Qlamurlaşma bizi hara aparır?

Azərbaycanın “Laləli dövrü”

Source:

Mütərəqqi və amansız Qərb dövlətləri geridə qalmış və zəifləmiş müsəlman Şərqini əzərək, onun ərazisini addım-addım qəsb etdiyi bir zamanda müsəlman dünyasının islamsevər və vətənsevər ziyalı insanları öz cəmiyyətlərinin geriliyinin səbəbləri üzərində düşünməyə, tapdıqları səbəbləri cəmiyyətə məqalə və kitablarında izhar etməyə başladılar.

Məhz həmin dövrdə, yəni Qərbin müsəlman Şərqini müstəmləkəyə çevirdiyi bir dövrdə Şərqin Mirzə Fətəli Axundzadə, Cəmaləddin əl-Əfğani, Namiq Kamal, Muhamməd Abdo, Qasim Əmin və s. kimi ədibləri və mütəfəkkirləri Şərqin ümumi mərəzi və onun müalicəsi barədə ürək yanğısı ilə yazıb müsəlman ümmətinə çağırışlarını etdilər.

Bəs, müsəlman Şərqinin siyasi başçıları nə edirdilər? Hərəsi bir cür siyasət yürüdürdü.

XVIII əsrin əvvəlində Osmanlı sultanı III Əhməd öz padşahlığını zəngin və dəbdəbəli sarayların və qəsrlərin tikintisinə, bağların və güllüklərin salınmasına həsr etdi. Onun padşahığı sultanın hədsiz sevdiyi lalə gülünün adı ilə “Lalə dövrü” kimi tarixə düşüb. Qərbin səfirləri gəlib sultanın sədri-əzəminə hansısa vacib siyasi məsələnin həllini təklif etdikdə, böyük vəzir onlara sultan üçün Avropadan nadir bir gül soğanının tapılması xahişini edirdi.

Sultanın sevimli məşğələsi şair və mütrüflərlə keçirilən kef məclisləri, rəngli ipək yelkənli gəmilərdə boğazlarda üzüb İstanbula tamaşa etmək idi. Osmanlı dövlətini Avropa ölkələri addım-addım Şərqi Avropadan və Balkanlardan sıxışdırıb çıxarır, ölkənin hərb və sənaye sahəsində geriliyi artır, sultan isə nadir lalələrə baxıb, həzz alırdı.

XIX əsrin əvvəlində Misiri silkələmiş Napoleon Bonapart təcavüzündən sonra hakimiyyəti ələ almış məmlük Məhəmməd Əli ölkəni sərt tərzdə təmərküzləşdirdi, Qərbə “təcrübə mübadiləsi” məqsədilə nümayəndələr göndərdi, qasidlərinin hesabatlarını diqqətlə öyrənib Misir ordusunu və donanmasını yeni əsaslarda quraraq onları Aralıq dənizi hövzəsində mühüm hərbi-siyasi amilə çevirdi, Avropadan avadanlıq, texnologiya və mütəxəssislər gətirib, öz ölkəsində müasir sənayenin əsaslarını qoydu.

Bir hakimin ömrü kifayət etdi ki, Misir hətta siyasi cəhətdən tərkibində sayıldığı Osmanlı imperiyasından daha qüdrətli dövlətə çevrilsin.

Sonra nə oldu? Məhəmməd Əlinin övladları dədələrinin sayəsində Avropa həyat tərzi ilə tanış oldular, ayaqlarını Avropa kral və imperatorları ilə eyni qədər uzatmağa başladılar. Yəni saraylarına Paris, Vyana və London imperator saraylarının dəbdəbəsini, həyat tərzini calamağa cəhd etdilər. Misirin xedivi Qahirədə opera teatrı tikdi və Cuzeppe Verdinin “Aida” operası ilk dəfə tamaşaya məhz Qahirə operasında qoyuldu.

Belə təmtəraqlı həyat tərzinə pul çatmayanda, xediv Qərb dövlətlərindən borc almağa başladı. Onlar böyük məmnuniyyətlə Misirin xedivinə Yeni Həyat üçün borc pul verdilər. Bir verdilər, iki verdilər, sonra gəlib dedilər ki, borcu qaytarmaq vaxtıdır. Xediv dedi: “pulum yoxdur.” Qərb diplomatları dedilər ki, “siz dövlət işlərinizi düzgün idarə etmirsiniz və israfa yol verirsiniz. Biz sizin hər nazirliyə bir müfəttiş qoyacağıq, onun təsdiq imzası olmadan sizin ölkədə bir qəpik belə xərclənməyəcək.”

Xediv naçar qalıb razılaşdı və həmin dövrdən ta 1952-ci il “Azad zabitlər”in hərbi inqilabına qədər Misir İngiltərənin müstəmləkəsi kimi qaldı. Misir xedivlərinin Avropasayaq qlamur həyat tərzi şakəri ölkəyə çox baha başa gəldi.

XIX əsrin sonunda Osmanlı sultanları da eyni yolu seçdilər, Qərbin borc tələsinə düşüb maliyyə asılılığı ucbatından öz siyasi müstəqilliklərini itirməyə başladılar. Osmanlı səltənəti Qərbin zinət əşyalarını, maşın və avadanlığını alır, lakin gəlir gətirib borcu qaytara biləcək heç bir müasir sənaye qura bilmirdi. Nəticə hər kəsə bəllidir: dövlət çökdü və dağıldı.

XX əsrdə müsəlman dövlətləri keçmişdən ibrət götürdülərmi? Neft və qaz sayəsində müsəlman dövlətlərinə hədsiz sərvət axıb gəldi. Bu sərvəti müsəlman hakimləri necə xərclədilər? Hansı elm və texnologiya sahəsində müsəlman dövlətləri rəqabətə davamlı məhsul istehsal edə bildilər? Neft əmirlərinin və məliklərinin dəbdəbəli sarayları, analoqsuz məscidləri, yol və körpüləri, hava limanları, stadionları və mərmər universitet binaları hansı elmi və ictimai tərəqqidən xəbər verir?

XXI əsrin əvvəlidir. Dünyada sayları 14 milyona çatan yəhudi 70 Nobel mükafatı almış yəhudi alimi və ədibi ilə fəxr edir. 1,5 milyard müsəlman cəmi 4 Nobel mükafatı laureatı ilə öyünə bilər. Pakistanlı fizik Əbdü-s-Səlam və misirli kimyaçı Əhməd Zuveyl öz mükafata layiq elmi işlərini Qərbin elmi mərkəzlərində görmüşlər. Özümüzü aldatmayaq, iki Nobel mükafatı almış ədibimizə Qərb mükafatı onların şübhəsiz böyük istedadlarına görə deyil, misirli Nəcib Məhfuzun ərəblərə İsraili tanımaq çağırışına görə, türk Orxan Pamuka isə “erməni soyqırımını tanımaq” dəvətinə görə verib.

Müsəlman Şərqi Qərb məhsullarının istehlakçısı olaraq qalır və bütün ciddi siyasi-iqtisadi məsələlərdə Qərbdən tam asılıdır. Müsəlman dünyasının məlikləri, əmirləri, prezidentləri və baş nazirləri qanuna və mərifətə deyil, hökmranlığa və sərvətə önəm verirlər.

Müstəqil Azərbaycana sovet dövründən elm, təhsil, istehsal müəssisələri, ixtisaslı mühəndis və fəhlələr qalmşdı. Moskvanın nəzarətindən qurtulmuş rəhbərlərimiz hansı siyasəti yürütdülər?

Sənaye müəssisələrinin tam əksəriyyəti məhv edildi. Kənd təsərrüfatı məhsullarının istehsalı hər sahədə on dəfə azaldı. Mühəndis və fəhlələr küçəyə atıldı. Azərbaycan xarici malların istehlakçısına çevrildi.

Elm sıfra endirildi. Elm görüntüsü var, elm yoxdur. Niyə yoxdur? Neft və qaz satışı, total korrupsiya sisteminin qurulması, cəmiyyətin əzilib susdurulması elm tələb etmir. Tələb yoxdursa, təklif də yoxa çıxır.

Əvəzində nə görürük? Qərbin könlünü oxşaya biləcək “Lalə dövrü”nü təkrarlamaq cəhdlərini. Guya Qərbə oxşamaq, guya Qərbi təqlid etmək üçün hədsiz israfçılıq, mənasız və gülünc beynəlxalq tədbirlər, köhnə divarların qaşınması, gözlərə kül üfürən “İkinci Dubay” quraşdırılması cəhdləri.

Belə cəhdlərin ən biabırçısı “Xəzər adaları” layihəsi sayılmalıdır. Əyalət mədəniyyətli və təfəkkürlü məxluqatı dövlətin pul kisəsinə yaxın buraxdıqda onların qabiliyyəti yalnız belə məsxərəyə qoyulası layihələrə çatar. Ölkəmizdə gerçəkləşən əksər layihələr heç də bu Manilov layihəsindən üstün deyil.

Nə etməli? Azərbaycanda və islam dünyasında savadlı, yetkin və məsuliyyətli vətəndaş yetişməyincə, bizlər daima belə miskin tale yaşayacağıq.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəXəbərlərQlamurlaşma bizi hara aparır?