Mənbə: google

''Qlobal Aclıq İndeksi''ndə Azərbaycanın durumu yaxşılaşıb

Bölgələrdə isə “elə gün olur, ac yatıram” - deyənlər var

Oktyabrın 15-də açıqlanan “Qlobal Aclıq İndeksi”ndə Azərbaycan 7,4 balla 29-cu yerdə qərarlaşıb.

Hesabat 117 ölkəni əhatə edir. Bu, sayca açıqlanan 14-cü hesabatdır.

Sənədə görə, Azərbaycanın durumu yaxşılaşıb. 2000-ci ildə 27,5, 2005-ci ildə 17,3, 2010-cu ildə isə 12,1 bal yığıb.

Hesabatdan görünür ki, hazırda Albaniya, Azərbaycan, Monqolustan, Panama və Peru kimi ölkələrdə aclıq həddi aşağıdır. Ancaq 2000-ci ildə ciddi səviyyədə olub.

Azərbaycan qonşusu Rusiyadan geridə, Gürcüstandan öndədir

İndeksi hesablayan zaman bu ölkələrdəki pis qidalanan əhalinin sayı, pis qidalanmaya görə 5 yaşadək uşaqlarda boy, çəki problemi və uşaqlar arasında ölüm göstəriciləri əsas götürülüb.

Qonşu ölkələrə gəlincə, Rusiya 5,8 balla 22-ci, Ermənistan 7,8 balla 30-cu, İran 7,9 balla 31-ci, Gürcüstan isə 9,2 balla 39-cu yeri tutub.

Hesabata salınan 117 ölkədən 43-də aclığın ciddi səviyyədə olduğu bildirilir. 4 ölkə – Çad, Madaqaskar, Yəmən və Zambiyada aclıq yüksək həddədir. Cənubi Afrika Respublikasında isə durum aşırı təşviş yaradan səviyyədədir.

Avropa Birliyi ölkələrində də ərzaq çatışmazlığı problemi var

Yüksək gəlirli ölkələr bu indeksə salınmasalar da, onlarda ərzaq çatışmazlığının dəyişkən, gözardı edilməyəcək səviyyədə olduğu vurğulanır. Ərzaq Çatışmazlığı Şkalası üzə çıxarıb ki, Avropa Birliyində yaşı 15-dək uşaqlı evlərin 18 faizi orta, yaxud kəskin ərzaq çatışmazlığı yaşayır.

Hesabatda Azərbaycanın durumunun yaxşılaşdığı bildirilsə də, son dövrlər Meydan TV-nin bölgələrdən hazırladığı reportajların qəhrəmanları eyni şeyi söyləmirlər. Bu insanların çoxu nəinki ərzaq çatışmazlığından əziyyət çəkir, adicə çörək tapa bilmirlər.

“Uşaqlar oyanıb yemək istəyirlər deyə, səhərin açılmasını istəmirəm”

Yevlaxın Qaraməmmədli kəndindən olan 36 yaşlı Gözəl Məhərrəmova 4 uşaq anasıdır. Deyir, uşaqlar oyanıb yemək istəyirlər deyə, o, səhərin açılmasını istəmir. Heç yerdə işləməyən Gözəl Məhərrəmova evdə 4 uşağı və xəstə qayınatasına baxır. Ailəsinin yeganə gəliri də elə yaşlı qayınatasının 180 manatlıq pensiyasıdır. Nə özü, nə də həyat yoldaşı iş tapa bilir. Nəticədə ayaqqabı, geyim ala bilmədikləri üçün ailə uşaqlarını məktəbə belə yollaya bilmir.

“Elə gün olur ac yatıram”

59 yaşlı Kürdəmir sakini Esmira Əzizova isə deyir ki, elə gün olur, ac yatır. Üzü gəlmir qonşuda yeməyə. Esmira Əzizova da işsizdir, iş tapa bilmir. Üstəlik, xəstədir, pensiya yaşına isə hələ var. Adicə kommunal xərclərini də ödəyə bilmir, qaldı evinə bazarlıq etmək.

“Çörək tapanda suya batırıb yeyirəm”

Şabran Mərkəzi Xəstəxanasında xadimə işləyən Rəsmiyyə Bağırova şəhər mərkəzindən uzaqda, Dəvəçikənd ərazisinə yaxın yerdə tənha yaşayır. Banklara çoxlu borcu olan Rəsmiyyənin 130 manatlıq maaşının 51 manatı tutulur. Qalan 79 manatla isə dolanmağı çətindir. Deyir, bəzən günlərlə ac qalır, çörək tapanda isə suya batırıb yeyir.

“Çörək nədir ki, uşaqlarım bəzən ondan ötrü ağlayırlar”

Ucarın Rəstəcə kəndinin sakini Aybəniz Cahangirova illər öncə iş yerindən ixtisara düşüb. Hazırda iş tapa bilmir. Deyir, həyat yoldaşı gündəlik 3 manata işləyir. Kirayə pulları ayda 70 manatdır. Güclə toplayırlar. 4 uşaqları var, çox çətinliklə məktəbə göndərə bilirlər. Aybəniz Cahangirova deyir ki, çörək nədir, uşaqları bəzən ondan ötrü ağlayırlar.

“Yarım çörəyi 3 uşaq arasında bölürəm”

‘’Elə gün olur yarım çörəyi 3 uşaq arasında bölürəm’’, - bu sözləri isə Xaçmazın Dağıstan küçəsində yaşayan Leyla Novruzəliyeva deyir. Leyla iki il əvvəl həyat yoldaşından ayrılıb. Üç azyaşlı övladı ilə getməyə yeri olmadığından elə keçmiş qaynanası və keçmiş ərinin yaşadığı mənzildə ona ayırdıqları bir otağa sığınıb. Lakin qadının sosial durumu olduqca ağırdır. Deyir, 8 yaşlı Xanoğlan, 6 yaşlı Nicat və 4 yaşlı Nihad çoxdandır ki, isti yeməyin, ətin, meyvənin dadını unudub. Ana onları yavan çörək və su ilə dolandırır. Çünki aldığı alimentlə ünvanlı sosial yardımı üst-üstə qoyub ağır böyrək xəstəsi olan və bu yaxınlarda əməliyyatdan çıxan 4 yaşlı Nicatın dərmanlarına xərcləyir.

Açıqlanan sayca 14-cü hesabatı “Concern Worldwide” və “Welthungerhilfe” təşkilatları birlikdə hazırlayıb. Məqsəd qlobal, regional və ölkələr səviyyəsində yoxsulluğu izləmək və səviyyəsini ölçməkdir. İndeks həm də aclıqla bağlı maarifləndirməni artırmaq, onunla mübarizəni gücləndirməyə töhfə verməyi hədəfləyir.

ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli isə deyir ki, adətən belə hesabatlar birmənalı olaraq hökumətin açıqladığı rəqəmlərə əsasən tərtib edilir. Alternativ hesablayıcılar olmadığından, şübhə doğurur, inandırıcı deyil: “Çünki hesabat hökumətin təqdim etdiyi rəsmi rəqəmlər əsasında hazırlanır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vq6x6u

Ən çox baxılan