Zahir oğlu qəflətən dünyasını dəyişib. Penitensiar Xidmətin cəzaçəkmə müəssisində ölüm hadisəsi baş verib. Nazirliyin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya bildirib ki, Bədəlov ürək xəstəliyindən əziyyət çəkirdi.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır